Bakı beyin, Şuşa - ürəkdir...


Hələ hər şey itirilməyib. Zaman-zaman yazdığımız kimi, Şuşanı, Qarabağı biz o vaxt itirəcəyik ki, bu itki ilə hamımız, ən əvvəl də şuşalılar, cəmi qarabağlılar barışacaq. Müharibəni bitmiş sayacağıq.  

Dəyərli redaktor həmkarım, iş və otaq yoldaşım Nazim Sabiroğlunun Şuşa haqda son təsirli yazısını oxuyandan, bu yazıya ictimai rezonansı, dünyanın dörd bir yanından soydaşlarımızın reaksiyasını görəndən sonra məndə qəti əminlik yarandı ki, erməni boşuna gözləyir: bu xalq torpaq itkisi ilə barışmayacaq və nə qədər gec deyil, nə qədər ki, azərbaycanlıların əsl Vətən savaşı başlamayıb, daşı ətəklərindən töküb barışıq haqda düşünsünlər. 

Nazim haqlıdır: Şuşasız Azərbaycan xoşbəxt ola bilməz. Necə ki, Azərbaycanın 5/4-ü xoşbəxt deyil. Şuşa işğal altındakı o biri rayonlara, şəhərlərə də bənzəməz. Bizim üçün torpaqlarımızın hamısı müqəddəsdir. Ancaq fikir verin, Şuşanın adı həmin o 7 rayonun sırasında çəkilmir. Məxsusi, ayrıca çəkilir. Çünki Şuşanın yeri, rolu, önəmi başqadır. Məxsusidir. Özəldir. Təkcə coğrafiyamızda, tariximizdə yox, həm də mənəviyyatımızda. 

Şuşa - işğal altındakı torpaqlarımızın simvoludur. Bizi yumruq təki birləşdirən yeganə girov şəhərdir. Təkcə Şuşanın işğalı kifayət idi ki, xalq olaraq yuxumuz ərşə çəkilsin. Elə Nazim də özünün Şuşaya bu virtual səyahəti ilə, gündəmə möhür basan yazısı ilə əslində Qarabağ yaramızın qaysağını qopardı - özü də heç bir “keyləşdirici” vurmadan. Yaraya bir az da duz səpdi ki, ağrı şiddətli olsun və millət olaraq yatmayaq. Məlikməmməd kimi həmişə oyaq qalaq. Ta ki itirdiyimizi geri alanadək. 

Geri alacağıq. Başqa yolumuz, seçimimiz yox. Daha bir səbəbə diqqət edin: insanda ürək sol tərəfdə yerləşir. Xəritəyə baxanda da Şuşa Azərbaycanın solunda, qərbindədir, təxminən ürək nahiyəsindədir. Bakı başdır, beyindir, Şuşa - ürəkdir... 

Yazıya bunca rezonans, reaksiya da hamıya siqnaldır ki, Azərbaycanda heç kim, heç bir siyasi qüvvə ağlından başqa şeylər, təslimçi modellər keçirməsin. Xalq imkan verməz. Verməyəcək. “Qırmızı xətt” var, onu hamı görür. Bilir. O cümlədən referendum oyunu baş tutası sevda deyil. Lavrovlar yaxalarını cırmasın. 

Ümumiyyətlə, bu referendum söhbətinin yığışdırmaq zamanıdır. Nə referendum? Azərbaycan federativ yox, unitar ölkədir. Bu gün erməni azlığa öz müqəddəratı təyinetmə haqqı  tanınacaqsa, sabah başqa etnik azlıq üçün də bunu bizdən istəyə bilərlər. Yəni presedent məsələsi. 

Ermənilər kimdən, hansı millətdən artıqdır ki - üstəlik, Ermənistan adında dövlətləri ola-ola?! “Dağlıq Qarabağ xalqı” anlayışı da “Krasnodarın erməni xalqı”, “Kaliforniya erməni xalqı” anlayışı kimi cəfəng və absurddur. Hətta ikrah doğurucudur. Paşinyan, digər erməni siyasiləri bu nağıllarla yalnız özlərini aldada bilərlər... 

Dünən Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazıb ki, Ermənistanda Azərbaycan bayrağı yalnız bir yerdə saxlanılır – İrəvan Konyak Zavodunda. Sən demə, 1994-cü ildə Ermənistanla atəşkəs imzalanandan sonra zavodda bir çəlləyi konyakla doldurub azğını bağlayıblar və yalnız o zaman açacaqlar ki, tərəflər arasında sülh əldə olunacaq və Azərbaycan və Ermənistan nümayəndələri bu münasibətlə həmin çəlləkdəki konyakın süzüldüyü qədəhləri sülh şərəfinə qaldıracaqlar.  

Sülh sənədi əlbəttə ki, nə vaxtsa mütləq imzalanacaq. Əbədi düşmənçilik olmur. Ancaq çəllək yalnız o halda açılacaq ki, Azərbaycan bayrağı Şuşada, Xankəndində də dalğalanacaq...

Zahid SƏFƏROĞLU
Tarix: 26-11-2019, 15:42
Xəbəri paylaş





Xəbər lenti