TƏXRİBATIN GÖZÜ-QAŞI OLMUR Kİ...

 Hakimiyyət ona əngəl-kələf olan adamları başqa yerlərdə yox, öz içində arayıb-axtarmalıdır. Əksər hallarda ipin ucu daxildən verilir. Dövlət məmurlarının uğursuz və zərərli çıxışları antitəbliğat mövqeyində dayanan qüvvələrdən daha çox problemlərə şərait yaradır. Ancaq faydası nə!? Cüzi irad düşmən sözü kimi qarşılanır. Ona görə də "düşmənçlikdən" uzaqlaşmağa məcbur olur, bildiyini və düşündüyünü qələmə almaqdan daşınırsan.
İndi diqqət edin, bunu necə yazmayasan?İki gündür baş nazirin müavini, YAP-ın sədr müavini Əli Həsənovun səbatsız açıqlamaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilərək hakimiyyətin zirvəsini ağır tənqidin hədəfində saxlayır. Özü isə qalıb kənarda. Sərt münasibətə məhz Əli Həsənovun "Əliyevlər ailəsi hələ uzun müddət Azərbaycana rəhbərlik edəcəkdir" sözü, ailəni dilə-dişə salan yarıtmaz bəyanatı səbəb yaratmışdır. Mümkündür səhv edəm, ancaq ilk dəfədir ki, mən yüksək hökumət adamının bu cür çağırışı ilə rastlaşıram.
Əli Həsənov hakimiyyət üçün bağışlanılmaz pisliyini yapmışdır. Bunlar ya danışmağı, təbliğ etməyi bacarmırlar, ya da bilərəkdən təxribata gedirlər. Əgər növbəti dəfə çıxış etmək nəsib olarsa, cənab Ə. Həsənovdan uğursuz fikrinə bu düzəlişi aparmağı rəva görərdim:" Heydər Əliyev siyasəti Azərbaycanın gələcəyidir". Zənnimcə, hakimiyyətə ziyan vuran yaltaqlığa daha ehtiyac duyulmayacaqdır... Əslində cəmiyyəti aşkar tərzdə belə ismarıçla yükləməyin təkcə yaltaqlıqla əlaqəsi olduğunu müəyyən etməyə çətinlik çəkirəm...
Deyəsən, yenə həmin Əli Həsənovdur ki, birinci sinif şagirdlərinə xitabında deyir:"Mən inanıram ki, bu körpələr böyüyəcək və Qarabağımızı düşməndən azad edəcəklər". Demək ki, daha 20 il gözləməliyik. Sözündən belə çıxır. Qarğış kişi işi deyil, amma edəcəyəm. Ürəyində qalsın arzun!!!
Və yaxud hökumət adamı görün daha nələri deyir: biz istəsək günü bu gün Qarabağı işğaldan azad edərik. Lakin prezident İlham Əliyev qan tökmək istəmir. Təxribatın gözü - qaşı olmur ki!!! Baş nazirin müavininin səsləndirdiyi açıqlamanın dövlət başçısına qarşı təxribat olmadığını inkar etmək necə mümkündür? Bunun başqa bir tutarlı adı da var ki, onu da buraxırıq oxucuların ixtiyarına!!! Ya düşünərəkdən, ya düşünməyərəkdən bu cür fikri içtimai rəyin müzakirəsinə daşımaq qətiyyən yolverilməzdir...Öz ana dilimizdə danışmaq lazım!!! Erməni budaq cümlələrini qurmağa gərək yox!!!
Eldar SABİROĞLU
Tarix: 27-09-2019, 16:49
Xəbəri paylaş





Xəbər lenti