Mitinqlər niyə əhəmiyyətlidir?

 

Nəsimi Məmmədli

Milli Şuranın fevralın 23-də mitinq keçirtmək qərarının səbəbləri, zaman uyğunluğu və gözləntilərlə bağlı qurumun səlahiyyətli nümayəndələrinin ictimaiyyətə geniş açıqlama verməsini nəzərə alıb, bu məsələyə geniş toxunmayacam.

Mitinqlər vacibdirmi?
Hazırda məhz etiraz mitinqləri cəmiyyətdə dinc ictimai-siyasi mübarizə mühiti yaradan yeganə qanuni-kütləvi müstəvidir. Digər bütün müstəvilər total nəzarətdədir və oyun qaydalarını ən kiçik detallarına kimi hakimiyyət müəyyən edir. Odur ki mitinqlərin əhəmiyyətini əksəriyyət fəal insanlar qəbul edir.

İndiyədək ən yüksək tribunalardan səslənən “biz sərbəst toplaşmaq azadlığını təmin edirik” bəyanatları heç də hakimiyyətin arxayınlığının ifadəsi deyildi. Bu, daxili auditoriyada müxalifətə müxalifətçilik edənlər üçün düşünülmüş tezis idi. Əsasən iqtidara yaxınlığı şübhə doğurmayan müəyyən qruplar verilmiş bu mesajlarla aksiyaların hakimiyyətin marağında olduğunun davamlı təbliğatını aparırdı. Hətta xeyli insanı bu tezislərə inandırmaq da mümkün olmuşdu.

İndi durum necədir?
Cəmiyyətdə sosial narazılıq var və siyasi fəallıq öncəki illərdən yüksəkdir. “Biz sərbəst toplaşmaq azadlığını təmin edirik” tezisi qüvvəsində qalacaqmı? İndi hökumətin bu hüququ təmin etməsi də, etməməsi də onu çətin seçim qarşısında qoyur.

Hökumət mitinqin “Məhsul” meydanında keçirilməsinə razılaşmasa, bu, ilk növbədə hüquq və qanun pozuntusu olacaq. Yerli və beynəlxalq məhkəmələrdə mübahisəyə əsas yaradacaq.
Eyni zamanda iqtidara siyasi və psixoloji zərər də vuracaq. Hətta YAP üzvləri, hakimiyyət tərəfdarları və dəstəkçiləri də anlayacaq ki, iqtidar çox zəifləyib və müxalifətdən ciddi şəkildə çəkinir. Mövcud sosial-siyasi reallıqlarda bu hal iqtidar üçün arzuolunmaz proseslərə yol aça bilər.

Mitinqə razılıq verilərsə, iştirakçıların sayında artım ehtimalı çox yüksəkdir. Müşahidələr göstərir ki hökumətin mitinqə gələnlərə etdiyi qanunsuz basqı əks effekt doğurur. Qorxu mühitini yaratmaqdan çox, gərginliyi və qəzəbi artırır.
Hökumət yəqin yenə də çalışacaq ki, razılıq verdiyi mitinqə qatılanlara bütün inzibati resurslarla maksimum əngəl yaratsın. Mitinqin kütləvi olmasının qarşısını müxtəlif vasitələrlə alsın.
Ancaq mövcud durum elədir ki, bu yanaşma da gərginliyi və etirazları artırmağa xidmət edəcək.

Hökumət mitinqin keçirilməsi üçün ya başqa bir əlverşsiz meydan təklif edəcək, ya da özünə daha əlverişli olan vaxtadək razılığı ertələyəcək. Hətta yaxın vaxtlarda özünədəstək mitinqi də keçirmək arzusuna düşə bilər.

Çox güman ki müxalifət də öz qərarında israrlı və ardıcıl olmaqla hüquqi-siyasi müqaviməti davam etdirəcək. Hətta ola bilər ki tamamilə yeni dinc mübarizə formaları da nəzərdən keçirilsin.
Ölkəmizdə artıq yeni siyasi mərhələnin əlamətləri özünü göstərir. Hakimiyyət ehtiyyatla olsa da özünün yeni siyasi obrazını cəmiyyətə təqdim etmək ehtiyacı hiss edir. Əgər yeni siyasi yanaşmalar ortaya qoyulmasa, cəmiyyətdə sabitliyə təminat getdikcə zəifləyəcək.

Tarix: 18-02-2019, 21:52
Xəbəri paylaş





Xəbər lenti