Bacı və dəniz

 

(Heminqueyə nəzirə)

Gürcüstanın yüksək dağ kəndlərinin sakinləri dekabrdan may ayına qədər qaz pulu ödəməyəcəkdir. Bu haqda Gürcüstan iqtisadiyyat nazirliyinin qərarında deyilir. Hökumət həmin kəndlərin mavi yanacağa olan ehtiyacını, qazın dəyərini özü verir. Sən demə, neçə ildir orada belə güzəşt vardır. Məqsəd dağ kəndlərini yaşatmaqdır. Qazı bizdən alırlar, bizim Azərbaycanda dağ kəndlərinə isə heç bir belə yardım, güzəşt yoxdur. Gürcüstan iqtisadiyyat nazirini istefaya səsləyirəm.

Ancaq mən əsasən Türkmənistana azarkeşlik edirəm. Nə də olsa özümüzünkülərdir. Oğuz elidir. Orada daha doğma proseslər gedir. Misal üçün, keçən ay orada Məhsul bayramı maraqlı tədbirlərlə yadda qaldı. Hökumət ən çox pambıq yığan zəhmətkeşlərə tapşırmışdı qabaqcadan 43 diaqonallı televizor alıb qutuda bayrama gətirsinlər və orada bu televizorlar... prezident Qurbanqulu müəllimin adından elə onların özünə hədiyyə edildi. Humanist davranaraq kasıbları nəzərə almışdılar, onlar evdəki köhnə televizoru bəzəkli və təzə qutuya qoyub hadisə yerinə gətirə bilərdilər. Xalq öz pulunu özünə xərcləyir, artistlik eləmirlər. Hələ daxili işlər naziri İsgəndər Mulikovu (bütün türk ellərində polis naziri görəvinə haçansa mütləq İsgəndər adlı adamı qoyurlar - bu bizim Makedoniyalı İsgəndər irsinə hörmətimizdən irəli gəlir) çox ləzzətli şəkildə işdən qovdular. Qurbanqulu müəllim oktyabrda onu iclasda danlayıb işdən atmışdı, general rütbəsini azaldıb mayor eləmişdi, bir müddət bu kişinin öldüsü-qaldısı bilinmədi, nəhayət, dustaq şəklində, keçəl qırxılmış başla ekrana çıxartdılar, orda eks-nazir 10 il polisə başçılığı zamanı rüşvət aldığını, qanunları pozduğunu etiraf elədi, özünü vicdansız, tamahkar, satqın adlandırdı. Bir zəruri qeyd də edim, fikir versəniz, Türkmənistanın prezidenti Qurbanqulu müəllim bizim iqtisadçı ekspert Vüqar Bayramova üzdən çox oxşayır. Bunun yazıya nə dəxli var idi, bilmirəm.

İndi bəzi ağzıgöyçəklər qarşıdan gələn parlament seçkisində aktrisaların, müğənnilərin namizəd olmaq istəyinə dodaq büzür. Halbuki, milli adət-ənənələrimizə tam uyğundur. Üstəlik, bütün dünyada artistləri hətta prezident seçirlər (Reyqan, Tramp, Zelenski və sairə), biz niyə bu dəbə uyğun olmayaq? Adətlər isə deputat seçkisində, düşünürəm, daha ciddi ölçü vahidi olmalıdır. Bizim öz milli dəyərlərimiz, ağsaqqallarımız, yengələrimiz, musiqi və dolmamız vardır. Misal üçün, elə yuxarıda adını çəkdiyim Gürcüstanda, Qardabani rayonunda oktyabr ayında belə bir olay olmuşdu: iki nəfər soydaşımız bir qızı götürüb zorla qaçırtmışdı. Qız yolda bunların əlindən qurtulmağa imkan tapmışdı, polis isə cinayətkarları damlamışdı. Həmin vaxt qızın orta məktəbdə müəllimi olmuş Həmid bəy adlı şəxs sosial şəbəkədə qız qaçırtmaq kimi vəhşi adəti pisləmiş, belə hərəkətə əl atanları “alçaq və çirkin adamlar” adlandırmışdı. Sizcə nəticə necə oldu? Orda yaşayan azərbaycanlılar bu sözlərdən utanıb yerə girdilər, bir daha kiminsə qızını zorla qaçırtmayacaqlarına, adam oğurluğu etməyəcəklərinə söz verdilər... Qara yumor idi, hardan... Əksinə, kəndlilər yığışıb müəllimi çırpdılar və onu canlı yayımda üzr istəməyə məcbur elədilər! Halal olsun! El adətlərini unutsaq unudularıq!

Məncə deputat seçkisində də biz qız qaçırdan, it boğuşduran, xəngəl yeyib gəyirən, kəndə şortik buraxmayan, ana-bacı söhbətinə görə 15 il yatan, tində duran, siyasətə qarışmayan, ancaq hər kəsin həyatına burun soxan şəxsiyyətlərə üstünlük verməliyik. Misal üçün, əmisi oğlunun arvadını sevən şəxsi öldürənləri, baldızına söz atana yeddi bıçaq vuranı, toylarda “Ana segahı” zakaz verənləri və sairə yoldaşları deputat seçsək, onlar xalqın səsini hər yerə çatdırar. Tam ciddi sözümdür, biz nəhayət, özümüzün təmsilçilərimizi dəqiq müəyyən etməliyik.

Bu yaxında bir yoldaşın məhkəməsi başlamışdı, onu lap dəhşətli fəlakəti önlədiyi üçün türməyə salıblar: bacısını dənizə getmək istədiyi üçün öldürüb! Təsəvvür elə, nə qədər əxlaqsız, mənəviyyatsız, namussuz bacı imiş: bütün xalqın, manıslar demişkən, 10 milyonun gözü qabağında soyunub çimərlik paltarında dənizə girmək istəyirmiş! Bacı nədir, dəniz nədir?! Bu gün dənizə gedən bacı, sabah siqaret də çəkər. Yox e, sən bəyəm Kolumbsan, Magellansan, Vasko de Qamasan ki, dənizə girirsən? Ayıb deyilmi?

Bax, o yoldaşı təcili azad edib, gələcək parlamentə spiker qoysaq, mənəviyyatımız yaşayar.

Tarix: 9-12-2019, 09:06
Xəbəri paylaş





Xəbər lenti