"30 illik işğala son vermək üçün abzasdan yox, yeni səhifədən başlamalıyıq!"

 


Nöqtə və nidadan sonra nə gəlir?

Adətən peşəkar boks və ya qaydasız döyüşdə qarşılaşan idmançılar döyüşdən əvvəl bir-birlərinə kəskin sözlər, ifadələr, söyüşlər ünvanlayır və... Və yarış başlayır, qalib bilinir. Çox vaxt da bərk söyüş söyən uduzur.
 Qarabağ müharibəsində atəşkəs elan olunan vaxtdan bəri tərəflər illər boyu hərbi, siyasi ritorikalardan, hədələrdən istifadə ediblər.., amma vəziyyət dəyişməyib. İdman yarışından fərqli olaraq, söz atışmasından sonra burda döyüş - müharibə olmayıb və biz də torpaqlarımızı azad edə bilməmişik.
 
Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və “məxməri inqilab” liderinin Qarabağ klanının 20 illik iqtidarına son qoyduqdan sonra Qarabağ əhalisi arasında mövqeyini gücləndirmək məqsədilə xeyli populist və bəzən də real görsənən ritorikadan istifadə etdiyi, sonda isə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verdiyi məlumdur. Bu zaman ərzində yalnız Paşinyan deyil, komandasının üzvləri, xüsusilə müdafiə naziri Tonoyan, keçmiş MTX rəhbəri Vanetsyan da Azərbaycanı hədələyən bəyanatları dəfələrlə səsləndiriblər.

Azərbaycan isə demək olar ki, 2017-ci ilin fevralın 25-dən bu günlərədək nəinki hərbi ritorikadan, hətta diplomatik sərtlikdən belə istifadə etməyib. Nəhayət, Soçidə, RF prezidentinin iştirak etdiyi tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndi və nisbi narahatlıq bir qədər azalmış oldu, çünki qeyd etdiyimiz kimi 3 ilə yaxın idi ki, Azərbaycan susmuşdu, bəlkə də siyasi təzyiq olaraq susdurulmuşdu.

Bundan sonra nə olacaq?  Durğu işarələrinin ritorikasından sonra nə baş verəcəyini  hər iki tərəf narahatlıqla müşahidə və müzakirə edir. Adətən, bu cür işarələrdən sonra ya abzasdan başlanılır, ya da yeni səhifə açılır. Abzas bizim üçün yetərli deyil, biz 30 illik işğala son vermək üçün abzasdan yox, yeni səhifədən başlamalıyıq! (Nida işarəsini elə-belə qoymadım). Nəticəyə çatmaq üçün yeni səhifəyə böyük ehtiyac var. Amma, hiss olunur ki, bəzi ştatda dayananlar yarınmaq üçün fürsət əldə ediblər, tostun biri bir qəpik olub. Məsələnin tərəzi gözünü ağır, sanballı etmək üçün biz real nəticəyə köklənməliyik, Güngüt seriyasına yox. 
 
Yeni səhifə açmaq üçün düşmənin siyasətini ciddi təhlil edib düzgün nəticələr çıxarmaq və strateji hədəflər müəyyənləşdirmək lazımdır. Bu gün düşmən üzdə Rusiyanın müttəfiqi, dostu kimi görsənir və daxildə Rusiyanın dostlarının əleyhinə apardığı təqib siyasətinə baxmayaraq, xarici siyasi kursda xüsusi dəyişiklik etmədiklərini, amma Qərbə üz tutduğunu, tədricən Rusiyadan asılılığına son vermək niyyətində olduğunu da gizlətmir. Paşinyan Rusiyanın təzyiq və təsirini azaltmaq və perspektivdə son vermək üçün faktiki olaraq konkret siyasi kurs aparır və buna görə də beynəlxalq güclərdən ən azı simpatik dəstək qazanır. Bu faktdır. Vassalı olduğu Rusiyadan bəzən çəkinmir, çünki bilir ki, Rusiya Ermənistanı Gürcüstan kimi itirmək istəmədiyindən onun “şıltaqlığına”da dözəcək. Amma, bu br yerə qədərdir. Bir ayağı Qərbdə, biri Rusiyada olmaq siyasəti müvəqqətidir. Hər iki tərəfi qane etmək çətindir və maliyyə dəstəyini Qərbdən, təhlükəsizliyini Rusiyadan almağı sonadək aparmaq mümkün deyil. Hər iki qütb, xüsusilə Rusiya belə davam etməyi qəbul etməyəcək. Sadəcə, bu gün erməni ictimaiyyətinin əksəriyyəti Paşinyana etimad göstərir və Rusiya bunu bildiyindən hələ ki, ehtiyatlı kəşfiyyat aparır, bəlkə də perspektiv çevrilişi edəcək rolları müəyyənləşdirir. Erməni mətbuatı, bəzi qərbyönümlü ictimai-siyasi nüfuz sahibləri birmənalı olaraq Paşinyanı Ermənistanın Avropa Birliyinə və NATO-ya üz tutduğunu siyasi kurs kimi elan etməyə çağırır. Belə olduqda itkiləri də göz altına aldıqlarını  deyirlər və bu itkinin hətta Qarabağ olacağını açıq deməsələr də eyham vurur, amma Qərb istiqamətinin doğru olduğunu, Rusiyada uzaq olmayan gələcək üçün çətin və kataklizmlərin yaşanacağını qeyd edirlər. SSRİ-nin dağılacağını proqnozlaşdırdıqları kimi. Ermənistanın MDB, Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi, KTMT-də təmsil olmağı az qala formallıq səviyyəsindədir. Putinin İrəvan səfərində göstərdiyi sifəti ermənilər, ilk növbədə Paşinyan daha yaxşı hiss edib. Səfərin ardınca Soçi tədbiri və Azərbaycan dövlət başçısının məlum bəyanatı Ermənistan hakimiyyətində qayğılar yaradıb. Münasibətlər ortadadır. Azərbaycan heç nədən eyforiyaya qapılmamalı ( bəzi təbliğat vasitələrinin şit mövqeləri bunu yazmağa məcbur edir, həm də axı köklü nə baş verib?) və Qarabağ siyasətində bütün bu nüansları nəzərə alıb hərtərəfli hazırlıq görməlidir.   
 
İndiki situasiyada təşəbbüs bizim tərəfdəki kimi görsənir. Necə deyərlər, top bizim tərəfdədir. Azərbaycan fərqli diplomatiyaya keçməlidir. Düşmənin bu illər ərzində mövqeyinin yalnız müharibəyə apardığını dünyaya çatdırmalı, ilk növbədə ATƏT-n Minsk Qrupuna sübut etməli və inandırmalıdır.  Bunu sübut etmək üçün cəbhə xəttində gərginliyi saxlamalıdır. Bu azdır.

Azərbaycan daxili siyasətində ciddi islahatlara başlayıb, demokratik dünyanın bizdən tələb etdiyi tələbləri yerinə yetirmək məqsədilə dəyişikliklər etməli, daxili siyasətdə, idarəetmədə əyalət təfəkküründən də aşağı olanların basqısından qurtulub, Azərbaycan naminə, Qarabağ naminə ölkə daxilində kompleks demokratik islahatlara başlamalıdır. Nəticədə böyük dəstək yaranacaq. Bu dəstək ilk növbədə xalqdan, sonra da demokratik dünyadan gələcək. Ölkədə kifayət dərəcədə gərginlik və vətəndaşların bir-birinə aqressiv münasibəti formalaşıb. Bu cür formalaşmış münasibətlər ümummilli məsələlərdə ciddi problemlər yarada bilər. Xaricdə isə Pallone kimi konqressmenlərin açıq şəkildə  “Qarabağı Azərbaycana vermək olmaz” kimi çağırışları intensiv xarakter alacaq.  Real islahatlar Qarabağ məsələsində Azərbaycana bir ordu qədər dəstək olacaq.  Ordu dedik, Müdafiə Nazirliyi yada düşdü. İslahatın ən böyüyü elə burda aparılmalıdır. Döyüş qabiliyyətinə təsir edən neqativ halların kök atdığı orduda ciddi kadr dəyişikliyinə ehtiyac var. Bu dəyişiklik mütləq olmalı, orduya tələb və nəzarət gücləndirilməlidir.  Burda da peşəkar mütəxəssislərin rəyi ilə hesablaşmalı, doğru qərarlar verilməlidir. Sədaqət prinsipini önə çəkib, əyalət təfəkkürünü idarəetməyə gətirənlərin “məsləhətlərinə” son verilməlidir. Bu tip “sədaqətin” isə maddiyyat üstündə qurulduğunu, çətin anlarda qoyub qaçacaqlarını tarix sübut edib.

Qarabağ probleminin həllində söz atışmaları mərhələsi bitib. Yeni mərhələ, yeni səhifə ölkənin daxili və xarici siyasətində tezliklə özünü göstərməli, müdafiə gücünü artıran köklü dəyişikliklər edilməlidir. 

İlham İsmayıl
Tarix: 6-10-2019, 14:11
Xəbəri paylaş





Xəbər lenti