İki faiz inflyasiya


“Qarışqa şıllaq atdı,

dəvənin budu batdı.

Milçək mindik Kür keçdik,

yabaynan dovğa içdik".

(Azərbaycan folklorundan qaravəlli)

Mərkəzi Bank illik inflyasiyanı hesablayıb, cəmi 2 faiz çıxarıbdır. Təəccüblü rəqəmdir. Görəsən bunlar bu faizi hansı respublikanın dükan-bazarında aparmışdır, haranın qiymətlərinə baxıblar? İstənilən azərbaycanlı özünün siçanlar oynaşan cibinə, göylə gedib raketimizin orbitinə qalxan qiymətlərə baxaraq illik inflyasiya rəqəminin ikirəqəmli faizi ötdüyünü, çoxdan 10 faizi adladığını yaxşı bilir. Bunlar isə deyir 2 faizdir. Guya 2019-cu il ərzində Azərbaycanda qiymətlər cəmi 2 faiz qalxıbdır. O qədər açıq yalandır ki, bilmirsən buna güləsən, yoxsa ağlayasan.

Sözgəlişi, bugünlərdə dükandan şampun almaq istəyirdim, baxıram qiymət azı 30 faiz qalxıbdır. Satıcıdan soruşuram bu niyə bahalaşıb, deyir: “Benzinin qiyməti qalxacaq, ona görə hər şeyi qaldırırlar”. Görəsən bu şayiəni camaat arasında kim yayır? (Deyəsən elə mən özüm də indi bunu yaydım). Eyni zamanda, fikirləşirəm saçımızı şampun yox, benzinlə yuyub sobada qurutsaq inflyasiyanın azalmasına müsbət təsir edərikmi? Hər halda bir nəfər azalar, dövlət büdcəmizin məməsindən yapışan hansısa vətəndaş cəhənnəmə vasil olar, hökumətin üzərinə yük düşməz. Yoxsa qiymətləri niyə qaldırırlar? Buna məcburuq. İslahatlar gedir, cavan uşaqlar gəlir, sistemin valları, çarxları təzə yağa ehtiyac duyur. Axı bizim uzun illərdən qalan təcrübəmiz var, bilirik ki, insan vəzifədə çox olanda yeyib doyur.

Hələ inflyasiyanın cəmi iki faiz olmağı şükürlüdür, MB deyir, ilin əvvəlindən istehlak səbətindəki məhsulların 15 faizinin qiyməti düşübdür! Guya bizdə nəinki bahalaşma gedir, hətta ucuzlaşma yaranıbdır. Yenə də sual yaranır ki, görəsən bunlar hansı ölkədə yaşayırlar, nəfəs alırlar. Sovet dövründəki bir lətifə yada düşür. Deyir, SSRİ-də uşaq bağçasına yoxlama komissiyası gəlir, təlim prosesini izləyir. Tərbiyəçi uşaqlara sual verir: “Uşaqlar, dünyada ən yaxşı bağça hardadır?”. Uşaqlar xorla deyir: “Sovet İttifaqında!”. Soruşur: “Ən dadlı yeməklər hansı ölkənin bağçalarında verilir?” Uşaqlar yenə xorla “Sovet İttifaqının!” deyir. Beləcə, “ən yaxşı oyuncaqlar”, “ən gözəl tərbiyəçilər”, “ən müdrik dövlət başçısı” və sairə də Sovet İttifaqında “çıxır”, yoxlama məmnun qalır, getmək istəyəndə görürlər uşaqlardan biri ağlayır. Komissiya sədri bunun başını sığallayır: “Balaca, niyə ağlayırsan?” Uşaq deyir: “Mən Sovet İttifaqında yaşamaq istəyirəm!”

İlin əvvəlində cibindəki 50 manatla dükana pis-yaxşı ürəklə girə bilərdinsə, indi yalan olmasın, sənə 100 manatla heç alış-veriş səbəti vermirlər. Özü də bizim iqtisadi sistemin bazar iqtisadiyyatına, tələb-təklifin balanslaşdırılmasına, qiymətin bazarla formalaşmasına və sairəyə əsaslanmadığı sadə gözlə görünür, heç elmi araşdırmaya-zada ehtiyac yoxdur. Misal üçün, bir gün dükandan pomidoru 1 manata alırsan, sabah gəlirsən ki, eyni mal 2 manat 80 qəpik olubdur. Yumurtanın qiymətindəki rəqs amplitudalarına istənilən toyxana rəqqasəsi həsəd aparar. Bu qiymətlər niyə belə kəskin oynayır, bunları oynadan kimdir - məlum məsələdir. İnhisar, qeyri-azad iqtisadi mühit, məmur oliqarxiyası, korrupsiya və sairə.

Bəzi məhsulların qiymətini isə zərərli, qorxunc üsullarla sabit saxlayırlar: keyfiyyətindən, çəkisindən kəsməklə, içinə başqa, “alternativ” və ucuz qatqılar əlavə eləməklə. Ona görə qida zəhərlənmələri, mədə-bağırsaq, ürək-damar, onkoloji xəstəliklər artır, uşaqlar anemiyadan (qan azlığından) əziyyət çəkir. Qiymətlərlə bizim uşaqlarımızın boyu arasında tərs mütənasib əlaqə var. Biri qalxır, o biri düşür.

Əlbəttə, o biri rəsmi statistika orqanlarından soruşsan onlar da daş atıb daşını tutacaq, xəstəliklərin azaldığını deyəcək. Uşaqların boyunun çinarı keçdiyi məlum olacaq. Camaat isə “siyasətə qarışmadığı” üçün öz-özünə donquldanıb kiriyəcək və fikirləşəcək: “Kaş Sovet İttifaqında yaşayardıq”.

Tarix: 14-12-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti