"Azərbaycan sabah da Qarabağda antiterror əməliyyatına başlaya bilər"



"Azərbaycan sabah da Qarabağda antiterror əməliyyatına başlaya bilər"

Zeynal Əmrəliyev: "David Camalyanın Türkiyə ilə Azərbaycan arasındakı gizli anlaşma barədə dedikləri onun qeyri-ciddiliyindən xəbər verir"

"Belə bir əməliyyatın keçirilməsi üçün əvvəlcə xarici və daxili risklər dəqiq hesablanıb məhz onun əsasında qərar verilməlidir"

Kamran Sultanlı: "Meğri rayonunun Azərbaycana qaytarılması və burada Türkiyənin yardımı mümkün deyil"

"Rusiya əsla Türkiyə ilə Azərbaycanı ayıran və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını alan Ermənistan kimi bufer zonanın əldən getməsinə imkan verməz"

Bugünlərdə erməni hərbi ekspert David Camalyan bildirib ki, Türkiyə ilə Azərbaycan ölkələr arasında birbaşa quru dəhlizinin hərbi yolla bərpası ilə bağlı gizli anlaşıblar. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Camalyan Ankara və Bakının strateji hədəfinin Meğrini geri qaytarmaqdan ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək: "Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır".

Bununla yanaşı, o, hazırda Azərbaycanın Rusiya ilə də uğurlu siyasət yürütdüyünü də vurğulayıb: "Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə öz növbəsində bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu, bizim üçün qəbuledilməz bir ssenaridir. Kremldəki strateji tərəfdaşlarımız bizim də "qırmızı xəttimiz" olduğunu açıq şəkildə bilməlidirlər". Aprel müharibəsi mövzusuna da toxunan hərbi ekspert etiraf edib ki, o zaman erməni tərəfi bir neçə strateji mövqeyini itirib: "Hazırda Ermənistan bu mövqelərin geri qaytarılması barədə düşünür".

Yeri gəlmişkən, qeyd edək ki, ermənilərin Qafqazda özlərinə dövlət qurmaları üçün Azərbaycanın İrəvan xanlığının ərazisi və İrəvan şəhəri ermənilərə 29 may 1918-ci ildə Azərbaycan parlamentinin qərarı ilə verilib. Meğri, Qafan, Gorus, Dərələyəz və Göyçə ərazisi 1920-ci ildə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Ermənistana birləşdirilib. Həmçinin, 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayəti yaradılıb və Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərə Azərbaycan ərazisində əlavə muxtariyyət də verilib.

"Gələn il ermənilərə veriləcək son tarix olacaq, Bakı sonra silaha əl atacaq"

Məsələnin maraqlı tərəfi ondadır ki, ukraynalı politoloq Nataliya Belous da bunabənzər açıqlama ilə çıxış edib. Belə ki, o, gələn il Azərbaycanın antiterror əməliyyatına başlayacağını iddia edib: "Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsində, Qarabağda baş tutacaq". Ukraynalı politoloqun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və ugurla başa çatmasına zəmanət verir: "Hazırda hər şey geosiyasi dəyişikliklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi konstruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq. Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbçilər belə çağırılmayacaq".

"Bu, heç də inandırıcı deyil, görünür, David Camalyan qabağa düşüb özünü çox bilmiş göstərmək istəyib"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev bu qənaətdədir ki, Qarabağda hərbi əməliyyatlar aparmaq Azərbaycanın müstəsna səlahiyyətidir: "Yəni Azərbaycan istənilən vaxt əməliyyat keçirə bilər. Bunun üçün hazırda bizə hansısa bir qurumun reaksiyası, qətnaməsi hüququ cəhətdən lazım deyil. Zatən, BMT-nin bununla bağlı qətnamələri var. Ukraynalı politoloq Nataliya Belous fikirlərini ona görə belə ifadə edir ki, Azərbaycan tərəfi də dəfələrlə bizim başqa dövlətin torpağı ilə işimizin olmadığını bildirib. Zənnimcə, ukraynalı politoloq məhz buna iddia edərək hərbi əməliyyatların Ermənistan ərazisində olmayacağını deyir. Təbii ki, müasir Ermənistan ərazisi də tarixi Azərbaycan torpaqlarıdır və onlar saxtakarlıqları hesabına burda özlərinə dövlət yaradıblar".

Türkiyə ilə Azərbaycanın ölkələr arasında birbaşa quru dəhlizinin hərbi yolla bərpası ilə bağlı gizli anlaşmasına gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin eksperti hesab edir ki, David Camalyanın bu barədə dedikləri onun qeyri-ciddiliyindən xəbər verir: "Əgər bu razılaşma həqiqətən də gizlidirsə, o zaman erməni politoloq bunu hardan bilir? Bu, heç də inandırıcı deyil. Görünür ki, David Camalyan qabağa düşüb özünü çox bilmiş göstərmək istəyib. Azərbaycan və Türkiyə arasında hazırda mövcud olan hərbi əməkdaşlıq hər kəsə məlumdur. Bu əlaqələr zaman ötdükcə daha da inkişaf etdirilir. Ancaq konkret nəyisə iddia etmək cəmiyyəti aldatmaqdır. Ancaq yenə deyirəm, Azərbaycan istər 2020-ci ildə, istərsə də günü sabah Qarabağda antiteror əməliyyatına başlaya bilər və buna tam hüququda çatır. Bu zaman Türkiyənin də Azərbaycanı dəstəkləyəci şübhəsizdir. O ki, qaldı buna digər dövlətlərin münasibətinə, düşünürəm ki, ölkəmiz əgər belə bir addım atacaqsa bunu hərtərfli hesablayıb atacaq. Təbii ki, belə bir əməliyyatın keçirilməsi üçün əvvəlcə xarici və daxili risklər dəqiq hesablanıb məhz onun əsasında qərar verilməlidir. Bu dünyanın istənilən yerində belədir".

"Ermənistana hücum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faktorunu işə sala bilər"

“Paşinyan Qərbin dəstəyini qazanmaq üçün xristian ritorikasına keçid edir” - KAMRAN SULTANLI

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında bu cür çıxışları daha çox manipulyasiya xarakterli fikirlər kimi qiymətləndirdiyini qeyd etdi: "Meğri rayonunun Azərbaycana qaytarılması və burada Türkiyənin yardımı mümkün deyil. Diqqətinizə çatdırım ki, hələ 90-ci illərdə Azərbaycan və Türkiyə arasında quru yolunun açılması üçün məşhur "Qobl planı" irəli sürülmüşdü. Bu plana əsasən Megri rayonu Azərbaycana verilməli idi. Lakin Rusiyanın o zamankı prezidenti Boris Yeltsin Heydər Əliyevə zəng edərək "Siz nə edirsiz, Türk qurşağımı yaradırsınız?" ritorik sualını vermişdi. Yəni Moskvanın bu dəhlizə baxış bucağı budur. Buna görə də Rusiya bazasını o hissədə açıb, faktiki Zəngəzur-Dərələyəz hissəsində sərhədləri də özü qoruyur. Həmçinin, Ermənistana hücum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faktorunu işə sala bilər".

Onun sözlərinə görə, Türkiyə heç bir şərtlə buna getməz: "Çünki Türkiyənin Cənubi Qafqazda maraqları həyatı deyil. Ankara üçün önəmli olan Suriyadır. Həmin bölgədə Rusiya ilə tərəfdaşlıq isə geosiyasi reallıqlardan irəli gələn bir taktiki ittifaqdır. Buna görə Rusiya əsla Türkiyə ilə Azərbaycanı ayıran və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını alan Ermənistan kimi bufer zonanın əldən getməsinə imkan verməz. Qarabağda antiterror əməliyyatına gəldikdə isə bu, dünyada baş verən geosiyasi reallıqlardan irəli gələ bilər. Azərbaycanda 2020-ci ildə parlament seçkiləri olacaq. Ermənlər də Qarabağda qondarma seçki edəcəklər. Həmçinin, Rusiyanın artan təsiri və nüfuzu hər iki tərəfi ehtiyatlı olmağa vadar edəcək. Bu baxımdan, 2020-ci ildə Qarabağda antiterror əməliyyatının keçiriləcəyini zənn etmirəm".


Tarix: 12-12-2019, 23:13
Xəbəri paylaş





Xəbər lenti