Nəsimi şefi də gedir: prezidentin parkını dağıdıb, tikintiyə 3 milyon alıb...

 

Bir neçə il qabaq prezidentin tapşırığı ilə Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində salınan park məhv olmaqdadır. Parkdan fotolar missiya.az tərəfindən yayılıb.

Parkın metlaxları dağılıb, pilləkənlərində daşlar sökülüb-tökülüb, fontan susuz, istifadəsiz qalıb. Baxımsızlıqdan park bərbad, acınacaqlı vəziyyətdədir.

Cəmi bir neçə ildir salınan parkın bu günə düşməsinin səbəbi məhz diqqətsizlikdir.

Nəsimi rayon icra başçısı Asif Əsgərovun qarış-qarış əraziləri satmağa başı elə qarışıb ki, prezidentin göstəriş ilə açılan park belə yadına düşməyib.

Ancaq onun əməlləri təkcə parkın dağılması ilə məhdudlaşmır. Asif Əsgərov daha əvvəl Səbayelin icra başçısı olub. Burada çoxlu qalmaqallar, özbaşınalıqlar, büdcə mənimsəmələri ilə ad çıxarıb.

Bu haqda reportyor.info yaxın günlərdə yazmışdı ki, ardınca oğlunun avtoqəzada öz dostunun həyatına son qoyması, yeniyetmənin həbsdən çıxarılıb cəzasını axıra qədər çəkməməsi dillərdə əzbərə çevrildiyinə görə A.Əsgərov bu hadisələri ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdı.

Bir müddət sonra hamiləri hesabına Nəsimi İH başçısı təyin edildi. Burada da özünü doğrultmaq üçün heç bir iş görmədi. A.Əsgərovun dövründə yaşıllıqların məhvi, tikintilərin aparılması, binaların həyətlərinin satılması davam elədi.

Artıq onun himayədarları da yoxdur və Bakının bu mərkəzi rayonuna uğurlu, işləyən yeni kadr təyinatı gözlənilir.

Bu yaxınlarda tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərovun “Hürriyyət”də çap olunmuş şikayətində A.Əsgərova ittihamlar səsləndirilmişdi:

“Nəsimi rayonunda icra başçısı tərəfindən tikinti şirkətlərinə ərazi bir milyon manat rüşvət müqavilində verilir. Bu qeyri-rəsmi ödənişlərin hara getdiyinə aydınlıq gətirməyin zamanı deyilmi? Təkcə “Regal” MTK bu rayonda 3 yerdə tikinti aparir, bu isə 3 milyon manat rüşvət deməkdir.

Nəsimi rayonunda isə onlarla tikinti şirkətləri fəaliyyət göstərir. Nəsimi icra başçısının Sizin nə islahatlarınızdan, nə də fərmanlarınızdan ibrət götürmək fikri yoxdur”.

Ümumiyyətlə, hələ Eldar Əzizov Səbayel İH başçısı olanda A.Əsgərov dövründə həyata keçirilmiş bir sıra qanunsuzluqların üstü açılmışdı. Xüsusən də sürüşmə zonasında villaların tikintisinə məhz A.Əsgərovun dövründə icazə verildiyi məlum olmuşdu.

Bakının sabiq meri Hacıbala Abutalıbov da açıq şəkildə demişdi ki, sürüşmə zonasında tikintilərə icazə verməyib və məsuliyyəti yerli idarə orqanları daşıyır. Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılırdı.

Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib.

Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.

Bundan başqa, Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.

Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı.

Xatırlayırsınızsa, A.Əsgərov bir qrup jurnalistə Mətbuat Günü Çində istehsal olunan və bu ölkədə 6 dollara, Azərbaycanda isə 20-30 manata satılan saxta “Tissot” saatlar bağışlamışdı.

Ona görə də saxta saatla, oğluna görə qonaqlıq verməklə mətbuatın sərbəstliyini, müstəqil fəaliyyətini həlqəyə salmaq, azadlıqlarını buxovlamaq özünə xidmətdir.

http://cahan.info/manset/12361-prezidentin-parkini-dagidib-tikintiye-3-milyon-alib.html
Tarix: 16-12-2019, 08:19
Xəbəri paylaş





Xəbər lenti