Ermənilər torpaqlarımızda növbəti dəfə səs verdi –Bizim səsimiz yenə çıxmadı…


28 il öncə ilk Prezident seçkılərinə görə aləmi  qatışdıran müxalif liderlər, “hanı sizin Şura hökumətiniz”?.. 




 Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçirdiyi  növbəti  seçki də ermənilər üçün uğurla başa çatıb. 
Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, sentyabrın 8-i axşam saatlarında “yerli idarəetmə orqanları”na faktiki seçkilərdə səsvermə sona yetib. Saat 20:00-da bütün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına  başlanıb. Saat 17: 00-dək  57.443 erməni(!) seçici səs verib… 

Qeyd edilir ki, seçkilər Xankəndi də daxil olmaqla işğal altındakı torpaqlarımızdakı 228 məntəqədə  keçirilib. Seçkilərə 415 namizəd qatılıb.
P.S. Düşmən torpaqlarımızda de-fakto növbəti seçki keçirdi. Amma bizim səsimiz yenə də çıxmadı və o torpaqlara çatıb  istər işğalçı ölkəyə, istərsə də separatçı rejimə,  az da olsa, təsir göstərmədi… Söhbət XİN-in və ya digər bir qurumun, rəhbər şəxsin bəyanatından getmir. Ən azı, 31 illik tarix göstərir ki, bəyanatla “donuz darıdan çıxmır”… 

Yaxşı, hərbi əməliyyatlara başlamağa ehtiyat edirik. Heç olmasa, Qarabağ köçkünlərini, eləcə də Qərbi Azərbaycan qaçqınlarını beynəlxalq təşkilatların, BMT-nin, AŞ-ın, ATƏT-in yerli ofislərinin, aparıcı xarici ölkələr, xüsusən Minsk Qrupu həmsədrləri olan ölkələrin səfirlikləri qarşısına toplayıb haray qaldırmağa sözümüz nədir?..
P.P.S. Yadınıza onu da salaq ki, düz 28 il öncə - sentyabrın 8-də Azərbaycan Respublikasında ilk Prezident seçkiləri keçirilən zaman, onun ərəfəsindəki və sonrakı günlər indiki “müxalifət liderləri” adlananların böyük hissəsi, fəryad qoparırdı, baş yardırırdı, az qala, nəinki bütün Azərbaycanı, bütün Avropanı, dünyanı ayağa qaldırırdı ki, seçkilərdə saxtakarlıq olub. Bəs həmin liderlər indi hardadırlar? Niyə səsləri çıxmır? Niyə başları yarılmır? Məşhur “Axırıncı aşırım” filmində Kərbəlayının təbirincə soruşsaq, hanı sizin Şura hökumətiniz, bəylər?!..

Sultan Laçın  
Tarix: 9-09-2019, 09:41
Xəbəri paylaş





Xəbər lenti