Ankarada Qarabağ münaqişəsi müzakirə olunub

 

“Ermənilər Azərbaycana məxsus hər şeyi məhv edirlər”

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Türkiyənin paytaxtı Ankarada çıxışı zamanı bildirib ki, Ermənistan işğal etdiyi bölgələrdə Azərbaycana məxsus izləri belə sıradan çıxarmağa çalışır.
Türkiyənin “Anadolu Agentliyi”nin xəbərində Tural Gəncəliyevin aşağədakı fikri vurğulanır: “Erməni tərəfi hazırda işğalın nəticələrini qanuniləşdirməyə çalışır və bu məqsədlə də Dağlıq Qarabağ və ətrafındakı rayonlarda Azərbaycana məxsus izləri silməklə məşğuldur. Ermənilər Azərbaycana məxsus irsi məhv edirlər, bizə məxsus hər hansı bir izi silməyə çalışırlar, abidələri, tarixi məbədləri və dini abidələri sıradan çıxarırlar və ya onları özünüküləşdirirlər. Bu, təkcə beynəlxalq humanitar qanuna zidd deyil, həmçinin bəşəriyyətə qarşı cinayətdir”.
Azərbaycanın digər etnik qrupların mədəniyyətinə və irsinə hər zaman hörmət etdiyini bildirən Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan hökuməti paytaxt Bakının mərkəzindəki erməni kilsəsini qoruyub saxlayıb.
12 yaşında ikən erməni qoşunları tərəfindən işğal edilən Azərbaycanın Şuşa şəhərində anadan olmuş Tural Gəncəliyev bildirib ki, ərazi iddiaları başlamazdan əvvəl Azərbaycan xalqı Dağlıq Qarabağdakı erməni icması ilə ən azı 150 il ərzində dost münasibətində yaşayıb.
"Biz ermənilərə qucaq açdıq və onlarla dinc şəkildə sülh içində yaşadıq və yaxşı münasibətlərimiz vardı", Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri belə deyib.
Bəzi erməni millətçiləri Sovet İttifaqının “son çağlarında” Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürdü, Sovet İttifaqının dağılması erməni millətçilərinə qol-qanad verdi və onların işinə yaradı.
O, çıxışında həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsi Azərbaycana bir çox məşhur tarixçi, filosof, mütəfəkkir, bəstəkar və musiqiçi bəxş edib. Böyük zaman kəsiyində Dağlıq Qarabağ Azərbaycanın “sənət və mədəniyyət beşiyi” kimi tanınıb.
Tural Gəncəliyev onu da bildirib ki, işğal olunmuş ərazilərdən qaçmaq zorunda qalan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün hazırda Azərbaycanın müxtəlif şəhərlərində yaşayır.
Paneldə çıxış edən Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (FİH) rəhbəri Fərid Şəfiyev deyib ki, 1988-ci ildə millətçilər ermənilərin birləşməli olduğunu əks etdirən şüarları gündəmə gətirdilər. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə erməni millətçilərinin "birləşmə" istəyi "Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmə iddiasına" çevrildi.
Tədbirdə iştirak edənlər arasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, xarici nümayəndəlik rəhbərləri və bürokratlar vardı.

Elbəyi Həsənli, Sürix
Musavat.com
https://www.aa.com.tr/en/politics/armenia-removes-azerbaijans-traces-in-upper-karabakh/1649122
Tarix: 18-12-2019, 21:27
Xəbəri paylaş





Xəbər lenti