Danışıqlarda “üçüncü tərəf” məsələsinin ortaya atılması nəyə xidmət edir? - TƏHLİL


Danışıqlarda “üçüncü tərəf” məsələsinin ortaya atılması nəyə xidmət edir?
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və prezident Vladimir Putinin diqqət mərkəzindədir. Münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər: “Bundan sonra da həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik”.

Rusiya münaqişə tərəfinin məhz Ermənistan olduğunu bir daha bəyan etdiyi vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Dağlıq Qarabağı ayrıca tərəf kimi sırımağa çalışıb. Paşinyan bəyan edib ki, konfliktin həlli 3 tərəfi - Ermənistanı, Azərbaycanı və Dağlıq Qarabağı qane etməlidir.

Ekspertlərin fikrincə, Ermənistan bununla hiyləgər planını legitimləşdirməyə çalışır.

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında dedi ki, Ermənistanın hiyləgər planı çoxdan məlumdur. Hələ 1994-cü ildə müddətsiz atəşkəs elan ediləndən sonra Ermənistan qondarma Dağlıq Qarabağ rejimini üçüncü tərəf kimi danışıqlara sırımaq istəyir. Yəni bu yeni plan deyil: “Paşinyanın məlum açıqlamaları həmin bu məhfur planın həyata keçirilməsi yönündə görülən işlərdir. Həmsədrlər də istəyər bu həyata keçsin, amma buna Azərbaycanı məcbur edən deyillər. Çünki bu, bölgədə vəziyyəti gərqinləşdirə bilər. İndi ki vəziyyətdə də region və dünyada növbəti qaynar nöqtə heç kəsə lazım deyil. Ona görə Qarabağ münaqişəsində Azərbaycandan başqa hamıya sərf edən status-kvo davam edəcək.

Yəni demək istəyirəm ki, indiki məqamda vəziyyətin gərginləşməsinə nə diplomatik masada, nə də hərbi alanda nə Ermənistan, nə də Azərbaycana heç kəs, o cümlədən həmsədrlər imkan verməz".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Nikol Paşinyanın Qarabağ konfliktinin həllinə dair verdiyi açıqlamalar danışıqlar prosesinin söykəndiyi “Yenilənmiş Madrid” prinsiplərinə ziddir. Ümumiyyətlə, “demokrat” maskası geyinmiş Paşinyanın separatçıları danışıqlara gətirmək planı bir növ Qarabağı müstəqil tərəf kimi təqdim edərək danışıqlarda əlavə dividentlər qazanmaq planı qurur: “Bundan əlavə, onun ”münaqişənin həlli üç tərəfi qane etməlidir" açıqlaması absuddur və heç bir hüququ əsası yoxdur. Çünki konkret işğalçı tərəf Ermənistandır. Konfliktin Ermənistan, həm də “Qarabağ xalqı” və Azərbaycan üçün məqbul olması barədə verilən açıqlama Dağlıq Qarabağı müstəqil tərəf kimi qəbul etdirmək cəhdidir. Təbii ki, əsla Azərbaycan buna imkan verməyəcək. Paşinyan beynəlxalq təşkilatlarda da bu tezisi qeyd edir. Amma təfərrüatına varmır. Bilir ki, bu cür nizamlanma beynəlxalq hüquqa zidddir və 20 ildən artıq aparılan danışıqların məntiqi davamı deyil. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozub 20% əraziləri işğal edib, qondarma “Artsax xalqı” yaradıb, üstəlik, burada guya Azərbaycan xalqının maraqlarına uyğun olaraq kompromisə hazır olduğunu vurğulayır. Burada ümumiyyətlə kompromis yoxdur, yalnız Azərbaycanın ərazilərini işğalını legitimləşdirmək durur. Paşinyan bu adla işğalı pərdələyir. Burada əsas işğalçı tərəf Ermənistandır və ortada işğal faktoru var. İşğal olunmuş ərazilər üzərindən qəti bazarlıq etməyə Azərbaycan yol verməyəcək. Qeyd edim ki, ATƏT-in Minsk Qrupunun üç həmsədri daima çalışır ki, qondarma separatçı rejimi tərəf kimi danışıqlara cəlb etsin. Həmçinin Paşinyanın bu təklifinin reallaşdırılmasını ortaya ata bilərlər".

Politoloq vurğuladı ki, həmsədrlər qəti şəkildə BMT qətnamələrinin ziddinə olan, Paşinyanın bu təkliflərini Azərbaycana qəbul etdirə bilməzlər. Hər iki tərəfin qəbul etdiyi yenilənmiş Madrid prinsipləri, BMT-nin dörd qətnaməsi və “Helsinki Yekun aktı” var. Burada ərazi bütövlüyü ön şərtdir.

Azərbaycan ilk növbədə həmsədrlər qarşısında şərt qoymalıdır ki, danışıqlar qəbul edilmiş prinsiplər üzrə davam etdirilməli və bunun məntiqi sonluğu olmalıdır. Dekabrın 5-də Ermənistan və Azərbaycan XİN rəhbərliyinin görüşündə İrəvanın substantiv danışıqlarda maraqlı olub-olmaması daha aydın olacaq".
Tarix: 3-12-2019, 09:01
Xəbəri paylaş





Xəbər lenti