Korrupsiya haqda miflər

 

“Oğurluğumuz ay işığına düşdü”

(Azərbaycan ata sözü)

İki icra başçısının və bir müavinin korrupsiya ittihamı ilə saxlanması ölkəmizdə korrupsiya temasını növbəti dəfə gündəmə gətirdi, əslində tamam camaatın yadından çıxmışdı. Zarafat eləmirəm, çünki bizdə korrupsiya cəmiyyətin və dövlətin həyat tərzi, yaşayış formamız olubdur. Rüşvətsiz yaşayana idiot kimi baxırlar, beləsi evlənməyə arvad tapa bilmir. Azərbaycan bəlkə də dünyada yeganə ərazidir ki, burada Allaha da, rüşvətə də “haqq” deyilir. Rüşvət bizim tanrımız, korrupsiya inancımızdır. Sözgəlişi, ərəblər islamı qəbul etməzdən öncə bütlərindən birinin adı... Manat olmuşdur. Kaş Məhəmməd peyğəmbər o bütü sındırmasaydı. İndi bütlərimiz sırasında layiqli yerini tutardı.

Ancaq qafiyə papaqdan çıxıbsa məcburuq biz də bu mövzuda bəzi fikirlərimizi yazaq. Əsasən korrupsiya sahəsində camaatımız arasında geniş yayılan mifləri dağıtmaq istəyirəm.

İlk növbədə, rüşvətxorların cəzalanmasının korrupsiya ilə mübarizədə ciddi nəticələr verəcəyinə inam mifinə toxunaq. Əlbəttə, korrupsiya cinayətdir, bunun iştirakçıları mütləq cəzalanmalıdır, ancaq tarix göstərir ki, cəza ilə korrupsiya aradan qalxmır. O cümlədən, dövlət qulluqçusunun maaşını qaldırmaq, həyat tərzini yaxşılaşdırmaq da problemin həlli üsulu deyil. Əsas məsələ korrupsiyanı yaradan mexanizmləri, boşluqları aradan qaldırmaqdır. Elə sistem qurulmalıdır ki, nə rüşvət verməyə, nə rüşvət almağa ehtiyac duyulmasın, məcburiyyət olmasın.

Örnək üçün, Ağstafa hadisəsində icra başçısı hər bir idarədən rüşvət yığıb. Çünki şəffaflıq yoxdur. Dövlət qulluqçularının işə qəbulu, təyinatı məsələsində heç bir ictimai nəzarət, aydın prosedurlar gözlənilmir. O cümlədən, tenderlər məsələsi. Yadınıza salın: baş nazirin birinci müavini işləyən şəxsə tenderlə bağlı sual veriləndə, “buraya ayrılan dövlət vəsaitini hansı şirkət alacaq” soruşulanda “Alabala” cavabını vermişdi, sonra da ordenini alıb, pensiyaya çıxdı. Halbuki tenderlərin qeyri-şəffaflığı, dövlət satınalmalarının gizliliyi əsas korrupsiya mənbələrindən biridir. Buna son qoymasan, hər həftə bir “tatarov” tutsan belə, xeyri yoxdur.

Yaxud bizim korrupsiya ilə mübarizə qanununa görə məmurlar gəlir deklarasiyası verməlidir. Hər il. Vətəndaş da açıq mənbələrə baxıb nazirin, icra hakiminin, prokurorun, rəisin və sairə şəxslərin illik qazancından məlumatlı olmalıdır. Ancaq bu qanun işləmir. Məmurların gəlirləri rəsmi səviyyədə dövlət sirri elan olunub. Hətta bəyənmədiyimiz Rusiyada hər bir vətəndaş məmurların ən aşağısından başlayıb Putinə qədər bütün vəzifəli şəxslərin gəlir, əmlak sənədləri ilə tanış ola bilir.

Bundan başqa, bizdə icra başçısı tutulur, lakin ona rüşvət verən onlarla başqa şəxs kef eləyir. Niyə? Axı qanuna görə rüşvət verən də cinayət məsuliyyəti daşıyır, çünki vəzifəli şəxsi satın almaq istəyibdir və alıbdır. Deməli, dövlət dolayısı ilə “rüşvət verin, kef eləyin” təbliğatı aparır. Məndən olsa, rüşvət verənə alandan daha ağır cəza kəsərdim.

Korrupsiya miflərindən biri də guya Çində rüşvətin kökünün kəsilməsidir. Guya orada ağır cəzalar, rüşvətxor məmurların hətta edam edilməsi ilə korrupsiya aradan qalxıbdır. “Beynəlxalq şəffaflıq” təşkilatının dünyada korrupsiya reytinqi siyahısı var. Orada Çin heç də ön sıralarda durmur, məsələn, 2018-ci ildə 87-ci yerdə idi. 180 ölkə arasında. Düzdür, Azərbaycan Uqanda və Kamerunun arasında 152-ci yeri tutub bizi şərəfləndirmişdir, ancaq hər halda, 87-ci yer də böyük uğurdan xəbər vermir. Səbəb isə Çində korrupsiya ilə mübarizənin daha çox rəsmi şou xarakteri daşıması, real addımlara, mexanizmlərə söykənmədiyidir. Hətta faktlar var ki, Çin hakimiyyəti bu “antikorrupsiya tədbirlərindən” öz siyasi rəqiblərini susdurmaq üçün yararlanır.

Nəhayət, bir tarixi mif SSRİ-də korrupsiyanın guya daha az olması, Stalinin dövründə isə heç olmadığı haqdadır. Kökündən yanlışdır. SSRİ-ni elə korrupsiya yıxdı əslində. Həmçinin Stalin dövründə korrupsiya haqda yüzlərlə sənədli faktlar var. Birini yazım: 1948-ci ildə tək Moskva şəhərində rüşvətxorluğa görə 111 məhkəmə sistemi işçisi həbs edilmişdi. Partnomenklaturanın xalqdan ayrılması və özünə sərvətlər, imtiyazlar əldə etməsinin, xüsusi seçilmiş zümrə sayılmasının əsasını elə Stalin qoymuşdu. Sadəcə, Stalin dövründə siyasi repressiya, qanunsuzluq o dərəcədə şiddətli idi ki, hər hansı xırda rüşvətxor, necə deyərlər, iqtisadi cinayətkar bəlkə “imam övladı” kimi görünürdü. Təki adam öldürməsin, üzə durub səni Sibirə yollamasın. 3 nəfərin hökmüylə (“troyka”), vəkilsiz adam öldürən “məhkəmə”si olan dövlət başçısına necə “korrupsiyadan uzaq”, “təmiz adam” deyirlər? Axı korrupsiyanın bir qolu da elə səlahiyyət həddini aşmaqdır.

Tarix: 26-12-2019, 09:55
Xəbəri paylaş





Xəbər lenti