Düşmənin baş altına qoyduğu yastıq


Nə qədər də paradoksaldır: eyni gündə İctimai Televiziyanın “Media ilə üz-üzə” verilişində qonaq olaraq Xocalı faciəsindən danışmaq və “Yeni Müsavat” qəzetinin müxbirinin “ermənilərlə barışıq, dialoq mümkündürmü” sualına cavab vermək.

Həmin gün hər iki suala cavab verdim, amma sanki dolğun cavablar verməmişəm, ürəkdə tikanlar qalıb.

Artıq illərdir ki, Xocalı soyqırımına münasibət başqa bir platformaya çıxıb.

Qanlı qətliam aktının baş verdiyi 1992-ci ildən sonrakı bir neçə il ərzində ermənilər 26 fevralı tarixi zəfər günü kimi təntənəli şəkildə qeyd edirdilər, indi artıq istər-istəməz törətdikləri cinayətin xoşagəlməz ildönümü kimi xatırlamağa məcburdurlar.
Çünki bu insanlıq tarixinin qara səhifəsi olmaqla, ermənilərə utanc gətirən və hələ uzun illər boyunca da gətirəcək bir hadisədir. Onlar buna görə cavabdehdirlər. İndilikdə bu cavabdehlik Haaqa məhkəməsinin qara cağı arxasında olmasa da, hər halda hər ilin fevralında ermənilər Xocalı soyqırımını nədən törətdiklərinə dair beynəlxalq mediada izahat verməli, özlərinə haqq qazandıran, özlərini müdafiə edən yazılarla çıxış etməli olurlar.

1992-ci ilin 25 fevral gecəsi əliyalın Xocalı camaatının üzərinə hücum edənlər 27 ildən sonra müdafiə olunmağa məcburdurlar. Hələ buna görə onların gələcək, görəcək günləri də olacaq.

Bizim də Xocalı soyqırımına münasibətimiz xeyli dəyişib.

Birincisi, get-gedə daha geniş müstəvidə qəbul olunmaqdadır ki, Xocalı qətliamı Ermənistan dövləti tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı yeridilmiş genosid siyasətinin bir epizodudur. Hər şey göz önündədir: Qarabağda minlərlə dinc sakin etnik mənsubiyyətinə görə öldürülüb və yaşayış yerlərindən zorla deportasiya edilib (beynəlxalq hüquqda deportasiya genosid siyasətinin olduğuna dəlalət edən aktlardan biridir).

Bu xüsusda daha bir dəyişiklik ondan ibarətdir ki, artıq ağlaşma erası geridə qalıb. Bu qətliama görə daxildə düşmən axtarışı ilə məşğul olanların hiddəti də bir qədər səngimiş, arxa plana keçmiş kimi görünür. İndi prioritet olan fikir Xocalıda hərbi cinayət törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, onlardan bu və ya digər şəkildə qisas alınması, belə bir antibəşəri cinayəti sanksiyalaşdırmış Ermənistan dövlətinin cavabdehliyə məcbur edilməsidir.

“Güclüydük, silahlıydıq, hücum etdik, qırdıq-tökdük” eyforiyası bitib, indi cavab vermək gərəkdir. Bu cür cinayətlərin ötmüş zaman müddəti olmur, üstündən 50 il keçsə də, hərbi cinayət törətmiş adamları tutub mühakimə edirlər.

Azərbaycan tərəfinin Xocalı soyqırımına münasibətində dəyişikliyin bir əlaməti də odur ki, əgər 5 il öncəyə qədər bu məsələ hər dəfə fevral ayında aktuallaşırdısa və əsasən ölkə daxilində geniş müzakirə olunurdusa, artıq beş ildir Xocalı qətliamı beynəlxalq miqyasda müzakirə olunur, həm də bu, təkcə fevral ayında yox, istənilən digər ayda da gündəmə gəlir, gətirilir.
Birmənalı olan budur: biz bu işdən əl götürə, geri çəkilə, yumşala, sıyıla, güzəştə gedə, tövr dəyişdirə, olub-keçənləri unuda bilmərik. Biz Qarabağ müharibəsində böyük maddi-mənəvi, psixoloji və siyasi zərərlər çəkmiş tərəfik, ancaq kapitulyasiya aktı imzalamamışıq və bu qovğadan qaçmaq fikrimiz yoxdur. Pripsipial şəkildə bu intriqanı sonuna qədər davam etdirməliyik – ermənilər 1988-93-cü illər ərzində buraxdıqları səhvi etiraf edənə, törətdikləri cinayətə görə cavab verənə, ədalət bərpa olunana qədər.

Bunlar olmayandan sonra heç bir barışıqdan, dialoqdan, yaxınlaşmadan söhbət gedə bilməz. Getsə də, bu yalnız söhbət olaraq qalacaq, arxasında əməli iş olmayacaq.

Xocalıda törədilmiş vəhşilikdən danışa-danışa, o acı günlərin çəkilməz iztirablarını əks etdirən fotoları və videokadrları izləyə-izləyə ermənilərlə yaxınlaşma barədə söhbəti açmaq absurddur. O iztirabları ürəyindən keçirmiş, dərisində hiss etmiş adamın yanında deyərsən, qalxıb adamın üzünə tüpürərlər.

Bəzən deyirlər ki, dünyada, eləcə də bu günün nümunəvi dövlətlərinin yerləşdiyi Avropada vaxtilə bir-birilə uzun illər boyunca, hətta yüz il ərzində müharibə aparan xalqlar olub, amma indi barışıblar, iç-içə yaşayırlar. Deyirlər, gün gələcək, biz də ermənilərlə yenidən mehriban qonşuluq, dostluq şəraitində yaşayacağıq.

O gün nə vaxt gələcək? O gün bu tezlikdə gəlməyəcək. Hər kəs buna əmin olsun. Bir-birilə vuruşan Avropa xalqları da bu günlərə yüz illərlə yol gəldi, nəsillər dəyişdi, torpaq, ərazi mübahisələri ədalətə yaxın bir şəkildə həll olundu, müharibədə insan və torpaq itkisini birbaşa yaşamış insanların yeddi arxa o tərəfdə yaşamış əcdadlara çevrildilər, ondan sonra yeni nəsillər yeni düzənlər qura bildilər.

Övladının, qardaşının başı erməni qəbri üstə kəsilmiş adamlardan ermənilərlə sülhə razılıq gözləməyin. Hətta bu gün işğal edilmiş rayonlar geri qaytarılsa da, dəymiş ziyan tam ödənilsə də, ermənilər böyük peşmançılıq ifadə edib üzr istəsələr də, 1988-ci ilə qədərki qarşılıqlı münasibətin 10 faizini belə bərpa etmək mümkün deyil.

Ona görə də praqmatik olmaq, yeni nağıllar uydurmamaq və xalqı ona inandırmamaq, acı gerçəklikləri olduğu kimi qavramaq lazımdır.

Düşmənin baş altına qoyduğu yastıqlara yaslanan başlar sonda cəllad kötüyündən diyirlənər.

Xalid KAZIMLI
Tarix: 16-02-2019, 22:33
Xəbəri paylaş





Xəbər lenti