Deputat: “Xaos yaradıb, ölkəni Suriyaya çevirmək istəyirlər”

Səttar Mehbalıyev: ”Söyüşlər yazanların özlərinə və ailələrinə aiddir”

“Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

Milli Məclisin iclasında deputat Səttar Mehbalıyev belə deyib.

O bildirib ki, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər:


Səttar Mehbalıyev
Səttar Mehbalıyev Fotoqraf: AzərTAC

“Ölkə başçısı xeyli işlər görüb. Hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Sosial şəbəkədə yazılan həmin söyüşlər, təhqirlər yazanların özlərinə və ailələrinə aiddir”.

“Gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər”

Deputat İlham Məmmədov isə deyib ki, son dövrlərdə “bəzi dağıdıcı qüvvələr” aktivləşib.

İlham Məmmədov
İlham Məmmədov

“Keçən əsrin 90-cı illərində özlərini lider hesab edən və tarixin arxivinə çevrilən liderciklər yenidən zühur ediblər. Gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər. Ancaq gənclər onların bu siyasətinin qurbanı olmaq istəmir. Bu gün Azərbaycan gəncliyi dövlət quruculuğunda yaxından iştirak edir, ölkə başçısının həyata keçirdiyi kadr islahatlarında gənclərə xüsusi önəm verilir. Onlara etimad göstərilərək, yüksək vəzifələrə təyin olunurlar. Bundan əlavə olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin təşkilatçıları gənclərdir. Belə demək mümkünsə, gənclər bu gün Azərbaycan dövlətinin aparıcı qüvvəsinə çevrilib”.

Tarix: 19-02-2019, 23:58
Xəbəri paylaş





Xəbər lenti