Deputatlığa namizədlərin bolluğu - sosial-psixoloji səbəblər


Kimisi özünü sınayır, kimisi reklam edir, kimisi də düşünür ki....

Növbədənkənar parlament seçkilərinə cəmiyyətin marağının yüksək olduğu müşahidə edilir. Bu deputatlığa namizədliyini irəli sürənlərin sayının hər gün artmasında özünü daha qabarıq göstəməkdədir. Budəfəki seçkilərdə gənclərin xüsusi aktivlik göstədiyi də göz önündədir. Hər gün müxtəlif sferalara aid gənclərin, ayrı sahələrin təmsilçilərinin, həmçinin tanınmış şəxslərin deputatlığa namizədliklərini elan etdikləri barədə xəbərlər yayılır. 9 fevral seçkilərinin əvvəlki parlament seçkiləri ilə müqayisədə namizədlərin daha çox olması ilə də fərqləndiyini indidən qeyd edə bilərik.

Eyni zamanda belə bir sual da meydana gəlir: Namizədlərin çoxluğunda hansı sosial, psixoloji məqamlar rol oynayır? 

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a öncə bildirdi ki, namizədliyini irəli sürən və namizəd olmaq istədiyini bəyan edən şəxslərin bir çoxunu tanıyır. Namizədlərin sayının çoxluğunu bir sıra sosial-psixoloji səbəblərlə izah etmək mümkündür: “Əvvəla, ölkə prezidenti dedi ki, parlament seçkilərində də gənclərin aktiv olması arzuediləndir. Prezidentin gənclərə xüsusi önəm verməsi gənclərin böyük bir hissəsini hərəkətə gətirdi. Gəncliyin belə bir psixologiyası var ki, onlar istəyirlər özlərini haradasa təsdiq eləsinlər, karyera qursunlar. Bu, gəncliyin psixologiyasıdır və təbiidir, buna görə heç kimi qınamaq olmaz.

Namizədliyini irəli sürən insanların bir çoxu isə özləri də bilirlər ki, seçilməyəcəklər. Amma burada bir şərait yaranır ki, insan özünü təsdiq edir, sınayır, tanıdır, reklam edir. Özünü tanıtmaqla düşünür ki, seçkidən sonrakı dövrdə ona yeni qapılar aça bilər. Fikirləşir ki, indiki seçkidə ola bilsin şansım azdır, yoxdur, ancaq ən azından bir təcrübə, sınaq keçmək, yeni üfüqlər əldə eləmək imkanlarım yaranır. Bəziləri isə təsadüflərə, fors-major hadisələrə ümid bağlayır, lotereya bileti alırmış kimi seçkiyə gedir. Bir qrup insanlar da var ki, həqiqətən də potensialına arxayındır, həqiqətən istəyirlər ki, xalq üçün, dövlət üçün nə isə eləsinlər. Belə insanlar haqlı olaraq düşünürlər ki, onların bacarıq və bilikləri, imkanları seçicilərin, kimlərinsə diqqətini cəlb etdi".

Əhməd Qəşəmoğlu hesab edir ki, ona görə də namizədliyini irəli sürənləri bir neçə qrupa ayırmaq lazımdır. Yəni onların hamısı eyni düşüncədə, eyni məqsəddə deyil: “Bir qrup, sadəcə, özünü təsdiq eləmək, tanıtmaq üçün seçkiyə qatılmağa vasitə kimi baxır, bir qrup seçkiyə özünü reklam eləmək üçün vasitə kimi baxır, bir qrup təsadüflərə inanaraq seçkiyə gedir, bir qrup öz potensialına, imkanlarına real inanaraq seçkiyə qatılır, bir qrupun isə heç deputatlıq barəsində təsəvvürləri yoxdur, bu qrupa daha çox şou-biznes nümayəndələrini aid etmək olar. Həmin incəsənət işçiləri fikirləşir ki, keçən dəfə filan müğənni deputat olmuşdusa, mən niyə olmayım. Bir ayrısı fikirləşir ki, keçən dəfə filan biznesmen deputat olmuşdu, mən də ola bilərəm”.

Ekspertin sözlərinə görə, hər bir halda insanları namizədliyini irəli sürmələrinə görə qınamaq da düzgün olmaz.


Tarix: 26-12-2019, 09:07
Xəbəri paylaş





Xəbər lenti