Ermənistanla danışıqlardan, həmsədrlərdən imtina və savaş çağırışları


İşğalçı ölkənin sülh prosesini pozmaq istiqamətində davamlı təxribatları, vasitəçilərin bu faktlara müəmmalı sükutu Azərbaycanı nəhayət, sərt addımlara vadar edir; politoloq: “Ermənilər artıq o təbliğatı aparmağa başlayıblar

Milli Məclisin payız sessiyasının ilk iclasında Qarabağla bağlı çağırışlar səsləndi. Bir sıra deputatlar parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsinin yaradılmasını, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən hərbi əməliyyatlara başlamaq zərurəti ilə bağlı BMT-yə müraciət edilməsini, həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətindən və danışıqlardan imtina etməklə bağlı təkliflər verdilər.

Düzdür, bənzər təşəbbüslər əvvəlki illərdə də səslənib. Lakin reallıq budur ki, Ermənistanın hazırkı rəhbərliyi, konkret halda baş nazir Nikol Paşinyan danışıqlar üçün yer qoymayıb. Onun “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sərsəmləməsinin ardınca danışıqlarda pozitiv nəticəyə ümid etmək sadəlövhlük olardı. Elə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov da BMT-dəki müzakirələrdə rəsmi Bakının bununla bağlı mövqeyini bəyan edib. Üstəlik, Paşinyanın sayıqlamalarına göz yuman həmsədrlər sentyabr ayında iki dəfə bəyanat verməklə, üstəlik, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yan-yana dayanıb, sadəcə, şəkil çəkdirmələrinə nail olmaqla status-kvonun uzanması üçün öz “töhfələrini” vermiş oldular.   

Təsəvvür edin, Dağlıq Qarabağda qondarma qurum “mer seçkiləri” adlı şou keçirir, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu təxribatı pisləmək əvəzinə, dolayısı ilə Qarabağ ermənilərinin separatçı fəaliyyətinə dəstəyini ifadə edir. Əks halda, bəyanatdakı “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”, açıqlamasına ayrı cür yanaşmaq mümkün deyil. Həmçinin Qarabağ görüşü ərəfəsində Azərbaycan əsgərinin həlak olmasına kor olan turist diplomatlar nazirlərin görüşünü az qala fövqəladə hadisə kimi qiymətləndirməyə cəhd göstərdilər. Hansı ki, elə foto mərasiminin ardınca Ermənistan ordusu işğal zonasında hərbi təlimlərə başladı və təlimlər oktyabrın 5-dək davam edəcək. Həmsədrlər isə hansısa üzlə yenidən regiona səfər edəcəklərinin anonsunu veriblər. Belə olan halda Azərbaycanda savaş ritorikasının artması tamamilə məntiqəuyğundur. O cümlədən də parlament səviyyəsində çağırışlarla bağlı eyni fikri söyləmək olar.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan çoxdan belə bir addım atmalı idi: “Milli Məclisin bu məsələyə münasibəti mütləq olmalıdır. Hakimiyyətin müəyyən addımlar atması üçün Milli Məclisin qərarı lazımdır. Belə bir qərarın veriləcəyi təqdirdə Azərbaycanın Minsk Qrupunun vasitəçiliyindən imtina etməsi qanuni və başadüşülən olacaq. Minsk Qrupunun məsələnin həlli ilə deyil, onun uzadılması ilə bağlı Ermənistanın və bəlli ölkələrin mövqeyini müdafiə etməsi çoxdan üzə çıxmışdı. Bu mənada haqlı olaraq Azərbaycan onun vasitəçiliyindən imtina edir. Alternativ variant olaraq Milli Məclisdə səsləndirildiyi kimi, BMT-dən yardım ummaq indiki halda doğrudur. Çünki BMT Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edib, biz onların yerinə yetirilməsi tələbini irəli sürməliyik”.

Amma Q.Çaxmaqlı qeyd etdi ki, BMT Baş katibinin Paşinyanla görüşündəki mövqeyi də bizi düşündürməlidir: “BMT də ikinci Minsk Qrupu olmayacaq ki? Bizim BMT-yə üz tutmağımız məsələnin diplomatik tərəfidir və bu, olmalıdır”. O ki qaldı torpaqların azad edilməsi ilə bağlı hərəkətə keçilməsinə, politoloqun fikrincə, məsələnin həllinin başqa yolu yoxdur: “Burada artıq müharibənin nə gətirəcəyinin, böyük güclərin buna necə baxacaqlarının elə də ciddi əhəmiyyəti yoxdur. Azərbaycan qərarlı şəkildə məsələnin üzərinə getməlidir, Ermənistan Qarabağ məsələsinin belə bir məcraya dönüşəcəyini əslində gözləyirdi və onların çoxdan müharibə hazırlıqları var. İrəvanda keçirilən toplantı da xalqdan Azərbaycanın başlayacağı müharibəyə dəstək almaq məqsədi daşıyır. Ermənilər artıq o təbliğatı aparmağa başlayıblar ki, ”Qarabağ xalqı yeni təhlükə qarşısındadır". Yenə erməni diasporuna müraciət olunacaq, yenə böyük gücləri onları müdafiəyə çağırmaqdadırlar".

Əksər ekspertlər bu məsələdə Rusiya əngəlindən danışırlar. Düzdür, Putin-Paşinyan münasibətləri gərgindir və Ermənistanı narahat edir. Lakin 1 oktyabrda İrəvanda keçirilən toplantıya V.Putinin də bir neçə saatlıq da olsa, təşrif buyurması erməniləri müəyyən dərəcədə sakitləşdirir. Digər tərəfdən, Ermənistan hakimiyyətində kim olsa belə, Kreml öz forpostuna dəstək verəcək, bu, acı gerçəklikdir. Bu mənada Rusiya amili hərbi əməliyyatlara başlamaq istəyən Azərbaycanın yolunu kəsməyəcək ki?

Q.Çaxmaqlıya görə, indiki halda Azərbaycan müstəqil dövlət olduğunu Putinə də nümayiş etdirməlidir: “Əlbəttə, Azərbaycanı dayandırmağa çalışacaqlar. Ola bilsin, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün Putin bizi dayandırmaq taktikası seçməsin, amma ümumən bilinməlidir ki, Rusiya Ermənistanı yedirtməmək üçün bəzi addımlar ata bilər, qarşımıza maneələr çıxara bilər. Bunları da dəf etmək lazımdır. Hərbi əməliyyatlara Rusiyanın aktiv şəkildə Ermənistanın yanında girəcəyinə inanmıram. Çünki Azərbaycanın da yanında Türkiyə kimi bir güc var. Rusiya indiki halda Türkiyə ilə qarşı- qarşıya gəlmək istəməz”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə öz növbəsində qəzetimizə dedi ki, Ermənistan rəhbərliyi hazırda Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyil: “Paşinyan avqust ayında işğal olunmuş ərazilərdə və sentyabrın sonlarında BMT-də verdiyi bəyanatlarla bunu sübut etdi. Birmənalı şəkildə rəsmi İrəvan qeyd edir ki, Qarabağ Ermənistanındır və heç bir güzəşt olmayacaq. Buna rəğmən, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri danışıqlar masasına dəvət edir. Həmsədrlərin vəzifəsi bu günə kimi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli deyil, yalnız status-kvonu qorumaq olub. Hesab edirəm ki, 20 ildən artıq aparılan danışıqlara son verilməlidir və göründüyü kimi, danışıqları sonsuza qədər aparmaqla Qarabağı özümüzdən ayırırıq”.

Ekspert bildirdi ki, artıq Minsk Qrupunun tərkibindən çıxmaq lazımdır: “Qoy nə deyir-desinlər. Fakt odur ki, bu vasitəçilik işğalçı Ermənistanın maraqlarına uyğundur”. Siyasi şərhçi deyir ki, Milli Məclis bu məsələyə çoxdan baxmalı idi: “Danışıqların xarici işlər naziri səviyyəsində aparılmasını dayandırmaq lazımdır. Həmçinin XİN başçısı Elmar Məmmədyarov prosesdən uzaqlaşdırılmalıdır. Bu işlə prezidentin Qarabağ məsələləri üzrə köməkçisi məşğul olmalı, Moskva və Qərblə intensiv diplomatik danışıqlar aparılmalı və işğalçıya birmənalı zərbələr endirməklə sərt mövqe nümayiş olunmalıdır. Minsk Qrupu formatı artıq fiaskoya uğrayıb. Bundan əlavə, Milli Məclisdə Qarabağ danışıqlarına nəzarət edən qrup yaradılmalı və ictimaiyyətə bu qrup mütəmadi məlumatlar verilməlidir. Qoy beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın bu işə necə bir ciddi yanaşdığını görsünlər. Hazırkı situasiya yalnız söz oyunundan ibarətdir. Xarici İşlər Nazirliyi yalnız quru bəyanatlarla danışıqlarda iştirak edir. Belə bir formatla biz işğal olunmuş əraziləri qaytara bilməyəcəyik. Ermənistanla danışıqlar dayandırılmalı, Moskva və Qərblə danışılmalıdır. Bir tərəfdən antiterror əməliyyatları keçirilməlidir”.

M.Əsədullazadə istisna etmir ki, Ermənistan və bölgədə maraqları olan Rusiya real addımlar ata bilər: “Moskva və Ermənistan tandemi Qarabağ məsələsində həmrəydir və bu ittifaqı dağıtmaq üçün çevik diplomatiya ilə hazırkı iki ölkə arasında soyuq münasibətlərdən istifadə etmək olar. Qeyd edim ki, ABŞ və Avropa bu məsələdə neytral qalacaq - aprel döyüşlərindəki kimi. Bu mənada Qərb məsələyə qarışmayacaq. Yalnız Rusiyanın müdaxiləsi mümkündür. Çünki Rusiya konfliktdən öz maraqları kontekstində istifadə edir”.

Bununla belə, politoloq qeyd etdi ki, artıq yeni siyasi nizam formalaşır: “Uğurlu siyasi gedişlə Moskva ilə anlaşmaq olar. Onda biz sürətli şəkildə əraziləri işğaldan azad etməyə yaxın ola bilərik. Müharibə mütləqdir! Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə münaqişənin həlli masaya gətiriləcək. Oktyabr görüşündən böyük gözlənti olmasa da, cəbhədə baş verənlər müəyyən nüanslardan xəbər verəcək. Biz oktyabr və noyabrda işğalçının infrastrukturuna zərbələr endirsək, prosesləri lehimizə dəyişə bilər. İlham Əliyevlə Putinin görüşü həlledici olacaq. Bir sıra detallar müzakirə ediləcək. Həlledici qərarların razılaşmasını istisna etmirəm. Çünki regionda nizam əvvəlki illəri diktə etmir. Balans mütləq dəyişməlidir. Bunu Moska da anlayır”.   

Düşmən ölkənin rəhbərliyi də anlayır ki, Azərbaycan hər an irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Odur ki, işğalçı ölkənin ordusu Qarabağda və Ermənistan ərazilərində təlimlər keçirir, N.Paşinyan şəxsən təlimlərə baxıb. 

Azərbaycan Silahlı Qüvvələri də plana uyğun şəkildə təlimlərini davam etdirir. “Qafqaz Qartalı - 2019" təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar. Xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər.

Oktyabrın 1-də isə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başlayıb. Rəsmi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilmə fəaliyyətinin təkmilləşdirilməsidir. Komanda-qərargah təlimi oktyabrın 5-dək davam edəcək. Savaşın qaçılmaz olduğu şəraitdə hər iki tərəf ordusunu hazırlayır. Amma şübhə yoxdur ki, qələbə Azərbaycanındır, Ermənistanın himayəçiləri olsa da...101 il əvvəl də ermənilər himayə olunurdu, lakin o zaman Azərbaycan əsgəri düşməni darmadağın edib Zəngəzuradək irəliləməyi bacarmışdı. Müasir Azərbaycanın ordusu isə öz qüdrəti ilə dünyada tanınır...

Elşad Paşasoy

Tarix: 2-10-2019, 10:35
Xəbəri paylaş





Xəbər lenti