Ermənilər dünən yeni qırıcı təyyarələr aldı - Böhran vəziyyəti davam edir...





İrəvanda çoxdan gözlənilən SU30 CM yeni qırıcı təyyarələr artıq ermənilərin aerodromuna enib. Bu barədə Ermənistan MN-in mətbuat xidmətinin rəhbəri Artsuri Ovannisyan internetdə məlumat verib. Nəzərdə tutulan 12 ədəd çoxfunksiyalı qırıcıların ilk 4 ədədi indi, qalan hissəsi 2020-nin ilk günlərində gələcək. 

Paşinyan“misli görünməmiş silahlar” deyəndə ilk növbədə havada üstünlük qazanmaq üçün məhz SU30 CM qırıcılarını nəzərdə tutduğunu qeyd edib.

Rusiya kredit desə də faktiki olaraq Ermənistana silah-sursatı hədiyyə edir. Bu təyyarələr də yalançı kreditlərdən biridir.

Yeni silah almaqdan ruhlanan işğalçı rejimin baş diplomatı Masis Mailyan ermənicə “Azadlıq” radiosuna bildirib ki, Paşinyandan qabaqkı bütün dövlət başçıları torpaq qaytarmaqdan hər zaman bəhs edib, yalnız indiki hakimiyyət bu barədə danışmır.

Paşinyan “Artsax qələbəsi”ni sonadək davam etdirəcəklərini, mənasız danışıqlardan imtina edəcəklərini, bir daha “Madrid prinsiplərini” qəbul etməyəcəklərini bəyan edib.

Heç vaxt Ermənistanın bəyanatlarına adekvat cavab verə bilməyən Azərbaycanın perspektiv mövqeyi yenə də ATƏT-in Minsk Qrupunun 26 illik fəaliyyətinə, daha doğrusu baş aldatması siyasətinə yaxındır. Nəticə verməyəcəyi əvvəlcədən məlum olan danışıqları sonsuza qədər davam etdirmək, Ermənistanın açıq mövqeyi – yəni işğal torpaqlarını heç vaxt qaytarmayacağı ortada olsa da, işğala məruz qalan dövlətin torpaqları azad etmək istəyində olmaması bir sıra suallar doğurur: 

-Ermənistan işğal etdiyi heç bir ərazidən çıxmaq istəmədiyini dəfələrlə bildirdiyi halda sülh danışıqlarının predmeti nədir və Azərbaycan hansı sülhə hazırlaşır?

-Ermənistanın regional layihələrdən kənar qalması ona strateji  təsir etməyib və bu ümidlə düşmənin yumşalmasını gözləməyin heç bir nəticə vermədiyini, əksinə daha çox silahlandığı aydın olsa da nədən düzgün və yeni Qarabağ siyasəti aparılmır?

- Aparılan təbliğata görə bütün sahələrdə üstün olduğumuz halda, Azərbaycan Ordusu bu qədərmi zəifdir ki, hətta heç bir xarici qüvvənin xüsusi reaksiya verməyəcəyini bilə-bilə , yenə də vətən müharibəsi aparmaqdan, torpaqları işğaldan azad etməkdən çəkinir?

Son bir il yarımda Ermənistanın mövqeləri beynəlxalq aləmdə güclənib və balanslı Qərb - Rusiya siyasəti yeritməklə Qarabağ problemini bizim üçün dalana dirəyib. Üstəlik, hərbi gücünü son nəsil qırıcı təyyarələrlə zənginləşdirir. Ermənistanın silahlanması bir daha göstərir ki, işğal etdiyi torpaqlardan geri çəkilməyi deyil, onun uğrunda savaşa hazırlaşır. Qarşı tərəf isə – işğala məruz qalan Azərbaycan, diplomatik və hərbi sahədə o qədər uğursuz duruma düşüb ki, hətta ATƏT-in Minsk Qrupunun üzvləri də təəccüblə fəaliyyətsiliyimizi müşahidə edir. 

Beynəlxalq Böhran Qrupunun son hesabatı da təsdiq edir ki, Azərbaycan apardığı uğursuz siyasət nəticəsində Ermənistan rahat şəkildə məskunlaşmanı davam etdirir və qeyd edirlər ki, bu torpaqlar artıq Azərbaycan üçün “unudulub”. Daha bir uğursuz il sona çatdı və hələ də  Qarabağ siyasəti böhran içindədir. 

Moderator.az-ın Analitik Qrupu
Tarix: 28-12-2019, 14:18
Xəbəri paylaş





Xəbər lenti