Mandatı alınan deputatlar: Siyahıda vəzifə, kütləvi iğtişaş, dava, qalmaqallı video və...ölüm var - SİYAHI


Mandatı alınan deputatlar: Siyahıda vəzifə, kütləvi iğtişaş, dava, qalmaqallı video və...ölüm var
Milli Məclisin bəzi deputatları vaxtaşırı olaraq təkcə çıxışları ilə deyil, həm də xoşagəlməz əməlləri ilə gündəmə gəlir.

Son olaraq Rəfail Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc aldığına dair xəbərlər yayılıb. Bunun ardınca parlamentin İntizam Komissiyası R.Cəbrayılovla bağlı məsələyə baxacağını bildirib.

Qanunvericiliyə əsasən, deputatlarla bağlı belə xoşagəlməz məqamlarda Milli Məclisin sədri deputat haqqında təqdimatı əvvəlcə parlamentin İntizam Komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Müvafiq qərara görə, deputata töhmət, xəbərdarlıq və deputat mandatının alınması kimi cəza növləri tətbiq olunur.

Maraqlıdır, indiyə qədər ölkəmizdə cəzalanan, deputat mandatı əlindən alınan deputatlar kimlər olub?

Cebhe.info uzaq olmayan tarixə nəzər salıb.

2003-cü ildə keçirilən prezident seçkilərindən sonra deputat İqbal Ağazadəyə cinayət işi açılıb və həbs olunub.

Parlament onun toxunulmazlıq hüququnu əlindən alıb və deputatlıq mandatı ləğv edilib. 2005-ci ilə qədər həbsdə qalan eks-deputat Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.

2005-ci ilin oktyabrında deputat Fikrət Sadıqovun deputat toxunulmazlığına xitam verilib. Bu qərar Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Məclisə göndərdiyi müraciəti əsasında qəbul edilib. Baş prokurorun müavini Rüstəm Usubov Respublika Baş Prokurorluğunun MM-ə göndərdiyi müraciətlə bağlı çıxış edərək parlamentdən AR Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 28.220.1 və 278-ci maddələri ilə başlamış 76586 saylı cinayət işi ilə AR Milli Məclisinin üzvü Fikrət Məmməd oğlu Sadıqovun toxunuzlmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib. Daha sonra məsələ parlamentin intizam komissiyasında müzakirə edilib. Qərara alınıb ki, barəsində cinayət işi qaldırılan Fikrət Sadıqovun toxunulmazlığına xitam verilsin. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik edib.

Mandatı alınmış növbəti deputat Hüseyn Abdullayev olub. O, 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olub. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb, özü isə həbs olunub. Sonradan azadlığa buraxılan H.Abdullayev 2010-cu ildə 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, namizədliyi qeydə alınmayıb. Qeyd edək ki, Hüseyn Abdullayev hazırda yenə həbsdədir.

Amma deputatlar arasında mandatı cəza olaraq alınmayanlar da var.

Deputat səlahiyyətlərinə xitam verilmiş şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub. 2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də deputat Əli Əhmədovun səlahiyyətlərinə xitam verilib.

2014-cü ildə IV çağırış Milli Məclisin deputatı olmuş Mübariz Qurbanlı Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən onun da deputat səlahiyyətlərinə xitam verilib.

Millət vəkili Asəf Hacıyevin deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Asəf Hacıyev parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.

110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə onun mandatı ləğv edilib.

Mandatı ləğv edilmiş deputatlardan biri də Gülər Əhmədova olub. 2012-ci ildə onun deputatlıq səlahiyyətindən könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Buna səbəb 2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar olub. Məlumatlar Bakı şəhər Prokurorluğunda araşdırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. 2014-cü ilin mayında həbsdən azad olunub.

Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gələn Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə cəzalandırılıb. Deputatın adı Milli Məclisin İntizam Komissiyasının tərkibindən çıxarılıb.
Tarix: 27-09-2019, 17:12
Xəbəri paylaş





Xəbər lenti