Fərzəliyevin intihar edən və qaçan işçiləri: Həştərxana uzanan izlər...

 


Ötən gün media səhərini Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadənin özünü asması xəbəri ilə açdı.
E.Əlizadə yaxınları ilə öz doğum gününü qeyd edib, tort kəsib, sonra, həyat yoldaşını və iki övladını bağ evinə yola salıb, öz mənzilinə gedərək intihar edib.
Ad günü məclisi fotolarından E.Əlizadə kifayət qədər nikbin, gülərüz görünür, əlində qədəh var, doğmaları ətrafındadır.
KİV-də yayılan xəbərlərə görə, mərhumun məclisində Rusiyanın Həştərxan vilayətinin qubernatoru da iştirak edib. Hə, burada dayanırıq, ətraflı bir qədər sonra...
Anaxeber.info-nun verdiyi xəbərə görə, Nərimanov RİH-də kifayət qədər yüksək vəzifə tutan E.Əlizadə əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb.
Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb
Nərimanov rayon icra başçısının I müavini Şahmar İbadov intiharın onun işi ilə əlaqədar olmadığını bildirib və şəxsi həyatında problemlə əlaqələndirib.
Nərimanov İH İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov isə belə danışıb: “İntiharın baş verdiyi gün axşama kimi onunla birlikdə olmuşam.
Həmin gün Elmar Əlizadənin doğum günü idi, evə gedib və bildiyimiz kimi elə evində də özünü asıb. İntiharın səbəbinə gəlincə, bu onun şəxsi həyatı ilə bağlıdır, bildiyimizə görə ailəsində hansısa problemlər vardı”.
Hadisə ilə bağlı hansısa fərziyyələr irəli sürmək, mülahizələr yürütmək çətindir, ölüm işinin obyektiv araşdırılması istintaqın səlahiyyətindədir.
Lakin hələ mərhumun ailəsindən, xanımından hər hansı açıqlama, istintaqın ilkin rəyi olmadığı halda Nərimanov RİH rəsmiləri ortalığa düşərək intiharın səbəbini açıqlayırlar.
Onlar E.Əlizadənin nə üçün özünü asdığı aydınlaşdırılmamış işində hər hansı problemi olmadığını bildirərək məsuliyyəti ailədaxili problemin üzərinə qoyurlar. Gözləmirlər ki, ailəsi də intiharla bağlı münasibət açıqlasın.
Maraqlıdır, Ş.İbadovla İ.Əsədovun mərhumun işlə bağlı problemi olmadığını tələm-tələsik deməsində mətləb nədir?!
İşin ikinci hissəsinə gəlincə, son zamanlar Nərimanov İH-də qəribə hadisələr yaşanır. E.Əlizadənin intiharından bir neçə gün qabaq yayılmış xəbərdə deyilirdi ki, İH-nin  Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail vəzifəsindən azad edilib.
Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.
Sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. O, məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.
N.Abdullayev qardaşının ölkədən gedişini təkzib etməyib: “Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğurdan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.
Lakin çox çəkmir ki, Nərimanov İH-nin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov açıqlama yayır. Bildirir ki, bəzi saytlarda məlumatlar yanlışdır:
“Abdullayev Rəfail Hüseynqulu oğlu 2019-cu il sentyabrın 16-da öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Biznes fəaliyyəti ilə məşğuldur”.
Amma  R.Abdullayev heç də rəsmi açıqlamada deyildiyi kimi, bu ilin sentyabrında işdən getməyib, bu yaxınlarda aradan çıxdığı deyilir.

Və Nərimanov İH-də nə baş verirsə, ardınca başqa bir şöbənin müdiri ad günü gecəsi intihar edir. Bu iki hadisə arasında hansısa bağlılıqlar olduğunu söyləmək çətin olsa da, Nərimanov İH daxilində nələrsə cərəyan etdiyi ehtimalı yaranır.
Anaxeber.info yazır ki, nəhayət, bu proseslərin toqquşduğu bir nüans diqqət çəkir. Birincisi, E.Əlizadənin doğum günündə Həştərxanın qubernatorunun iştirak etdiyi vurğulanır.
Rusiya kimi nəhəng bir dövlətin qubernatorunun hansısa icra strukturunda şöbə müdiri işləyən adamın doğum günü məclisinə qatılması suallar doğurur - qubernatoru onunla nə birləşdirir?
Bu sualın cavabının izi Həştərxana uzanır. Əvvəla, Nərimanovun icra başçısı Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunan yeganə İH rəhbəridir.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə Abdin Fərzəliyev çox yaxın dostdurlar.A.Fərzəliyev Həştərxanda otelçilik və logistika biznesi ilə məşğuldur.
Bu yaxınlarda isə KİV yazdı ki, aqrar sektora da sərmayə yatırıb. İcra başçısına məxsus istixanalarda pomidor və subtropik meyvələr yetişdiriləcək. Bir sözlə, yaxşı əlaqələri var.
Və həmin Həştərxanın qubernatoru intihar edən şöbə müdirinin ad günü mərasimində iştirak edir, ölkədən qaçdığı deyilən digər şöbə müdirinin isə bizneslə məşğul olduğu açıqlaması verilir. İH daxilində müəmmalı nələrinsə yaşandığı hiss olunur. Dediyimiz kimi, heç bir açıqlama olmamış İbadovla Əsədov intiharı ailə probleminə bağlayırlar.
Fərzəliyevin I müavini Ş.İbadov isə oğlunun avtoqəzada adam öldürüb bəraət alması, müxtəlif maxinasiyalar, mülklər, gözdən əlillərə ayrılan evlərin satması kimi qalmaqallarla gündəmə gəlmişdi. Beləliklə, icra başçısının ətrafında heç də xoş olmayan hadisələr yaşanır...
Anaxeber.info
Turan

Tarix: 17-12-2019, 19:03
Xəbəri paylaş





Xəbər lenti