Təvazökar bayram


Yaxınlıqda böyük park var, orada hər Yeni il hansısa şəkildə qeyd olunur. Lap qabaq icra hakimi tapşırmışdı, az qala hər otun belinə bəzəkli lent bağlanmış, bütün ağaclara və parkda gəzən ağsaqqallara işıqlı lampalar asılmışdı. Növbəti il lentlərin və lampaların sayında bir qədər azalma tərəfimizdən hiss olundu. Yolkaların da sayı artıq cəmi 4 dənə qalmışdı. Şaxta baba rolunu isə parkın müdiri icra edirdi, süpürgəçilərdən biri də Qar qız olmuşdu. O biri il yolka sayı ikiyə endi, Qar qızın süpürgəsini də yerli sakinlər oğurlayıb apardılar. Nəhayət, bu il park bizi məyus edir. Təsəvvür edin, orada ümumiyyətlə yolka qurulmamışdır! Görəsən onu köhnə icra başçısı oğurlamayıbdır ki? Ancaq dərdimiz bununla bitmir. Artıq parkda yeni ilin gəlişi heç bir atributla gözə girmir. Belə getsə biz milli adətlərimizi unudarıq. Yadlaşarıq. Hər bir uşağın yolka qabağında fotosu olmalıdır. Hər bir uşaq Şaxta babanın saqqalını dartmalı, Qar qızı çimdikləyərək böyüməlidir. Nə olsun qar yağmayıb?

Hərçənd qəlbim mənə deyir ki, Şaxta babanın hədiyyəsinə kasıb xalqların ehtiyacı var, bizdə adamın hədiyyəsini Dövlət baba verir. Özü də oğru kimi bacadan içəri girmir, ürəklə qapını döyür, mədəni şəkildə sənə mehman olur. Əslində bu Şaxta baba və Santa Klaus xarici qara qüvvələrin, düşmən dairələrin vaxtilə bizə sırıdığı yad ünsürlərdir, dinimizə, imanımıza ziddir. Gərək tora düşməyək, öz milli bayramlarımızı qeyd edək. Hamınızı qarşıdan gələn 30 yanvar gömrük işçiləri günü, 2 fevral gənclər günü, 11 fevral vergi müfəttişləri bayramı, 14 fevral hərbi hava qüvvələri günü və 22 fevral avtomobil yolu işçilərinin peşə bayramı münasibətiylə təbrik edirəm. Yəni fikir verirsinizsə, bizdə hər yolun öz bayramı vardır. Hər gün bayramdır. Dəmiryolunda çalışanların bayramı 13 oktyabra düşür. 14 fevralı dünyanın çoxundan fərqli qeyd eləməyimiz isə bizim orduya məhəbbətimizi göstərir.

Qayıdaq bayramın təvazökar qeyd edilməsinə. Ümumiyyətlə, mən fikir verirəm, bizdə islahatların aparılması bütün sferalarda bədxərcliyin, israfın aradan qaldırılması ilə müşayiət olunur. Təkcə işıqçılara bayram münasibətilə 12 pomidor bağışlanmasını nəzərdə tutmuram. (12 müqəddəs rəqəmdir, İsa peyğəmbərin 12 apostolu olmuşdur). Yolka və qarqızların ixtisarı da əsas deyil. Əsas olan xalqın, dövlətin gözünün toxluğu, sadə həyata üstünlük verməyə başlamasıdır. Misal üçün, bizim qonşu itinə Bars adı qoymuşdu, keçən həftə görürəm itin adını dəyişib Toplan çağırır. Yaxud, şəhərdə gedirdin, hər yerdə əcaib adlı restoranlar görürdün. Suşi vorld, Pitsa-misteriya, nə bilim, Monte Kristo-zad... Dünən “20 yanvar”da sadə tıxac üzündən piyada Sumqayıta tərəf qalxıram, baxıram çox qəşəng, milli dəyərlərimizi özündə birləşdirən obyekt açılıb: “Ciyərxana”. Belə də olmalıdır. Xalq öz həyat tərzinə qayıtmalıdır. Səfeh hərəkətlərdən əl çəkmək lazımdır.

Yeri gəlmişkən, elə “Şamaxinka”da təzə yerüstü keçidin son tamamlama işləri gedir ki, bu da bizim yeni təsərrüfatçılığın bariz örnəyidir. Yada salın, qabaqlar, Ziya Məmmədovun və Hacıbala müəllimin vaxtında bizdə yerüstü keçidləri elə tikirdilər sanki La Manş boğazından İngiltərə ilə Fransanı birləşdirən tunel açırıq. Eskalatorlar, mərmərlər, qızıl sürahilər, gümüş pillələr və daha nələr. Hələ o keçidlərin üstünü örtmək hansı ağıllının ağlına gəlmişdi, məlum deyildi. Guya biz küçəyə çıxanda üstü örtülü gəzirik. Nəticədə keçiddə yayda nəfəs almaq olmurdu. İndi isə, şükür, üstü açıq keçid tikilir, eskalator da ixtisara düşüb. İnşallah, növbəti illərdə belə keçidə ehtiyac olan yerlərdə şüvüllər qoyulacaq, camaat tullanıb yolu adlayacaqdır. Bəlkə idmanın bu növü inkişaf edəcək, bizdə “Sergey Bubka”lar, “Yelena İsinbayeva”lar yetişəcəkdir.

Mən özüm də yazının bər-bəzəyini ixtisar edir və bu dəfə epiqraf üçün hər hansı sitat yazmıram.

Tarix: 31-12-2019, 08:57
Xəbəri paylaş





Xəbər lenti