"Heç kəs sizə irad tuta bilməz"
"DYP əməkdaşını iş başında videoya çəkənlərlə bağlı bir məlumat yayılmışdı

İlk variantda bu sadəcə xəbərdarlıq kimi idi ki, bu üsulla DYP əməkdaşlarına mane olmayın, məsuliyyətdən yayınmaya çalışmayın və s. İndi baxıram, bəziləri bir az qabağa gedib yazırlar ki, guya buna görə cərimə də var. Mediadan da bununla bağlı sual verənlər var...".

Bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, bu barədə dəfələrlə açıqlama verib:

"Qısaca deyim ki, DYP əməkdaşı saxlayarkən onu və baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil, buna görə heç bir cərimə də nəzərdə tutulmur. Əsas odur ki, intizamlı olun, qaydaları pozmayın, polis işçisinin forma və məzmunca qanuni fəaliyyətinə mane olmayın, yenə də forma və məzmunca qanuni göstərişlərini icra edin... Çəkilişə görə heç kəs sizə irad tuta bilməz, tutsa da, bu qanunsuzdur".

Ekspert bildirib ki, rəsmi şəxslər bunun tam əksini təbliğ etsələr, yəni sürücüləri videoqeydiyyatçıdan geniş istifadəyə səsləsələr, daha yaxşı olar:

"Şəffaflaşmaq lazımdır, şəffaflıqdan qorxmaq yox.

Əvvala, YPX haqqında Təlimatda var ki, hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan mikrafon olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır. Deməli, qanunvericilik özü maksimal şəffaflıq tələb edir.

İkincisi, dünyanın bəzi ölkələrində artıq rəsmilər tərəfindən belə fikir səslənir ki, videoqeydiyyatçı avtomobillrin məcburi təchizat avadanlığına çevrilsin, yəni zavoddan bütün avtomobillərə videoqeydiyyatçı qoyulsun. Bu, ilk növbədə polisə və digər hüquq-mühafizə orqanlarına lazımdır ki, mümkün hüquqi məsələləri həmin videogörüntü əsasında daha tez, çoxlu istintaq və prosessusl hərəkətlər icra etmədən və ən başlıcası daha dəqiq həll etmək olsun.

Ücüncüsü də ki, bu videolar ictiami nəzarətdir, əməkdaşın peşəkarlığını qiymətləndirməkdə gözəl üsuldur. Xeyli hallarda elə şikayət edən sürücünün özünün təqdim etdiyi videogörüntülər əsasında onun qayda pozub-pozmadığını da rahatca aydınlaşdırmaq olur. Qayda pozanlara həm də səhvlərini izah etmək olar.

Belə olan halda "Videoqeydiyyatçını yığışdırın!" yox, "Videoqeydiyyatçıdan geniş istifadə edin!" demək lazımdır. Məncə, XXI əsrin ikinci onilliyinin sonunda şəffaflaşmaqdan yaxşı şey yoxdur...".