Donuz qripi haqda bilməli olduğumuz vacib şərtlər – Mütləq oxuyun



Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının ölkəmizdə donuz qripinin qeydə alınması ilə bağlı açıqlamasından sonra bir sual yenidən gündəmə gəldi: Donuz qripi nədir və bu virusdan qorunmağın yolları necədir?

Teleqraf.com bu sual ətrafında yazını təqdim edir.

Son illərin ən ciddi epidemiyası

2009-cu ilin mart ayında Meksikada kütləvi epidemiyaya çevrilməklə aşkarlanan xəstəlik donuzlarda təsadüf edilən qrip virusunun genetik dəyişikliklə insana keçməsi səbəb ilə “donuz qripi” adlandırıldı.

Virus 2009-cu ilin martından sonra Latın Amerikası, daha sonra bütün dünyaya yayıldı.

Donuz qripi nədir?

Bu, H1N1 tipli virusdan əmələ gələn, insanlara yoluxan xəstəlikdir. O, donuzlar arasında rast gəlinən qrip viruslarına çox bənzəyir. Əslində bu yeni virus insan və donuz viruslarının qarışığıdır.

Donuz qripinin mövsümi qriplə paralel yayıldığı ehtimal olunur. Viruslar insandan-insana öskürmə və asqırma yolu ilə keçir. Qrip virusu olan yerə toxunduqdan sonra əllər ağız və buruna aparıldıqda da xəstəliyə yoluxmaq mümkündür.

Donuz qripinin əlamətləri

Donuz qripinin əlamətləri normal qripinkinə bənzəyir. Bunlara qızdırma, öskürək, boğazın, bədənin, başın ağrıması, üşümə və yorğunluq aiddir. Bəzi hallarda qusma və ishal da ola bilər.

Xəstəlik bu əlamətlərin başlamasından bir gün öncə və sonrakı 7 gün ərzində yoluxucudur.

Qapının dəstəyi, stol, stəkan və başqa bu kimi əşyalarda virus 2-8 saat canlı qalır. Bu yerlərin tez-tez təmizlənməsi və əllərin yuyulması yoluxma riskini azaldır.

Ev əşyalarının təmizliyində nələrə diqqət etmək lazımdır?

Qrip virusunun yayılmasının qarşısını almaq üçün istifadə etdiyimiz əşya və olduğumuz yerləri yuyucu tozlarla təmizləmək məsləhətdir.

Bundan başqa, xlor və spirt kimi kimyəvi maddələr də təsirlidir.

Xəstələrə aid mələfə, paltar, dəsmal və qabların ayrıca yuyulmasına ehtiyac yoxdur. Amma bu əşyalar yuyulmamış istifadə olunmamalıdır.

Xəstələrdə təcili müdaxilə tələb edən əlamətlərə aşağıdakılardır:

- Zorla nəfəs almaq və ya nəfəs vermək

- Şüurun itməsi

- Tez-tez və uzun sürən qusma

Uşaqlarda təcili müdaxilə olunmalı əlamətləri də qeyd edək:

- Sürətli və ya zorla nəfəs alma

- Bədəndə solğunluq və göyərmə

- İştahasızlıq

- Xəbərdarlıqlara cavabda zəiflik və yuxuya meylilik

- Narahatlıq

- Qızdırma ilə bərabər səpki görünməsi

Donuz qripi diaqnozu

Diaqnoz PCR üsulu ilə qoyulur. Test bu sahədə inkişaf etmiş laboratoriyalarda aparılır.

Bəs donuz qripini müalicə edən dərmanlar varmı?

Donuz qripinin müalicəsi və bu xəstəlikdən qorunmaq üçün həkimin yaza biləcəyi dərmanlar var. Həkim məsləhət görmədikdə həmin dərmanlardan reseptsiz istifadə qəti yolverilməzdir.

Donuz qripindən özümüzü necə qoruya bilərik?

- Öskürmə və asqırma zamanı ağzınızı və burnunuzu dəsmalla örtün. Dəsmalı istifadə etdikdən sonra zibil qutusuna atın.

- Öskürdükdən və asqırdıqdan sonra əllərinizi bol sabun və ya su ilə yuyun. Spirt tərkibli maye sabunlar daha təsirlidir.

- Kirli əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

- Donuz qripinə tutulsanız, əlamətlərin başlanmasından 7 gün sonraya və əlamətlərin tam keçməsindən bir gün ötənə qədər istirahət edin.

- Xəstəliyi yoluxdurmamaq üçün ətrafınızda olan insanlardan uzaq durun.

- Olduğunuz məkanın havasını tez-tez dəyişin.

Tarix: 2-02-2019, 21:46
Xəbəri paylaş





Xəbər lenti