Müxalifət olmaq niyə çətinləşib?

 

Görünən bu ki, Azərbaycanda adətən ən soyuq ayda-fevralda siyasi həyat «isti olacaq». «Çox isti» də yazıb, seçkilərə diqqəti daha da artırmaq olar, amma «çox zilə» çıxmağa da ehtiyac yoxdu. Seçkilər yalnız parlamentin 125 deputatını müəyyən edəcək, sonra yenə biz bu ölkədə yaşamaqda davam edəcəyik. O səbəbdən bu yarışa «son şans», hətta «fürsət» kimi baxanları anlamaq olmur. Bunlar bir yana, beləliklə, bir neçə müxalifət partiyası həftəsonu toplanıb parlament seçkilərində iştiraka qərar verdi. Qərarı başa düşmək olar-illərin təcrübəsi onlara daha boykot kimi modası keçmiş qərarların faydasız olduğunu öyrədib. İndi bir az da «basabas» əhval-ruhiyyəsi hiss olunmaqdadır.

Sanki kim birinci desə ki, «mən seçkidə iştirak edirəm», mandat onun olacaq. Müxalifətin də tələsik qərarlarının səbəbi var. Elektorat seçkilərə meyllidir, bu dəfə ölkədəki ciddi kadr dəyişiklikləri fonunda əvvəlki tələblərə-seçki komissiyasının yenidən formalaşması və sairə ehtiyac qalmadı. Ola bilsin, bu, bəzi partiyaların taktiki gedişidir, seçki kampaniyası dövründə namizədlərini geri çağırıb, boykotu effektli və daha diqqətçəkən etməyi düşünürlər. Çünki seçkini ədalətsiz elan etmək üçün ən azı bu prosesə qoşulmalısan. Bu səbəbdən bəzi partiyaların seçki finişinə də indiki kimi həvəsli çatacağına ümid çox deyil. Amma verilən qərarlar siyasi konyuktur baxımından doğrudur. İddialara görə, Müsavatın qərarında sabiq başqanın ciddi rolu olub. Seçki ağır prosesdir deyə, onu boykot edib qıraqdan danışmaq bu dəfə alınmayıb. İndi düşərgədə vəziyyət elədir ki, hətta yerli stukturları olan partiyalar belə, ən yaxşı halda 20 dairədə ciddi rəqabətə girə biləcək namizəd irəli sürə bilər. Yanıla da bilərəm. Amma bunun özü də ciddi nəticə ola bilər.

Milli Şuranın boykota meylli olmasını da proqnozlaşdırmaq mümkün idi. Hələ son qərar verməsələr də, qırımlarında boykota meylli görünürlər. Cəmil Həsənli elə bu hakimiyyətin zamanında deputat mandatı alıb, elə bu komissiyalarla, elə bu Seçki Məcəlləsi ilə, elə Məzahir Pənahovun sədrlik etdiyi MSK-dan. İndi isə bunların heç birini bəyənmir, pisləyir. Yəni «o vaxt yaxşıydı, indi niyə pisdir» sualına arqumentli cavabı yoxdur. Amma boykot onun hüququdur, eləcə də AXCP-nin. Bu qərara görə onları danlamaq və ya dəstəkləmək fikrim yox. Əli Kərimli neçə vaxtdır tribuna axtarırdı şəhərin mərkəzində. İndi buyur, hökumət qanun-qayda ilə tribuna verir. Qeydiyyatdan keç, təbliğatını apar. Bu qədər sadə olmaya bilər, əngəllər, bəhanələr də mümkündür.

Amma nəzərə almaq lazımdır ki, asan müxalifətçilik dövrü keçdi. İndi də danışmaq və iqtidarın zəif yerlərini tapmaq mümkündür. Fəqət bu dəyişikliklər fonunda Prezident İlham Əliyev özü həm də müxalifətin görmək istədiyi işləri gördü, görməkdə də davam edəcəyi görünür. Özü həm hökumət, həm də onun tənqidçisidir. Yəni ölkədə problemli sahələr var, tənqid ediləsi məsələlər də. Amma bunları dövlət başçısı özü deyir, özü də həll etməyə çalışırsa, müxalifətin işi həqiqətən çətindir.

İndi yalnız iki-üç müxalifətçi istənilən dairədə seçkilərə qatılmağa risk edə bilər, qalanları yarışda qalibiyyət üçün daha ciddi işləməli, yeni metodlar, yanaşmalar tapmalıdır. Nəzərə alaq ki, YAP da siyahısında ciddi dəyişikliklərə gedir.

Maraqlı yarış olacaq. Hələ ki, bu qədər…

 

Nazim SABİROĞLU
Tarix: 9-12-2019, 14:00
Xəbəri paylaş





Xəbər lenti