Qadın qətlləri sərhəd tanımır - Fransada etirazlar, Bakıda başı kəsilən qadın...


Fransanın onlarla şəhərində şənbə günü qadınların qətli və gender zəminində digər qətllər əleyhinə keçirilən  yürüşlər onu göstərdi ki, bu məsələ təkcə Türkiyə , Azərbaycan kimi mental dəyərləri olan  ölkələrdə deyil, həm də dünyanın ən inkişaf etmiş , Avropa Birliyinə üzv dövlətlərində də aktualdır. Xarici mətbuatın verdiyi xəbərə görə, Fransada “#NousToutes” (Hamımız) haştaqından istifadə edən etirazçılar rəsmi dairələri bu problemə göz yummaqda ittiham ediblər. Bazar ertəsi günü məişət zorakılığına qarşı mübarizə tədbirlərinin açıqlanacağı gözlənilir.

Fransa, Qərbi Avropada məişət zorakılığı ilə əlaqəli baş verən qətllərin statistikasına görə ön sıralarda gedir. Yerli medianın bildirdiyinə görə, təkcə bu il partnyorları və ya keçmiş partnyorları tərəfindən öldürülən qadınların sayı Fransada 115 nəfərə çatıb. Bazar günü Fransada ölkə boyu 30-dək küçə yürüşü aksiyaları keçirilib.

Etiraz aksiyaları Paris, Marseille və Fransanın digər şəhərlərində keçirilib. AFP agentliyinin məlumatına görə, Fransada hər üç gündən bir indiki və ya keçmiş partnyoru tərəfindən azı bir qadın öldürülür. Aİ-nin Eurostat agentliyinə əsasən, 2017-ci ildə Fransada partnyorları tərəfindən törədilən 123 qətl hadisəsi qeydə alınıb. Şənbə günü yürüşləri bu məsələylə bağlı aksiyalar keçirən qrupların hökümətlə üç ay davam edən danışıqlarının sonuna təsadüf edib. Təşkilatçıların ümid etdiyinə görə, bu danışıqlar məişət zorakılığına qarşı tədbirlərin hazırlanmasıyla yekunlaşmalıdır.

Sentyabr ayında hökumət gələn ildən etibarən 1000-dək sığınacaq və təcili yaşayış yerlərinin yaradılması və qadınların şikayətinə necə baxıldığına nəzarət edilməsi üçün 400 polis məntəqəsinin yoxlanması da daxil, bir sıra təcili tədbirlərin görüləcəyini elan edib. Baş nazir Edouard Philippe qadınların qətlinə qarşı görülən təcili tədbirlər çərçivəsində €5 milyon məbləğində vəsaitin ayrılacağını və şikayət prosedurunun sadələşdiriləcəyini, təhdid altında olan qadınların müdafiəsinin yaxşılaşdırılacağını və partnyorlarının daha sürətlə onlardan uzaqlaşdırılacağını vəd edib. Baş nazir məişət zorakılığına görə məhkum edilmiş və ya qeydiyyata alınmışlara nəzarət məqsədiylə elektron qolbağın taxılması ideyasını da dilə gətirib.

Fransada bu aksiyalar davam edərkən, Azərbaycanın  paytaxtında , Bakının Xıraalan rayonunda bir qadın qardaşı tərəfindən boğazı kəsilərək qətlə yetirildi.

Noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı aldadıb qəbristanlığa aparıb və orada boğazını kəsərək öldürüb. İllər öncə isə Aytən Fərzalıyevanın anası və bacısı da ailədaxili şiddət səbəbindən eyni gündə Yasamal rayon ərazisində yaşadığı mənzildən özlərini ataraq  intihar etmişdilər. Baş verən qətllə bağlı məlumat verən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə mərhumun azyaşlı övladının sığınacaqda olması və anasız qaldığı ilə bağlı status paylaşıb.

Bəs görəsən, Azərbaycanda bu məsələ nə dərəcədə hökumət tərəfindən nəzarətə götürülüb? Sığınacaqların açılması, qadınların həyatına təhlükə törədən şəxslərin, xüsusən də yaxın qohumların onlardan uzaqlaşdırılması, polis tərəfindən məsələyə münasibətin dəyişməsi üçün nə kimi işlər görülür?

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirdi ki, bu sahədə QHT-lərin sərbəst araşdırma apara bilməsi üçün imkan yaradılmalıdır: “Hökumət qadın qətlləri ilə bağlı müəyyən addımlar atır, sadəcə qadın təşkilatları, QHT-lər monitorinqlər aparmalıdırlar, qadınlar öldürülən yerdə ərizələrə baxmayan polislər işdən azad olunubmu, yetərli işlər görülübmü – bu məqamları araşdırmalıdırlar. Bu kimi məlumatlar açıqlamalıdır ki, hansı işlər görülüb. Ondan sonra biz qiymətləndirmə apara bilərik ki, qadın ölümlərinə qarşı hansısa ciddi addımlar atılır. Biz Daxili İşlər Nazirliyi ilə görüşəndə bu məsələni qaldıracağıq. Önümüzdəki həftədə belə bir görüş gözlənilir, bu məsələni də orada gündəmə gətirəcəyik”.

N.Cəfəroğlu onu da vurğuladı ki, problemin həlli üçün sığınacaqların sayı çox olmalıdır: “Mehriban Zeynalova böyük əziyyətlə gözəl bir sığınacaq yaradıb, ancaq bir sığınacaqla iş bitmir. Regionlarda sığınacaqlar olmalıdır. Bələdiyyələrə pul ayrılmalıdır ki, bələdiyyələrin nəzdində sğınacaqlar olsun. Türkiyədə bələdiyyələrin yanında sığınacaq yerləri var. Döyülən, zorakılığa məruz qalan qadınlar sığınacağa gedirlər. Vəkil də, həkim də, polis də oraya gəlir. Onlar  qadınla söhbət aparır, onun necə bir zorakılığa məruz qalması ilə bağlı məlumatları birbaşa özündən alırlar. Qadın polisə birbaşa müraciət etməsə də, sığınacaqda ifadə verir. Bu bələdiyyələrin funksiyasında olmalıdır, Türkiyə modelini götürüb onun əsasında etmək olar. Regional sığınacaq evləri yaradılmalıdır , yəni 3 rayonda bir sığınacaq evi ola bilər”.

 Azərbaycanın “İstanbul Konvensiya”sına qoşulmasına gəlincə, hüquq müdafiəçisi bildirdi ki, bu istiqamətdə iş gedir: “Bu il üçün çatmasa da, gələn il “İstanbul Konvensiya”sına qoşulacaqlar. “İstanbul Konvensiya”sında qadın hüquqları və qadına qarşı zorakılıq məsələsi qoyulub. Həmçinin idarəetmədə qadınların iştirakı da əsas maddələrdən biridir. Mənim üçün də vacibdir ki, vəzifələrdə daha çox qadınlar olsun, həm də ağıllı qadınlar olsun. Bu qadınlar gender bərabərliyini nəzərə alaraq təkcə həmcinslərinin hüquqlarını yox, həm kişilərin, həm də qadınların hüquqlarını qorumalıdırlar. Elə bir tendensiya yaranmalıdır ki, qadınlar da kişilər kimi bərabər hüquqla vəzifə tuta bilsinlər. İcra hakimi, bələdiyyə sədri kimi vəzifələrdə qadınlar çox olarsa daha çox olar. Elə vəzifələr olmalıdır ki, qadınlar səlahiyyət sahibi olsun”.

Təşkilat sədri son vaxtlar qadın qətllərinin artmasına da diqqət çəkərək, əvvəllər bu qədər cinayətlərin olmadığını vurğuladı: “Bu qədər qadın ölümü, baş kəsmək heç vaxt  olmayıb. Həddindən artıq zorakılıqdır. Polis, ictimai xadimlər televiziyada çıxış edərək ailələrlə iş aparılmalıdır. Qadın qatillərinə 25 illik, ömürlük həbs cəzası verməlidirlər. Hər kəs bilməlidir ki, bunun cəzası nədir. Bəzən  bəraət qazandırırlar ki, namus üstündə olub. Əsla olmaz, namus məsələsidirsə, evdən qov və ya boşan. Öldürmək nə deməkdir? Bu Azərbaycan üçün böyük faciədir”.


Tarix: 25-11-2019, 23:26
Xəbəri paylaş





Xəbər lenti