İnternetin "şantaj bəlası": Zərərçəkən nə tələb edə bilər?


İnternetin "şantaj bəlası": Zərərçəkən nə tələb edə bilər?

"Zərəçəkən cinayəti törədəndən maddi və mənəvi zərərin ödənilməsini də tələb etmək haqqına sahibdir".

Texnologiyaların inkişafı elektron mediada, sosial şəbəkələrdə insanların hüquqlarının pozulması hallarını artırıb.

Belə ki, bir qisim şəxslər insanların gizli məlumatları, şəkil və videoları, səs yazılarını sosial şəbəkələrdə paylaşacağı ilə hədələyib ondan müəyyən qədər pul tələb edir.

Bəzən isə heç şantaj etmədən insanların şəxsi məlumatlarını yayılır. Bununla bağlı da tez-tez mətbuatda xəbərlər yer alır.

Bəs bu cür addımı atan şəxslər barəsində qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub?

Mövzu ilə bağlı Mediapost.az-a hüquqşünas Vamiq Şükürov açıqlama verərkən bildirib ki, bu məsələ bir çox qaydada tənzimlənsə də, ilk olaraq cinayət hüququ qaydasında nəzərdən keçirilməlidir:

“Belə hallar Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələbetmə cinayətinin təsir dairəsinə düşür. Hər hansısa bir şəxs digər bir şəxs barəsində rüsvayedici materialları, videolar, şəkillər və digər məlumatları yaymaq hədəsi ilə zərərçəkən şəxsdən tələb edir ki, ona müəyyən qədər pul vəsaiti versin. Yaxud da hansısa əmlakı onun adına keçirsin. Bu cür hərəkətlər o zaman cinayət sayılır ki, ortada həqiqətən belə bir rüsvayedici materiallar olsun”.

Ekspert belə vəziyyətin polisin araşdırmasından sonra ortaya çıxacağı halda cinayət işinin açıla biləcəyini qeyd edib:

“Məsələ ilə bağlı digər bir vəziyyət rüsvayedici materialların artıq sosial şəbəkələrdə şantajsız paylaşılmasıdır. İnsanların şəxsi məlumatlarını paylaşdığı üçün həmin şəxslər barəsində də cinayət işi açıla bilər. Belə bir vəziyyət də ola bilər ki, hədələyən şəxsin əlində heç bir rüsvayedici material olmasın, sadəcə, ümumi olaraq məlumat yayacağı ilə bağlı şantaj edib pul alsın. Bu artıq hədə-qorxu ilə tələbetmə cinayəti sayılmır. Çünki bu zaman şəxs kiminsə məlumatlarını yayacağı ilə hədələyib ondan nəsə tələb etmir. Digər bir hal şəxsin kiminsə məlumatlarını şantajsız yayması ilə bağlıdır. Burada da yenə hədə-qorxu ilə tələbetmə yoxdur. Sadəcə, həmin şəxsə aid olan informasiyaların yayılması halı var. Bu isə vətəndaşın şəxsi həyatına aid olan materialların yayılması cinayətidir. Bu halda zərərçəkən məlumatlarını yayan şəxs barəsində cinayət işinin açılmasını tələb edə bilər”.

Vamiq Şükürov bu cür əməllləri törədənləri 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasının gözlədiyini bildirib:

“Hədə-qorxu ilə tələbetmə cinayətinə görə belə əməlləri törədən şəxsləri 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Zərərçəkən cinayəti törədəndən maddi və mənəvi zərərin ödənilməsini də tələb etmək haqqına sahibdir. Lakin bu məsələ ciddi araşdırıldıqdan sonra konkret bir məbləğ deyilə bilər. Zərərçəkən hadisədən sonra hansı stres yaşayıb, həkimə, tutduğu vəkilə, bu işlə bağlı müxtəlif yerlərə nə qədər pul ödəyib, eyni zamanda bu hadisəyə görə işə getmədəyi üçün maaş almayıb. Bütün bu məsələrlər araşdırılır. Bir sözlə dəymiş mənəvi zərər məhkəmənin qərarı ilə müəyyənləşir”.

Rubrika.az


Tarix: 29-11-2019, 23:45
Xəbəri paylaş





Xəbər lenti