Bakının illərdir “mühasirədə” qalan parkı - Ayna Sultanovadan reportaj... (FOTOLAR)


İstirahət parkı 5 ildən çoxdur çəpərlənib, təmir işlərini  görməli “Elta Construction” firması qəhətə çıxıb, Binəqədi RİH isə...

Bakının Ayna Sultanova parkı 5 ildən çoxdur ki, “mühasirədədir”. Paytaxtda indiyə qədər bu qədər uzun müddət bağlı qalan istirahət parkı olmamışdı.

2013-cü ildən təmirə qapadılmış park uşaqların, veteranların üzünə bağlanıb. Binəqədi rayon İcra Hakimiyyəti isə parkın təmiri ilə bağlı hər hansı iş görməyib.

Atatürk prospektində yerləşən parkın illərlə “təmiri”nin uzanmasının səbəbi bilinmir. Ətrafdakı binalarda yaşayan sakinlər isə deyirlər ki, onların daimi olaraq getdiyi parkın yenidən qurulacağına sevinmişdilər.

Amma bu müddətdə iki prezident, bir parlament seçkiləri keçirilib, iki dəfə manatın devalvasiyası olub, ölkədə onlarla icra başçısı, nazir dəyişib, di gəl Ayna Sultanovanın parkı düzəlmir ki, düzəlmir.

Sakinlər deyirlər ki, susuzluqdan zəhmətlə əkilib böyüdülən ağaclar da quruyub məhv olurlar. Ot qalaqları, zibil dağları bir kənara toplanıb, Ayna Sultanovann büstü olduğu kimi saxlanıb, köhnə skamyalar da yerindədir.

Bu ərazidə yaşayanların yaxınlıqda gedəcəyi ikinci belə park yoxdur. Odur ki, üzü yaz aylarına doğru getsək də, hələ də burada təmir üçün əlini ağdan qaraya vuran yoxdur.

Binəqədi rayon icra başçısı da dəyişib, yeni rəhbərin tədbir görəcəyi gözlənilirdi. Amma... heç bu qədər yubanma ilə bağlı heç bir izahat verilmir.

Ayna Sultanova parkı 1980-cı ildə yaradılıb, ərazisi  1,6  hektar sahəni əhatə edir. Parkda bir ədəd fəvvarə mövcuddur.

Hələ 2014-cü ildə Binəqədi RİH-dən bildirilmişdi ki, yeni layihəyə əsasən, parkın ərazisi ən müasir səviyyədə qurulacaq. Yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır.

İstifadəyə verildiyi müddətdən indiyə kimi heç bir bərpa işləri aparılmayan parkın ən müasir standartlara uyğun olaraq yenidən qurulacağı vəd olunmuşdu.

Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulmuşdu. Amma nə iş gedir, nə “Elta Construction” şirkəti ortada var.

Bir müddət öncə hasarın üzərində layihəni “Elta Construction” şirkətinin gerçəkləşdirəcəyi ilə bağlı lövhə varıydı. Hazırda lövhə qəhətə çıxıb.

Sakinlərsə şəkk-şübhədədirlər. Onlar parkda işlər aparılmadıqca ərazinin satıldığı qənaətinə gəliblər. Bizimlə söhbətdə dedilər ki, Binəqədi RİH-nin aydınlıq gətirməsini xahiş edirlər.

“5 il park bağlı olar? Şəhərin heç bir yerində belə şey görünməyib. Uzağı 6 ay, ya da 1 ilə təmir edib təhvil verirlər. Bizim orda əkdiyimiz ağaclar məhv olub, ot basıb içərini, uşaqları gəzdirməyə yer yoxdur.

Özümüz axşamlar parka yığışıb nərd atırdıq, dərdləşirdik. Şəhərin bu cür gözəl yerində park var, pul tapıb təmir edə bilmirlər. Bu işi kim görməlidirsə, gəlsin görsün də.

Hara gedib bu vəsait, niyə parkı təzədən qurub açmırlar, başa düşə bilmirəm”, - deyə yaxınlıqda yaşayan sakinlərdən biri belə deyir.

Onun sözlərinə görə, bu işdə bir sirr var və bir park 5 ildən artıq bağlı qala bilməz: “Əgər satıblarsa, açıq desinlər. Satmayıblarsa, iş görsünlər.

Binəqədinin icra başçısından xahiş edirik ki, tapşırıq versin, tezliklə parkı təmir eləsinlər. Oradakı ağaclar heyfdir. Böyük park da deyil ki, təmiri uzun çəksin.

Vəsait hansısa firmaya ayrılmışdı, o da podratçıdır, gəlib icra etməlidir. Amma  5 ildir gözümüz parkda qalıb ki, bu gün gələrlər, sabah gələrlər”.

Qeyd edək ki, vaxtilə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Ayna Sultanova Kommunist Partiyasının ideyalarını həyata keçirən siyasi və ictimai xadimlərindən biri olub.

O, Azərbaycanın sovet dövrü tarixinin tanınmış simalarından olan Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

Ayna Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və “xalq düşməni” kimi güllələnib.

Emil SALAMOĞLU,
Musavat.com



Tarix: 19-02-2019, 00:30
Xəbəri paylaş





Xəbər lenti