Kasıb-kusubun pulunu yeyən icra başçılarının dövranı bitir...

İlqar Hüseynli: “Bundan bəzi icra başçılarının nəticə çıxaracağı istisna deyil”
“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər”. Bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.
Ölkə başçısının sözlərinə görə, əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi: “Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən, ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”.
Məlum olduğu kimi, bəzi vəzifəli şəxslərin həbs edilməsi cəmiyyətdə böyük rezonans doğursa da, əslində, bu proses gözlənilən idi. Nəzərə almaq lazımdır ki, Prezident bu prosesi yeni icra başçılarını şəxsən qəbul edəndə artıq elan etmişdi. O vurğulamışdı ki, icra başçıları vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səy göstərməlidirlər: “Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir”.
Bütün hallarda, kasıb insanlara ayrılan vəsaitləri mənimsəyən icra başçıları ilə bağlı görülən tədbirlər digər icra başçılarına görk olacaqmı? Onlar nə dərəcədə bu kimi neqativ hallara son qoyacaqlar?
  • “Xüsusən də imkansız ailələrə verilən ünvanlı sosial yardımlarla bağlı ciddi pozuntuların olduğu deyilir”
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, bundan bəzi icra başçılarının nəticə çıxaracağı istisna deyil: “Ancaq bunu bütün icra başçılarına aid etmək olmaz. Məsələ ondadır ki, bir sıra icra başçıları müxtəlif korrupsiya işləri ilə məşğul olublar. Həbs edilən Nizaməddin Quliyevlə eyni əmək stajına malik olan icra başçılarının yüzdə doxsanı eyni tipli, eyni ssenari üzərindən qurulmuş korrupsiyanı ediblər və indinin özündə də edirlər. Xüsusən də imkansız ailələrə verilən ünvanlı sosial yardımlarla bağlı ciddi pozuntuların olduğu deyilir. Eyni zamanda, işsizlər üçün 6 ay müddətinə nəzərdə tutulan əmək kartlarının mənimsənilməsi halları var. Bunu müxtəlif qohumlarının, yaxın adamlarının adına yazırlar. Bunların hamısının ayrıca bankomatları, ayrıca bankomatdan pulçəkən komandaları fəaliyyət göstərib. Yəni məsələyə sistemli şəkildə yanaşmaq lazımdır. Təbii ki, bir sıra icra başçılarının mənimsəmələrə yol vermələrinin ifşa edilməsi alqışlanmalıdır. Bu minvalla korrupsiya hallarının qarşısı alınır, bəzi icra başçıları məsuliyyətə cəlb edilir. Çünki bütün bunlar böyükmiqyaslı cinayət əməlləridir. Həmin cinayət əməllərinə görə də icra başçıları cavab verməlidirlər. Qarşıdan parlament seçkiləri gəlir. Artıq siqnallar var ki, bəzi icra başçıları parlament seçkiləri üzərindən də korrupsiya ilə məşğul olmaq niyyətindədirlər. Ona görə də bu istiqamətdə görülən tədbirlərin miqyasının daha da genişləndirilməsinə ehtiyac var. O üzdən, proses davamlı və ardıcıl olmalıdır”.
 Siam.az
Tarix: 21-12-2019, 09:35
Xəbəri paylaş





Xəbər lenti