Boru qaziləri


“Ələsgərəm, yandım eşq ataşında,

Gözüm qaldı kirpiyində, qaşında.

Qazdır məzarımı çeşmə başında,

Sal sinəm üstündə yol, incimərəm"

(Aşıq Ələsgər)

Deyir metroda qatarı sürən maşinist stansiyaya çatanda onu saxlamaqda çətinlik çəkmişdir, qatar haradasa bir-iki vaqon boyda tunelə girmişdir. Doğrusu, bilmirəm qatarı təzədən dala verib stansiya boyuna qaytarıblar, yoxsa zəhmətkeşlər elə tuneldə düşüb bir-birinin əlindən yapışaraq, çomaqla dürtmələyərək Piter Breygelin ünlü rəsmindəki kimi çaladan çıxıblar. Əlbəttə, rəsmdə korlar tam tərsinə, çalaya yumbalanırdılar, ancaq biz Avropa kimi dağılan yerdə yaşamırıq. Bizdə regionların inkişaf planı yaxın 60 il üçün hesablanıbdır. Əhalinin siyahıya alınması da başlanmışdır. Halbuki Ermənistan boşalır, heç əhalisi qalmamışdır. Özü də xatırladıram, bizdə əhalini hər 10 ildən bir sayırlar, ötəri aksiya sayılmaz. 1989, 1999, 2009-cu illərdə də sayılmışdıq. Hətta mənim yadıma gəlir, 2009-un saymasında evə gəlmiş əməkdaşa “milliyyət” qrafasına “marsiançik” yazmağı təkid eləmişdim, nədənsə yazmadı, dedi biz hamımız azərbaycanlıyıq, bununla fəxr edirik. Görək bu il alınacaqmı. Açığı, bu dəfə inkişaf gedib, indi istəyirəm milliyyətimi “yeni azərbaycanlı” yazdırım.

Əgər bizdə hər 10 ildən bir əhali sayılırsa, demək, əhali sayılır. Sizə başqa nə lazımdır? Elə qatarın əyləcinin yaxşı tutmamağı da inkişafla bağlıdır. Dayanmaq çox çətindir. Biz daim qabağa gedirik, yüksək sürətlə. Hərçənd bəziləri özünü “Mumiya” filmindəki qul kimi aparır. Orada qaqaş boynundan aypara, xaç, David ulduzu medalyonları asmışdı, mumiya buna hücuma keçəndə növbə ilə hamısını göstərirdi. Hansı tutar məntiqiylə. Əsl bizim adam idi. Bəlkə də Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu doğma vətənimizin sakini olmuşdur. Bizə sərf eləyəndə hətta erməniyə dayı demişik. Uzun sözün qısası, bir deputatı vəsiqəsini girov qoyub 200 min manat borc almaqda suçladılar, istefa verdi, ancaq deyir brifinqdə dostumuz hətta Sov.İKP üzvlüyü biletini də saxladığını bəyan edibdir. Halal olsun. Ehtiyatlı adamdır. Nə biləsən, bəlkə bir gün təzədən oktyabr inqilabı oldu? Hətta camaatımız arasında Nikolay qızıl pulları xüsusi dəbdədir, görünür, daha uzun proqnozlar verməyi bacarırlar.

Ancaq deputatın istefa vermək istəməsi, parlamentin də bunu MSK-ya göndərməsi, yumşaq yazsam, anlaşılmaz prosedurdur. Heç seçicilərdən soruşan yoxdur sizin fikriniz nədir. Bəlkə elə bu yaxşı deputatdır, camaat borcu yığıb verəcəkdir? Sözgəlişi, borc verən müəllimin universitetdə işlədiyi məlumdur, sual yaranıb ki, bəs o boyda pul müəllimdə nə gəzirmiş? Axmaq sualdır. Tağı müəllim metroda 40 il işləyib 3 milyon dollar yığmışdı, aparıb Çovdarova vermişdi. İndi bir müəllimdən 200 min çıxıb. Böyük işdir... Erkin müəllim demişkən, bunlar hamısı orta sinifin nümayəndələridir.

Sadəcə, gələn il gözlənilən parlament seçkilərində elə o borc verən müəllimi tapıb deputat qoymaq lazımdır ki, gələcəkdə bu cür hüquqi qalmaqallar yaranmasın. Bizim Qarabağ dərdimiz vardır. Özü özünə borc verən, bu zaman vəsiqədən istifadə etməyən deputatlar bizim gələcəyimizdir!

Qarabağ demişkən, bu yaxında qazilərlə dövlət qulluqçuları arasında süpürləşmə olmuşdu. Qazi neft borusunun üstündə ev qayırmaq istəyirmiş. Əvvəla, Qarabağ uğrunda vuruşub qol-qıçını itirən yoldaşlara bizdə yüksək səviyyədə dövlət qayğısı yaranıbdır, hətta bəzilərinə Şuşada ev verilib, onu satıb Xankəndindən villa alanlar var. Ona görə bu məsələ əvvəldən şübhə doğururdu. Sağ olsunlar, əlaqədar orqanlar sonra açıqlama verdilər ki, həmin əlillər heç Qarabağ əlilləri deyildir. Doğrudan da, əgər Qarabağ bizimdirsə, sən harada əlil olmusan? Bəlkə də çoxu əl-ayağını çıxarıb qəsdən evdə qoyur, dövlətçiliyimizə xələl gətirmək, ara qarışdırmaq istəyirlər. Mən onları istefa verməyə çağırıram.

Bir də videodan gördük, neft borusunu qəhrəmancasına müdafiə edərkən yaralanan yoldaşlar vardır, bəs onlara niyə boru əlilləri adı verməyək? Ayrı-seçkilik olmaz. Hamı qanun qarşısında bərabərdir. Şair demişkən: “Torpaqları torpaq yapan üstündəki qandır, Boru əgər üzərində qanunsuz tikinti varsa Azərbaycandır” (şeiri keçmiş vergilər naziri Fazil Məmmədov yazıb).   

Tarix: 2-10-2019, 10:27
Xəbəri paylaş





Xəbər lenti