Bizdən “üstün” olan “ağıllı millət”in günü


Bu yazının yazılmasını zəruri edən iki hadisə var. Heç biri Azərbaycanda baş verməyib, amma bizə aidiyyəti və bizdə müzakirəsi göz önündədir.

O hadisələrdən biri odur ki, Ukraynada yeni prezidentin və yeni parlamentin formalaşdırdığı yeni hökumət kabinetində köhnədən qalan bütün nazirlər daha cavanları ilə əvəz edilib, kabinetin tərkibi büsbütün dəyişib, yeganə vəzifəsini qoruyan şəxs Bakı ermənisi Arsen Avakov olub.

İkinci hadisə Ermənistan millisinin İtaliya millisinə qarşı yaxşı futbol oynaması, buna baxmayaraq, 1:3 hesabla uduzmasıdır.

Bu iki hadisə arasındakı bağlantı, məzmunundan da göründüyü kimi, erməni məsələsi ilə bağlıdır. Ancaq yeganə bağlantı bu deyil.

Əsas məsələ odur ki, bəziləri  bu iki hadisəni müzakirə edərkən belə bir qənaətə gəlirik ki, ermənilər bizdən daha ağıllı, daha fərasətli, daha güclü, daha səriştəli və sair və ilaxırdır.

Bəli, razılaşaq ki, ermənilər bizdən daha hiyləgərdir. Amma hiyləgərlik başqa şeydir, ağıllılıq başqa. Birinci o qədər öyünüləsi bir məziyyət deyil. Hiyləgərlərin hiyləsinin üstü əvvəl-axır açılır və onlar pis durumda qalırlar. Arsen Avakov öz vəzifəsini hiyləgərliyinə, satqınlığına görə qoruyub. O günümüzün Jozef Fuşesidir.

Əvvəlcə krala, sonra yakobinçilərə, daha sonra direktorata, xeyli müddət Napoleona, lap axırda yenidən krala işləyən, deputat, polis naziri olan Fuşe hər dəyişən rəhbərliyə uyğunlaşırdı, Avakov da elə edir. Özünə hörmət edən general onu vəzifəyə gətirən prezidenti ardınca istefaya gedərdi, kreslodan yapışıb qalmazdı. Yarım ilə, bir ilə yəqin ki, onu da vəzifəsindən götürəcəklər.

Erməni futbolçuların italiyalı həmkarlarına dirəşməsinə görə onları tərifləyib dağın başına qaldıran dostlar isə yaxşı olar ki, bir oyununun yox, son illərin statistikasına baxsınlar. Erməni futbolu bizdən nəinki öndədir, əksinə, daha da zəifdir. Bizim komanda (“Qarabağ”) 6-cı ildir Avropa Liqasının qrupunda oynayır, amma “Ararat” bu il də qrupa düşə bilmədi və hələ də heç bir erməni komandası öz azarkeşlərinə Avroliqa ləzzəti daddırmayıb.

Sırf ağıl, beyin idmanı olan şahmatı götürsək, qrossmeysterlərimiz erməni həmkarlarından həm çoxdurlar, həm də daha üstün reytinq balına malikdirlər.

Güləşi, cüdonu, digər əlbəyaxa idman növlərinə dair statistik göstəriciləri nəzərə alsaq, həm beynəlxalq idman yarışlarında idmançılarımızın qazandığı medallar qat-qat çoxdur, həm də təkbətək yarışlarda bizimkilər erməniləri 9:1 hesabıyla udurlar (yəni hər 10 döyüş ustamızdan 9-u erməni həmkarına qalib gəlir).

Bəlkə hərbçilərimizin rəşadəti üzrə müqayisə aparsaq, işğal olunmuş torpaqlara görə ermənilər üstün durumda görünə bilərlər, amma müharibənin bütün gerçəkliklərini bilənlərə “rus silahı və əsgəri” faktorunu, bir də öz xəyanətkar ünsürlərimizin üzündən rayonlarımızın döyüşsüz təhvil verilməsi hadisələrini xatırlatmaq lazım gəlməyəcək.

Ermənilər bizdən ağıllı və uzaqgörən qövm olsaydılar, aralığa qan salmasaydılar, indi Azərbaycanın zəngin sərvətinə şərik olardılar, Bakının ən yaxşı yerlərində cah-cəlal içində yaşayar, ən yüksək vəzifələrdə çalışar, ən gəlirli biznes strukturlarına sahiblik edərdilər.

Ayrıca bütün Qarabağ cənnətə dönər, havasına, suyuna görə dünya miqyaslı kurort zonasına çevrilərdi. Sırf ermənilərin məkri, tamahkarlığı və ağılsızlığı üzündən Dağlıq Qarabağ da, aran Qarabağ da xarabazar gündədir. Bir neçə gün öncə “müstəqilliy”in 28 illiyini qeyd etməklə deyil, bu qondarma “dövlət”in ömrünün ən çoxu 28 günə bitirilməsi ehtimalı yüksəkdir və bunu ermənilər də bilirlər.

Bu necə “ağllı, fərasətli millət”dir ki, öz taleyini tükdən asılı duruma qoyub, hətta özləri belə bu regionda sona qədər barınmayacaqlarından şübhəlidirlər. Ona görə də 30 il öncə 7 milyon olan Azərbaycan əhalisi artıb 10 milyona çatdığı halda, Ermənistan əhalisi 3 milyondan artmır ki, artmır.

Dediyim odur ki, bizdə bəzən özümüzü aşağılamaq, düşməni şişirtmək mərəzi baş qaldırır, amma bu, yanlışdır. Demirəm ki, biz düşməni kiçik görək, aşağılayaq. Xeyr. Sadəcə, reallığı düzgün qiymətləndirmək, özümüzün də, düşmənin də mənfi-müsbətlərini olduğu kimi dəyərləndirmək gərəkdir.

Xalid KAZIMLI
Tarix: 7-09-2019, 09:17
Xəbəri paylaş





Xəbər lenti