İrəvan müharibəyə təhrik edir: “Başqa yol qalmayıb”


İrəvan müharibəyə təhrik edir: “Başqa yol qalmayıb”

İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana müharibədən başqa yol qoymur. 

Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları, işğalçılıq siyasətinin davam etdirilməsinə dəstək verməsi Azərbaycanı hərbi əməliyyatlara başlamağa məcbur edir. Xatırladaq ki, Nikol Paşinyan avqustun 5-də Xankəndində “Qarabağ Ermənistandır, nöqtə” fikirləri birbaşa olaraq danışıqlar prosesinin Ermənistan tərəfindən ləğv olunması deməkdir. Paşinyanın bu bəyanatına beynəlxalq səviyyədə də ciddi etirazlar səsləndi, amma Ermənistanın hökumət başçısı bu sərsəm bəyanatını bir daha təkrar etdi. 

Qeyd edək ki,  Nikol Paşinyan ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın onun Qarabağı Ermənistanın “tərkib hissəsi” elan edən bəyanatını tənqid edib. Brayza bu bəyanatın danışıqlar prosesini tamamilə heçə endirdiyini deyib. Eyni zamanda əlavə edib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışıb.

Türkiyənin Vitse-prezidenti  Fuad Oktay da Paşinyanın sözügedən bəyanatına reaksiya verib. “Ermənistanın Baş naziri Paşinyanın bəyanatlarını təəccüblə qarşıladıq. Bu cür populist çıxışların danışıqlara heç bir xeyir verməyəcəyi bəllidir”.

Paşinyan isə deyilənlərin əksinə olaraq, Metyu Brayzaya cavab olaraq sərsəm bəyanatını təkarlayıb: “Azərbaycan deyir ki, həll ancaq onun ərazi bütövlüyü çərçivəsində mümkündür. Lakin əgər onların mövqeyi belə qətidirsə, o zaman bizim prinsip də “Qarabağ Ermənistanındır, nöqtə” olacaq”,-Paşinyan deyib. Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslərdən isə görünən odur ki, probleminin həlli üçün Azərbaycanın hərbi əməliyyatlardan başqa yolu qalmayıb.

Hərbi-ekspert Üzeyir Cəfərov Paşinyanın sərsəm bəyanatını “Cümhuriyət” qəzetinə şərh edərək bildirib ki, Azərbaycan müharibə variantını açıq şəkildə səsləndirməlidir: 

“Son vaxtalar Azərbaycan siyasi-hərbi qurumlarının Ermənistanın Baş naziri Nikol Paşinyanın “nazı ilə oynamasına” çox təəccüblənirəm, təəssüflənirəm. Belə olmalı deyil. Əslində, Azərbaycan bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaxasından yapışıb, onları silkələməlidir. Çünki həmsədrlər faktiki olaraq Azərbaycanın mövqeyi ilə hesablaşmırlar. Azərbaycan dəfələrlə deyib ki, Ermənistan beynəlxalq hüquq və normalara məhəl qoymur. Ermənistanı beynəlxalq hüquqa əməl etməyə məcbur etmək lazımdır. Nikol Paşinyan artıq danışıqlar prosesinə  “nöqtə” deyir. Əgər Paşinyan “nöqtə” deyirsə, biz nəyi gözləyirik? Azərbaycan niyə danışıqlar prosesini davam etdirməlidir? Bunu başa düşmək çətindir. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da bu günlərdə açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesinə son qoymaq lazımdır. Keçən dəfə təklif etdim ki, ATƏT-in Minsk Qrupunun monitorinqlərinə son qoyaq. Amma bu gün informasiya yayıldı ki, ATƏT-in Minsk Qrupu Füzuli istiqamətində yenidən monitorinq keçirəcək. Bu monitorinqlər Azərbaycana heç nə vermir, birbaşa Ermənistanın maraqlarına xidmət edən tədbirlərdir. ATƏT-in Minsk Qrupu “münaqişənin həlli istiqamətində iş görürük” görüntüsü yaratmaqla məşğuldur. Xarici işlər nazirlərinin görüşünü təşkil edirlər, heç bir nəticə əldə olunmur, monitorinq keçirirlər müsbət təsiri olmur. Bütün bunlar vaxt itkisidir. Buna heç bir halda yol vermək olmaz. Beynəlxalq qurumlar, Rusiya, ABŞ, Fransa sırf Ermənistan maraqlarından çıxış edir. Onların susqunluğu isə Nikol Paşinyanın daha azğın bəyanatlar səsləndirməyə həvəsləndirir. Ona görə də bir daha deyirəm ki, Azərbaycanın müharibədən başqa yolu qalmayıb. Amma müharibə variantını səsləndirmirik. Demirəm ki, bu gün müharibəyə başlayaq, amma ən azından düşmənin “eyforiya”sına son qoymaq üçün müharibə variantını səsləndirməliyik. Bunlar Laçın, Kəlbəcərdə və digər yerlərdə məskunlaşma həyata keçirirlər. Niyə beynəlxalq qurumlar buna susqunluq nümayiş etdirir? Bizim bəzi sadəlövhlər də deyir ki, qoy tiksinlər, onsuz da bizə qalacaq. Düşünürəm ki, Ermənistana rəsmi şəkildə olmasa da, bağlı qapılar arxasında kimlərsə ümid verir ki, onlar belə həyasızlıq edirlər. Hesab edirəm ki, Azərbaycan diplomatik istiqamətdə sərtlik nümayiş etdirməlidir. Hələliksə görünən odur ki, beynəlxalq qurumların dəstəyi ilə ermənilər öz azğınlıqlarını davam etdirirlər”.

Vilayət Muxtar
Cebhe.info


Tarix: 18-09-2019, 21:16
Xəbəri paylaş





Xəbər lenti