“Vecsiz Mədəniyyət naziri bunu bilmək istəmir…”
“Cənab Prezidentin İrəvan teatrının binası ilə bağlı imzaladığı sərəncam bizi olduqca qürurlandırdı. 1882-ci ildən mövcud olan İrəvan teatrının ilk dəfə normal binası olacaq! Buna görə Prezidentə olduqca minnətdaram və bununla bağlı məktub da yollamışam”. 

“Yeni Sabah” xəbər verir ki, bunu teleaparıcı Elçin Əlibəyli deyib. O, bildirib ki, bu teatrın yaşaması, fəaliyyəti üçün can qoymuş, bu yolda öz səhhətini itirmiş iki, ahıl çağlarını yaşayan sənət fədailəri isə Mədəniyyət naziri Əbülfəs Qarayevin veczisliyi ucbatından nə təqaüd, nə mükafat ala bilmirlər: “Ömürlərinin əlli ilini bu teatra bağışlamış bu iki şəxs hazırda səhhəti ilə əlləşir və aldıqları minimal pensiya, onların heç dərmanlarını belə görmür. Halbuki, toylardan pul qıran müğənni və tamada olan aktyorlar Mədəniyyət nazirliyinin təqdimatı əsasında çoxdan Prezident təqaüdü və mükafatları alırlar. Onların təqaüd kartlarının hansı məmurun cibində olması hər kəsə məlumdur, çünki onlara bu pul heç saç düzümünə də bəs eləməz, sadəcə ad lazımdır”.

E. Əlibəyli bildirib ki, əvvəl bu gözəl və incə xidməti nazirin keçmiş müavini Ədalət Vəliyev icra edirdi, indi kimə həvalə olunub, demək çətindir: “Bircə məsələ aydındır ki, səhhətində problemlər yaşayan Əməkdar artist (Əbülfəs Qarayev və Ədalət Vəliyevə görə hələ də 1978-ci ildən bu fəxri adla kifayətlənən) Vidadi Əliyev və Xalq artisti Elmira İsmayılova üçün o təqaüd şan-şöhrət üçün deyil, dərman pulu üçün lazımdır. İrəvanlılar və teatr ictimaiyyəti bu iki adı yaxşı tanıyır, onların teatr nələr etdiyini yaxşı bilir. Vecsiz Mədəniyyət naziri isə bunu bilmək istəmir. Cənab Prezidentin qayğı göstərmək iradəsindən istifadə edib alver nöqtəsi açan bu məmurlarla bacarmaq mümkün deyil”.

E. Əlibəyli qeyd edib ki, bu açıqlamasından sonar onun başını ağrıtmaq, ənənəvi şivən –böhtan kartlarını işə salınacağını bilir: “Əbəs yerə, əlimdə elə dəlillər var ki, onu açsam sizdən biriniz belə, başınızı qaldırıb, yuxarı baxa bilməyəcəksiniz! Prezident özü müraciət edib hər vətəndaşdan ictimai nəzarət işində fəal olmağı tapşırıb. Ona görə mərdi qova-qova namərd etməyin! Leninin bir sözü var, yəqin bilirsiniz, itirməklə bağlı. Məndə də eyni durumdu, ona görə özünüzü yormayın, enerjinizi mənə yox, problemlərin həllinə yönəldin, cənab mədəniyyət məmurları!”.

Teleaparıcı sonda sual edib ki, ona maraqlıdır mədəniyyət məmurlarından neçəsi A.P.Çexovun “Məmurun ölümü” hekayəsini oxuyub…