“Hədyan danışır, təhqir edirlər, amma deputatlar susur…” - Musa Musayevdən sensasion ittihamlar

 Keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Azərbaycanda deputat toxunulmazlığının ləğvini təklif edib. O, bu barədə “Facebook” səhifəsində yazıb. “Yeni Sabah” mövzu ilə bağlı Musa Musayevlə söhbətləşib. 
- Musa müəllim, təklif etmisiniz ki, deputatların toxunulmazlığı ləğv edilməlidir. Nədən belə düşünürsünüz?
- Bəzi deputatların çirkli yollarla pul qazanması və bu kimi xoşagəlməz hallar barədə dəfələrlə mətbuatda yazılıb. Sosial şəbəkələrdə, televiziyalarda da bu cür faktlar oxumuşuq, görmüşük. Ona görə də mən hesab edirəm ki, deputatların toxunulmazlığı ləğv edilməli, onlar da adi vətəndaşlar kimi olmalıdır. Artıq Ukraynada bununla bağlı qanun qəbul edilib. Türkiyədə də bu məsələ gündəmə gəlmişdi. Bizdə niyə olmasın? Ümumiyyətlə, bu toxnulmazlıq nəyə lazımdır axı? Onsuz da deputat hansısa cinayət əməli törətsə, onun toxunulmazlığı ləğv edilir.
- Amma ekspertlərin fikrincə, deputatların toxunulmazlığı ləğv edilərsə, icra hakimiyyəti orqanlarının onlar üzərində təsiri arta bilər...
- Belə düşünmürəm. Mən deputat olanda həmişə müstəqil fikrimi demişəm. Hansı nazirə də zəng vurmuşam telefonuma cavab verib, qəbul edib və s. İndi hansısa deputat şəxsi məsələsi üçün zəng vurur yaxud qəbula düşmək istəyir, bu ayrı məsələ. Məsələ burasındadır ki, deputatların çoxu bizneslə məşğuldur. Milli Məclis isə qanunverici orqandır. Burada qanunlarla işləməyi bilən insanlar təmsil olunmalıdır. Deputat bizneslə, korrupsiya ilə məşğul olmamalıdır, bu yolverilməzdir. Toxunulmazlıq bir çox səlahiyyətlər verir, baxırsan ki, milli mənafeyi deyil, şəxsi maraqları güdənlər var. Depuat isə dövlətin, millətin mənafeyini güdməlidir.
- Hesab edirsiniz ki, toxunulmazlıq statusundan sui-istifadə halları var?
- Bəli, sui-istifadə edənlər var. Vaxtilə şahidi olmuşuq ki, parlamentdə əlbəyaxaya çıxıblar, davalar olub, təhqirlər səsləndirilib və s. Hesab edirəm ki, toxunulmazlıq ləğv edilsə, deputatlar məsuliyyətli olar və özlərini yaxşı apararlar. Unutmaq lazım deyil ki, Milli Məclis bu xalqın güzgüsüdür.
- Son vaxtlar tez-tez “parlament dəyişməlidir” fikri səsləndirilir. Siz nə düşünürsünüz bu barədə?
- Gəlin bir söz deyim. 1995-2000 və 2000-2005-ci ildəki parlamenti indiki ilə müqayisə etsəniz  görərsiniz ki, aralarında yerlə-göy qədər fərq var.
- Konkret olaraq hansı fərqlər var?
- Bu gün hakimiyyətdə Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də yaranıb, dekabrın 19-da da qeydiyyatdan keçib. Mən bu partiyanın yaradıcılarından biri və Nəsimi təşkilatının ilk sədri olmuşam. İstər 1995-ci ildə, istər 2000-ci ildə deputatlığa namizədliyini irəli sürən YAP üzvlərinin əksəriyyəti bu partiyanı yaradanlar və Heydər Əliyevi müdafiə edən insanlar olub. Amma bu günki parlamentə baxanda görürəm ki, parlamentə YAP-ı 70-ə yaxın deputat təmsil edir. Həmçinin YAP-ın dəstəyilə deputat seçilənlər var. Amma onların əksəriyyəti bizneslə məşğuldur. Xaricdən və daxildən müəyyən qüvvələr cənab prezidentə qarşı çağırışlar edirlər, hədyanlar danışırlar, təhqir edirlər. Amma deputatlar susurlar. Bunlardan heç səs çıxarıb münasibət bildirən yoxdur.
- Sizcə, bunun səbəbi nədir?
- Səbəbi odur ki, onların özünün bəzi çirkli işləri var. Cənab prezident atributdur. Ulu Öndər Azərbaycanı qoruyub saxlayıb, ondan bizə üç yadigar qalıb: Müstəqil Azərbaycan, Yeni Azərbaycan Partiyası və cənab prezident İlham Əliyev. Biz bunları qorumalıyıq.
- Məgər qoruyan yoxdur? 
- Təbii ki, var. Amma qorumayanlar, buna rəvac verənlər də var. Müşahidə etsəniz görərsiniz ki, parlamentdə dövlətin, hökumətin maraqlarını ən çox müdafiə edənlərdən Siyavuş Novruzov, Zahid Oruc, Eldar İbrahimov, Azay Quliyev, Musa Urudun adını çəkə bilərəm. Yəni, danışan 5-10 nəfərdir.
Mən özüm deputat olmuşam. Müxalifəti də, iqtidarda təmsil olunan bəzi şəxləri də tənqid etmişəm. Mən təhqirin əleyhinəyəm. Heç kimi təhqir etmək olmaz. Bəzi adamlar hətta şantaj yolunu tutur. Bu, yolverilməzdir. Düzü düz əyrini əyri demək lazımdır.


Tarix: 30-09-2019, 14:24
Xəbəri paylaş





Xəbər lenti