Paşinyandan “Qarabağ klanı”na SON ZƏRBƏ


Paşinyandan “Qarabağ klanı”na SON ZƏRBƏ

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 1 mart hadisələrini araşdıran Xüsusi İstintaq Komissiyasına çağırılıb. 

O, 1 mart hadisələri ilə bağlı şahid qismində dindirilib. "Aykakan jamanak" qəzeti yazır ki, o, komissiyada 5 saat ərzində dindirilib.Onun yaxın zamanda təkrar dindiriləcəyi bildirilib.Komissiya xəbəri şərh verməkdən imtina edib.Xatırladaq ki, Sarkisyan 2008-ci ildə Ermənistan prezidenti seçilib.Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət seçkinin nəticəsini məhkəmədə mübahisələndirib.Böyük şəhərlərdə 1-2 martda kütləvi etiraz aksiyaları keçirilib və 10 nəfər həlak olub.

Bu hadisələr görə artıq Ermənistanın keçmiş prezidenti Robert Köçəryan istintaqa cəlb edilib və onun barəsində həbs qərarı verilib.Köçəryanla bağlı istintaq davam edir və məhkəmə onun həbs müddətində uzadır.Son məlumatdan sonra Sarkisyanın da həbs olunması məsələsi gündəmə gəlib.Ekspertlər Sarkisyanın da cəzalandırılmasının vacib olduğunu vurğulayır. Hesab olunur ki, “Qarabağ klanı”nı zərərsizləşdirmək, Köçəryan və Sarkisyanı siyasi səhnədən uzaqlaşdırmaq Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab verir.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində Sarkisyanın da həbs olunacağını istisna etməyib. E.Manafov hesab edir ki, Paşinyan Sarkisyanın həbs etməklə həm də seçicilərə verdiyi sözü tutmuş olacaq: 

“Sarkisyanın istintaq tərəfindən dindirilməsi göstərir ki, perspektivdə onun da həbs olunmaq ehtimalı var. Çünki həmin hadisələr baş verən zaman Sarkisyan da iqtidarda idi. Bu hadisələrə görə hüquqi məsuliyyət daşıyan Köçəryanla birlikdə Sarkisyandır.Digər tərəfdən nəzərə almaq lazımdır ki, Sarkisyan sonuncu seçkilərdə indiki iqtidarda əsas rəqib olan, ancaq seçicilərin səsini və rəğbətini qazana bilməyən Respublikaçılar Partiyasının sədridir. Bununla yanaşı ölkənin əvvəlki prezidenti, baş naziri olub və “Qarabağ klanı”nın liderlərindən biridir. Bu mənada klanı təmsil edən, əslində Ermənistanda ictimai-siyasi həyata, güc strukturlarına müəyyən mənada təsir etmək imkanı olan Sarkisyanın siyasi səhnədən uzaqlaşdırılması Paşinyanın və təmsil etdiyi gücün maraqlarına cavab verir.Sarkisyanın həm də xarici bank hesablarında milyonlarla vəsaiti, varidatı var. Böyük siyasətdə isə böyük pullar ən böyük, qlobal problemləri həll edir.Təbii ki, bu cür varidata malik olan və Paşinyana ən real müxalifət olan Sarkisyanın bu mənada da zərərsizləşdirilməsi Paşinyanın maraqlarına cavab verir.Digər tərəfdən Paşinyan Sarkisyanın həbsini vəd etmişdi.Paşinyan hakimiyyətə gəlişi ərəfəsində, seçkiqabağı kampaniyada, mitinqlərin gedişində Sarkisyan hakimiyyətini korrupsiyada ittiham edirdi.Sarkisyanın həbsi isə korrupsiya şəbəkəsinin liderinin həbsi kimi xarakterizə olunarsa, bu Paşinyanın xalqın rəğbətini qazanması üçün atdığı populist addım olacaq.Paşinyan bütün bu faktorları nəzərə alır”.

Elşən Manafovun sözlərinə görə, Paşinyan Sarkisyanı həbs etmək üçün həm də Rusiyanın maraqlarını nəzərə almaq məcburiyyətindədir: 

“Reallıq odur ki, istər Köçəryan, istərsə də Sarkisyan bu gün də Rusiyanın siyasi elitası ilə müəyyən mənada təmasda olan siyasi liderlərdir. Ötən həftə Paşinyanın Putin tərəfindən qəbul olunmaması və “Qazprom”un Ermənistana satdığı qazın tarif qiymətlərini qaldırması göstərir ki, Qarabağ klanına qarşı hazırkı Ermənistan iqtidarının atdığı addımlar Rusiyanı məmnun etmir. Hesab edirəm ki, Sarkisyanla bağlı son qərarı vermək üçün Paşinyan Moskvanın da mövqeyini nəzərə almaq məcburiyyətində qalacaq.Yuxarıda sadalanan korrupsiya, Sarkisyanın böyük varidata sahib olması, real müxalif qüvvə olması və digər faktorlar Paşinyanın əleyhinədir.Bütün bunları nəzərə alsaq, Paşinyanın Sarkisyanı həbs etmək ehtimalı kifayət qədər böyükdür”.

Vilayət Muxtar
Cebhe.info


Tarix: 6-02-2019, 22:25
Xəbəri paylaş





Xəbər lenti