Qaçqın rayon başbilənləri öncə deputat, başçı davası yox, yurd savaşı aparmalıdır...


Halalı qoyub haramı seçən nəfs tuluqlarının toplumu heç vaxt  nə demokratik seçki keçirə, nə də torpaqlarını azad edə bilər...
3 cümlə ilə bir "quş"...
 
Sultan Laçın


Növbədənkənar parlament seçkiləri barədə qərar veriləndən bəri digər bölgələrdə olduğu kimi, torpaqları 30 ilə yaxındır erməni işğalı altında qalan rayonların sakinləri arasında da artıq media, sosial şəbəkələr və çayxana söhbətləri müstəvisində deputatlığa namizədlərin “təbliğatı”, daha doğrusu, “dartışması”, “çəkişməsi”  kampaniyalarına start verilib...

Və bu “təbliğat” pərdəarxası rüşvət, vəzifə-filan sövdələşmələri, “razborka”ları bir yana,   bəzən çox bayağı, əxlaqsız leksikonla, biri-birini təhqirlə, hədələrlə müşayiət olunur ki, belə söyüşlü-filanlı “kampaniya”  öz torpağında yaşayanlarla yanaşı, daha çox torpağı işğal altında olanlara yaraşmır...

Ayıbdı, vallah, qardaşlar, bacılar, soydaşlar, yurddaşlar, həmdərdlər, gəlin öncə düşmən əlindəki torpaqlarımızın, yurdlarımızın azadlığını tələb edək, Allahın bizlərə bəxş etdiyi enerjimizi, potensialımızı,  maddi sərvətimizi bu yolda xərcləyək;  özümüz, başbilənlərimiz Bakıda, Sumqayıtda, Ağcabədidə, Bərdədə, Gəncədə, Şəkidə... oturub  qaçqın camaatın olan-qalanını qrup, tayfa, “kənd birlikləri” şəklində daha asan talamaq üçün öz “adamlarımız”ı deputat, başçı təyin etdirmək barədə düşünməyək...

P.S. Öncə öz nəfsini, tamahını özünə düşmən bilməyən, xeyirlə şəri, halalla haramı, haqlıyla haqsızı, zalımla məzlumu ayırmaq düşüncəsini itirmiş, halalı qoyub haramı seçən, yalnız özlərinə, övladlarına yüksək maaş, dolayı qazanc,  saxta pensiya, ev, maşın, vəzifə, kreslo, var-dövlət  sevdası ilə sürünən(!) toplum heç vaxt  nə demokratik seçki keçirə, nə də işğal altındakı torpaqlarını azad edə bilər... 

P.P.S. Və əlbəttə,  o da var ki, işi-gücü camaatı soyub özünə, tayfasına haram sərvət  toplamaq olanlar işğal altındakı rayonların başçısı, parlamentdə bircə dəfə “Qarabağ” kəlməsi işlətməyib lal-dinməz oturub, yeyib-dağıtmaqda belə başçılarla şərik olanlar deputat olacaqsa, torpaqlarımızın azadlığından danışmağa dəyməz... 

Belə məxluqların, nəfs tuluqlarının yığnağı bütün parametrlərdə itirə-itirə gedəcək və sonu çox faciəvi görünür... Allah Özü möminləri qorusun, qalanları isə hidayət etsin!..
 
Sultan Laçın
Tarix: 26-12-2019, 13:12
Xəbəri paylaş





Xəbər lenti