"Ən böyük islahat Qarabağ siyasətində olmalıdır... - Ermənistan müharibə istəyir"






İlin sonuna yaxın Bratislavada keçirilən ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında Ermənistan XİN rəhbəri Mnatsakanyanın çıxışı bir daha sübut etdi ki, 26 ildə aparılan sülh danışıqlarında ermənilərin mövqeyi dəyişməz olaraq qalıb. Düşmən ölkə münaqişənin həllini yalnız işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsində və ya bu ərazilərdə Dağlıq Qarabağın müstəqilliyinin elan olunmasında israrlıdır.  

Yeddi bənddən ibarət Mnatsakanyanın çıxışında ümumi müddəalarla yanaşı açar mövqe sayılacaq bəzi məqamlara xüsusi diqqət yetirməklə qarşı tərəfin dəyişməz işğalçı siyasətinin detallarını nəzərinizə çatdırmağa çalışacağıq.

 Mnatsakanyan deyir: ”Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ sülh yolu ilə nizamlanmanın təməl prinsipidir. Bu prinsipin tanınması, Artsaxın yekun statusunun müəyyənləşdirilməsində heç bir məhdudiyyətin olmamasını nəzərdə tutur ki, bu da qeyd-şərtsiz tanınmalıdır. "Məhdudiyyət olmaması" o deməkdir ki, Artsax xalqı Azərbaycanın yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyü xaricində öz statusunu təyin etmək hüququna malikdir”.
Yəni, Azərbaycanın şərti, qanunları, hüququ keçərli deyil. İşğal yetmirmiş kimi  erməni nazir üzərimizə də “ birbaşa öhdəlik” götürməmizi tələb edir ki, Dağlıq Qarabağ erməniləri heç bir məhdudiyyət olmadan, sərbəst şəkildə öz müqəddəratını təyin etsin. 
 
Daha sonra Mnatsakanyan təhlükəsizlik zolağını əsas gətirərək Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların güzəşt predmeti olmadığını da vurğulayıb. Yəni, illərdir bizim mətbuatımızı bəzəyən”5+2” prinsipi, “Rusiya 5 rayonu qaytarır” və bu qəbildən olan uydurmalar və yalanlara erməni nazir bir daha nöqtə qoydu. Xarici işlər naziri Dağlıq Qarabağın tərəf kimi iştirakı, sülh danışıqları zamanı heç bir atəşkəs pozuntusuna yol verməməyi və bunun üçün Kaspışikin ofisində nəzarət mexanizmini gücləndirməyi, ermənilərə düşmən kimi yox, dost kimi baxmağı, bunu təbliğ etməyi şərt kimi irəli sürüb, Ermənistan dövlətinin konkret mövqeyi kimi təqdim etmişdir. Erməni nazir çıxışının sonunda belə bir cümlə işlədib:”..artıq qəbul edilmiş öhdəliklər münaqişənin yekun həlli perspektivləri fonunda lazım olan etimadı yaratmaq üçün açardır”. Hansı öhdəliklərdən danışır Mnatsakanyan? Biz hansı öhdəliyi götürmüşük ki, qarşı tərəf buna əməl etməyə çağırır? Bəlkə bilmədiyimiz hansısa öhdəlik var ki, erməniyə yaşıl işıq yandırır?
Ermənistan xarici işlər nazirinin çıxışındakı əsas məqamları ona görə vurğuladıq ki, Azərbaycan vətəndaşları tam əmin olsun ki, ermənilərlə 26 yox, 126 il də danışıqlar aparılsa, bizə torpaq qaytarası deyillər və bunu açıq-aydın şəkildə bir daha elan etdilər. Söz budu. Yoxsa, bundan sonra görüşəndə guya erməni fikrindən daşınasıdır ya geri çəkiləsidir? Yox! Deməli, erməni deyir: “ bu meydan, bu şeytan”, mən belə deyirəm, razı deyilsən, öz işindir. 



Öz işimiz isə torpaqlarımızı işğaldan azad etməkdir. Dünya tarixində heç kəs tutduğu torpağı sülhlə qaytarıb yiyəsinə verməyib. Gücün hüququ var və biz o hüquqdan istifadə etməliyik. Düşmən başqa yol qoyubmu? Bratislava çıxışı Azərbaycanı fakt qarşısında qoydu: sülh danışıqları ilə işğal edilən torpağın bir qarışı da qaytarılmayacaq.
 Nə etməli? İki il əvvəl bu başlıqla məqalə yazmışdım və belə bir qənaətə gəlmişdim: “Bu sual Domokl qılıncı kimi millətini sevən, onun işğaldan azad olmasına çalışan hər bir vətəndaşın başının üstündə durmasa və ondan xilas olmaq üçün çıxış yolları axtarmasa dövlət və millət olaraq “gələcəyimiz mübhəm qaranlıq” olacaq”.

Əsasən yenə bu fikirdə qalsam da, ölkədaxili siyasi situasiyada müəyyən dəyişikliklər olduğu üçün və Dağlıq Qarabağ ətrafında hərbi-siyasi vəziyyət daralıb təhlükəli mərhələyə daxil olduğundan, düşmən sülh danışıqlarını tamamilə qəbul etmədiyindən, bu gün dəbdə olan “islahat” sözünü  Qarabağ siyasətinə də təqbiq etməyin artıq zərurətə çevrildiyini diqqətinizə çatdırıram. Ammma, söz kimi yox, əməldə tətbiq etməklə. Azərbaycan Qarabağ siyasətində sərt və çevik diplomatik tərzi seçib düşmənin danışıqlara yer qoymadığını və bundan sonra baş verənlər üçün Ermənistanın məsuliyyət daşıyacağını həmsədrlərə, BMT-yə elan etməlidir. Diplomatiyanın sərtliyini hərbi müstəvidə möhkəmlətməklə düşməni danışıqlar masasına oturmağa məcbur etməli. Detallarına varmadan qeyd etməliyik ki, yalnız uğurla nəticələnən əməliyyatlarla təmas xəttində və dövlət sərhəddində tez-tez qarşı tərəfə narahat günlər yaşatmalıyıq. Sonunda nəticə çıxarmayan ( çox güman ki, belə də olacaq) düşmənə müharibə elan edib, Bütöv Qarabağ uğrunda savaşa başlamalıyıq. Təbii ki, bu ümumi müddəalardır. Bu işi aparan səlahiyyətlilər mövcud beynəlxalq situasiyanı dəyərləndirməklə, amma istənilən halda çəkingən deyil, hücum xarakterli  siyasət aparmaqla mütləq uğura imza atacaqlar. 
Ən böyük islahat Qarabağ siyasətində aparılmalıdır! 

İlham İsmayıl
Tarix: 7-12-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti