Hakimlər ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarır - deputat

 Məhkəmə hakimiyyətində çoxsaylı kadr dəyişiklikləri olmalı və tələblər konkretləşdirilməlidir. Qanunsuz qərar və qətnamə çıxaran hakimlər ciddi cəzalanmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, məhkəmə sahəsində kadr islahatları, ciddi tələblər və məsuliyyətin yaranması halları konkret göstərilməlidir.

"Qanunsuz, ədalətsiz qərar və qətnamə çıxaran hakimlərin sayı çoxdur. Belə məhkəmə hakimləri cəzalanmalıdır ki, başqalarına da dərs olsun".

Deputat onu da bildirib ki, Azərbaycan məhkəmələrində ən çox mülki məsələlərlə bağlı ədalətsiz qərar çıxarılır:

"Mülki məsələlərdə saysız-hesabsız qərarlar çıxarırlar. Çox təəssüf ki, bunların da başında həmin məhkəmələrin rəhbərləri durur. Çünki hakimlər həmin rəhbərlərə məruzə etmədən qərar çıxarmırlar".

Qeyd edək ki, bu il aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycanın bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlığa riayət etsinlər.

Bununla yanaşı, məhkəmə hakimlərinin ümumi sayı 200 nəfər artırılıb.
 
Tarix: 2-09-2019, 17:37
Xəbəri paylaş





Xəbər lenti