Bakıda sərnişinlər yolda qaldı: BNA öz arqumentini irəli sürdü: “...mənasız olur”


Bakıda sərnişinlər yolda qaldı: BNA öz arqumentini irəli sürdü: “...mənasız olur”

Paytaxtda müşahidə edilən qarlı, şaxtalı hava küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. 

Cebhe.info-nun əməkdaşı paytaxtın bir neçə ərazisində müşahidə aparıb. Məlum olub ki, bugünkü hava şəraiti ilə bağlı nə xətlər üzrə maşrut avtobuslarının sayı artırılıb, nə də interval azaldılıb. Əksinə, şaxtalı havada sərnişinlərin dayanacaqlarda saatlarla avtobus gözləməsi, tıxac səbəbindən yolda ləngiməsi halları artıb. Halbuki, ötən gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Hətta Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobuslarının fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində çalışacağını bəyanlamışdı. Amma qeyd etdiyimiz kimi, sərnişinlər saatlarla yolda qalıb və avtobus qıtlığı yaşanıb. 

Nəzərə alsaq ki, adi günlərədə pik, yəni axşam saatlarında yollarda tıxac səbəbindən hərəkət çətinləşir,  bu gün vəziyyətin daha da gərgin olacağı gözlənilir. 

Belə günlərdə Bakı Nəqliyyat Agentliyi niyə avtobusların sayını artırmır və intervalı azaltmır? 

Məsələ ilə bağlı sualımıza cavabında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yalnız ümumi sözlərlə kifayətlənib. Yəni, BNA-nın atdığı konkret addımları sadalamayıb: 

“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir. Bu gecədən başlayaraq hava şəritinin dəyişməsi ilə əlaqədar olaraq BNA tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidirlər. Həmçinin, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır”. 

“Konkret hansı xətt üzrə avtobusların sayı artırılıb?” sualına Mais Ağayev belə cavab verib:

“Bu artım zərurət olanda olur. Yolda tıxac olanda avtobus sayının artırılması da mənasız olur. Artırılan avtobuslar da yolda qalır”. 

Agentlik rəsmisi onu da əlavə edib ki, bu gün səhər havanın yağıntılı olması səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslar tam həcimdə reysə çıxarılıb. 

Lakin səhər pik saatlarında yollarda sıxlıq olduğundan intervallarda gecikmələr müşahidə edilib. 


Tarix: 19-02-2019, 21:31
Xəbəri paylaş





Xəbər lenti