"Kimin əlinin kimin cibindən çıxdığını xalqa açıqlamaq lazımdır"





Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı sərt ittihamlar irəli sürərək, onları açıq mövqe ortaya qoymağa səsləməsini hazırki həssas ictimai-siyasi situasiya üçün sensasiya kimi yox, müsbət hadisə kimi qiymətləndirirəm. Ölkədə süni formada siyasi gərginlik yaratmağa, suyu bulandırmağa çalışan şəxslərin maskalarını cırıb ayaqlar altına atmağın tam zamanıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna xəyanət edən, vəzifədən çıxarıldıqdan sonra siyasi səbatsızlıq, əqidəsizlik nümayiş etdirən bəzi sabiq məmurların iç üzünü açıb xalqa göstərmək lazımdır. Siyavuş Novruzov ciddi şəxsdir. O, heç vaxt boşuna danışmır. Sensasiya xatirinə açıqlama vermir. O, nə dediyini yaxşı bilir. Siyavuş Novruzovu bu cür prinsipial mövqeyinə görə alqışlamaq lazımdır. Xaricdə oturub ölkəmizin əleyhinə və hakimiyyətə qarşı kirli kampaniya aparan qüvvələri,"söyüş bloggerləri"ni gizli şəkildə maliyyələşdirən sabiqlərdən, oliqarxlardan indi hesab sorulmazsa, onların taladıqları pullar idarəolunmaz siyasi kapitala çevriləcək və ölkədə süni surətdə xaos, anarxiya yaradılmasına xidmət edəcək. Odur ki, S.Novruzovun sözügedən açıqlamasına tam ciddi yanaşmaq lazımdır. Özünü hamıdan ağıllı göstərməyə çalışan bəzi "ekspert"lərin və "mirzə"lərin YAP rəsmisinin sözlərinə istehzalı yanaşmaları isə tamamilə yersizdir. Bu arada sabiq məmurların kirli pullarıyla özünə müxalifətçi obrazı düzəldən, Yutub kanallar vasitəsilə özlərini ictimaiyyətə az qala mələk qismində təqdim etməyə, sırımağa çalışan siyasətçiləri, mühacir bloggerləri də elə həmin sabiq məmurlarla birgə gün üzünə çıxarmaq, kimin kim olduğunu hamıya göstərmək, kimin əlinin kimin cibindən çıxdığını xalqa açıqlamaq lazımdır. Bax o zaman bir çoxlarının maskaları yerə düşəcək, bəziləri isə "qeyb"ə çəkiləcək.


Əlisahib Hüseynov
DADP sədri
Tarix: 9-09-2019, 15:35
Xəbəri paylaş





Xəbər lenti