Qarabağ ətrafında fəallıq: Sülh, yoxsa müharibə? - TƏHLİL

 Qarabağ danışıqlarında fəallıq hiss edilir.

Münaqişənin nizamlanması ilə məşğul olan vasitəçi dövlətlərin fəallığı problemin nəhayət ki, həllinə ümid yaradır. Ötən həftənin sonunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill ilə görüşü zamanı da əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri olub. Qeyd edək ki, görüş fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Bu haqda məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. 

Məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əmin-amanlığı təmin edəcəyi vurğulanıb.Görüş zamanı tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

Maraqlıdır, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı irəliləyişi gözləmək olar?

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində artıq Qarabağ münaqişəsinin ölü nöqtətən çıxdığını deyib:

“Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ili Qarabağ probleminin həlli istiqamətində müsbət il olacağını vurğulamışdı. Görünür ki, bu il problemin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi ilə bağlı ümidlər var. Digər tərəfdən, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra siyasi ekspertlər problemin ölü nöqtəsindən çıxacağı ilə bağlı müəyyən mülahizələr, fikirlər səsləndirir. Bunun da səbəbləri bəllidir. Bugünə qədər probleminin öz həllini tapmaması isə beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrin məsələyə ikili standartlardan yanaşmasından irəli gəlirdi. Təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq təşkilatların, BMT və digərlərinin rəsmi İrəvana təzyiq etməməsi və işğalçı ölkənin Rusiya iə strateji müttəfiq olması da münaiqişənin həllinə maneə yaradan amillərdir. Məlumdur ki, münaqişəsinin bu səviyyədə qalmasında, status kvonun saxlanılmasında Rusiya tərəfi daha çox maraqlıdır. Çünki bu halda Rusiyanın bölgəyə təsir imkanları da qalır. Amma Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qərbin rəsmi İrəvana təsir imkanları artıb. Gürcüstandan sonra Ermənstanın da tamamilə Qərbin təsir dairəsinə keçəcəyi ilə bağlı prosesləri izləyirik. Məlum məsələdir ki, Ermənistandakı inqilab Corc Sorosun və ABŞ xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə baş verib. Bu mənada təbii ki, Paşinyanın Qərb institutları qarşısında müəyyən öhdəliklərinin olması heç kimdə şübhə doğurmur. Əslində Paşinyan hakimiyyətində təmsil olunan şəxslərə diqqət yetirmək kifayət edir ki, bu məsələdə Qərb izi açıq şəkildə görünsün”.

Politoloq münaqişənin həllində Rusiyadan fərqli olaraq ABŞ-ın maraqlı olduğunu vurğulayıb. E.Manafov bu fikri Qərbin bölgəyə yatırdığı investisiyalarla əlaqələndirdi: 

“Digər tərfdən Ermənistanda Rusiyaya yaxın olan “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılıb. Seçkilər də göstərdi ki, bu klanın Ermənistanın ictimai-siyasi fikrinə təsir imkanları kifayət qədər məhdudlaşıb. Hərçənd ki, bu klanın Ermənistanın güc strukturlarına, maliyyə institutlarına təsir imkanları qalmaqdadır. Güman edirəm ki, bu amil Rusiyanın Ermənistanla bağlı məxfi planlarını işə salmağa rəvac verəcək. Bu baxımdan hələ ki, Paşinyan iqtidarının yalnız manevr etdiyini görürük. Paşinyanın “heç bir güzəşt addımından söhbət gedə bilməz” şəklində qəribə açıqlamalar verməsi onu göstərir ki, indiki məqamda Qərb danışıqlar prosesinin uzatmağa və prosesləri nəzarət altına almağa çalışır. Məlum məsələdir ki, hazırda Rusiya və Qərb arasında MDB məkanı üzərində savaş güclənib. Çünki Ukraynadan sonra indi hədəfdə Moldovadır və yaxın günlərdə orada vəziyyətin dəyişəcəyi ilə bağlı məlumatlar gəlir. Buna səbəb Moldovanın NATO-ya üzv olmaq perspektivinin yüksək olmasıdır. Hesab edirəm ki, Qərb də bunu başa düşür. Bu baxımdan düşünmürəm ki, yaxın zamanlarda Qərb və Rusiya Qarabağda hansısa həlledici prosesə qoşulsunlar. Hazırda Ermənistandakı hakimiyyət dəyişikliyi onsuz da Qərbin xeyrinə işləyir. “Məxməri inqilab” bütövlükdə Ermənistanın Rusiyanın təsirindən qurtula bilmək mövqeyini açıqlayır. ABŞ Rusiyadan fərqli olaraq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Çünki Qərb bölgəyə kifayət qədər böyük həcmdə investisiya yatırıb və onun təhlükəsizliyini qorumağa çalışır. Amma bu məsələdə Qərbi də narahat edən məqamlar mövcuddur. Ermənistan Rusiyanın maraqlarını nəzərə alaraq Qərbin bütün təhdid və təzyiqlərinə baxmayaraq İranla münasibətlərinə yenidən baxmaq istəmir. Baxmayaraq ki, Rusiya Paşinyanın siyasətindən narazıdır, amma Ermənistana hərbi təyyarələr verməklə İrəvanı təsir altında saxlayacağını göstərmiş oldu”.
 
Tarix: 20-02-2019, 09:34
Xəbəri paylaş





Xəbər lenti