Barbadosla əlaqələr

 

“Çatlayır, Xanbacı, qəmdən ürəyim,

Qavışıb lap acığımdan kürəyim”.

(Sabir)

 

Ötən ilin yekununda brifinq zamanı xarici işlər nazirimiz hörmətli Elmar müəllim Barbados və Namibiya ilə diplomatik əlaqələr qurmağımızdan da danışdı. Sizi deyəmmərəm, şəxsən mən Barbadosla diplomatik əlaqə qurmağımıza çox sevindim. Nəyə görə? Orda ofşor şirkət açmaq asandır, buna görəmi? Yox. Əsasən ona görə ki, Barbadosda yaxşı çimərliklər var, gedib yayda dincələcəyik. Hesablayanda Barbadosda çimmək Novxanıda çimməkdən ucuz çıxır. Hətta bəzi zəhmətkeşlərimiz indiyəcən elə zənn edirdi “Barbados” Novxanıda çimərlik adıdır. Kim bilir, bəlkə Novxanıdakı çimərliyin tarixi daha qədimdir? O qədər oğrular var, biri mahnımızı çırpışdırır, başqası dolmaya göz dikir, ayrısı lavaşa tamah salır...

Uzunluğu 34, eni isə ən enli yerində 23 kilometrə çatan Barbados Amerikada, Karib körfəzində yerləşən bir ada dövlətidir. Yəni, hesablayanda bunun ərazisi heç Ucar rayonu boyda deyil. Əhalisi də Sumqayıta belə çatmır, hardasa 240 min nəfər olmalıdır. Ancaq Namibiya bizə daha yaxın ərazidə yerləşir, doğma Afrikanın cənubundadır. Orda əziz klassikimizdən bizə yadigar qalan buşmen və qottentot tayfaları yaşayır, daim Azərbaycanla diplomatik əlaqələr qurulmasına çalışırdılar. İndi hamısı çox sevinirlər, tayfa başçısı bu münasibətlə hər ailəyə banan hədiyyə etmişdir. Zarafat deyil, kosmosda 3 peyki olan Azərbaycanla diplomatik əlaqə qurulubdur. Sözgəlişi, bəzi savadsız vətəndaşlarımız siyasi terminləri yaxşı anlamırlar, onlar üçün izah edirəm: diplomatik əlaqə o əlaqəyə deyilir ki, bir diplomat pulla xaricə adam göndərirsən, o, da gedir orda dükandan-zaddan açır. Kəlağayı, saz, kilim, paxlava, qaval, zurna aparıb satır, hərdən də asudə vaxtlarında səfirlərin arvadlarını yığıb onlara Topxanadakı armud ağacından danışır.

Elə Bakıda yaşayan zəhmətkeşlərimizi də əsas düşündürən Qarabağ probleminin həllinin ləngiməsidir. Düzdür, möhtərəm nazir o məsələyə də öz çıxışında toxunaraq qeyd etmişdir ki, danışıqların dalana dirəndiyini söyləmək tezdir. Danışıqlar nəticə verməyə bilərmiş, lakin bu o demək deyildir ki, danışıqlar dalana dirənmişdir. Əsas odur danışıqlar davam edirmiş. Əgər danışıqlar davam edirsə, necə deyə bilərik danışıqlar dalana dirənibdir – sitatın sonu.

Həqiqətən də, nə keçib ki? Danışıqların başlanmasını 1994-ün Bişkək (Rəsul müəllimin yeri məlum) protokolundan götürsək, cəmi-cümü 25 il keçibdir. Bizə böyük zaman kimi görünür, ancaq gəlin tarixə baxaq. Hazırda 2020-ci ildir. Bundan 25 yox, 2500 il qabağı götürək. Eləyir eramızdan öncə 480-ci il. Həmin il əhəməni çarı 1-ci Kserks yunanların üzərinə hücuma keçmişdi. Sparta hökmdarı Leonid müəllim 300 döyüşçü ilə Fermopil keçidində onlara qarşı vuruşub qəhrəmancasına həlak olmuş, “3-cü dərəcəli vətənə xidmət” medalı almışdı. Ancaq bununla problem həll edilibmi? Yox. Hələ də Qərb dünyası Qafqazla, əhəmənilərlə, farslarla savaşır, dava bitmək bilmir, elə keçən həftə amerikalılar İraqda farsları bombaladı, bunlar da səfirliyə hücuma keçdilər. (İranda səfirliyə hücumun tarixi ənənələri var – elçi başı kəsib göndərmək ümumən şərqdə, salyanlılar demişkən, “cayıllıqdan” sayılır).

Sözümün canı odur ki, biz Qarabağ danışıqlarının da hardasa 2500-3000 il çəkməyinə hazır olmalıyıq. Darıxmayın. Qətiyyən narahat olmayın. Mən bəzən hiss edirəm millətimiz çox narahatdır, gecələr az yatırlar, hətta 31 dekabr axşamı fişəng və sairə partdadan atışında itirilmiş torpaqlarımızın qayğısı hiss olunurdu. Yeri gəlib, bir söz soruşum: görəsən biz bu vasitələri necə əldə edirik? Bu nə ilahi sirrdir? Axı hər il əlaqədar orqanlar hesabat verirlər ki, filan qədər pirotexniki vasitə müsadirə olundu, behmənkəsin dükanında satış qadağan edildi və sairə. Ancaq yenə baxırsan ordan part, burdan pırt... Hətta bu dəfə metroya da atmışdılar. Bu şey bizim ölkədə istehsal edilmir, demək sərhədi keçib gəlibdir. Bəlkə qaranquşlar dimdiyində gətirir? Bir-iki dənə də deyil. Yeni il gecəsi bütün ölkə sevincindən, üzr istəyirəm, qüssədən partlayırdı.

Təbii, vətəndaşlarımız Barbadosla əlaqələrimizin yaranmasını hələ dərk etmirdi. Anladıqca dərdimiz azalacaqdır.

Zamin HACI
Tarix: 1-01-2020, 21:08
Xəbəri paylaş





Xəbər lenti