Adını hələ bilmirik

 
  "Çayın kənarında uzun müddət gözləsən, düşməninin meyitinin suda axıb keçdiyini görə bilərsən"
(qədim Çin müdrikliyi)

Deyir bir gün bir adam gecə vaxtı küçədən keçəndə iki nəfərin dalaşdığını görür. Yoldaşlar nədənsə hallanıb göydəki səma cisminin Ay, yoxsa ulduz olması üzərində mübahisə edirmişlər. Yolçunu görəndə hərəsi bir yandan bıçağı dirəyir bunun böyrünə, deyirlər sən bizim mübahisəni həll etməlisən, açıqla görək bu göydəki Aydır, yoxsa ulduzdur. Yolçu yoldaş baxır vəziyyət çox xarabdır, Ay desə biri bıçağı soxacaq, ulduz desə o biri. Deyir: "Bilirsiniz, mən əslində buralı deyiləm, sizdə bunun adı nədir bilmirəm".
İndi o baxımdan Azərbaycan XİN-in generalın ölümü münasibətiylə İrana başsağlığı verməsi zəhmətkeşlərimiz tərəfindən alqışlanır. Biz elə vəziyyətdəyik ki, məcburuq İsraillə də dost olaq, İranla da. Amerika ilə burger yeyib üstündən rus arağı içməliyik. Yeməsən, içməsən hərəsi bir cür ağız büzəcəkdir. Doğrudur, bu siyasətin bizə hər hansı xeyri də yoxdur. Qarabağı əlimizdən alıb erməniyə rus vermişdisə, eyni dövrdə yankilər də 907-ci düzəlişlə belimizi qırmışdı. (Bu məqamda Elçibəyin Türkiyəni nəzərdə tutub "Kəlbəcərdən adamları çıxartmağa 4 vertolyot istədim, vermədilər" deməsi də yada düşür və canımız yanır. Gör hələ bu özümüzünküdürsə, yad nə eləyər).
Yeri gəlmişkən, mən bu iki gündə o iranlı general haqda o qədər bir-birinə zidd söhbətlər oxudum ki, çaşıb qaldım. Sanki Polad Alemdarın filminin ssenarisi qarşımda idi. Tipik şərqli, müsəlman nağılları, əfsanələri ola bilərdimi? Yəqin ki. Çün, yazılanların, danışılanların az qala heç birisinin düz-əməlli mənbəyi göstərilmir. Misal üçün, biri yazır ki, Süleymani 1999-cu ildə prezident Hatəmiyə etiraz bəyanatı imzalayan 24 generaldan biri olmuşdur, onlar ordunun tələbə nümayişlərinə qarşı istifadəsini pisləyirmiş. Eyni zamanda, başqa mənbə generalın tələbə nümayişlərinə həddən artıq yumşaq yanaşmamağı, onları basıb əzməyi tələb elədiyini yazır. Yaxud, deyir ABŞ Əfqanıstanda qayda yaratmaq üçün Süleymanidən aldığı xəritədən istifadə edibdir. O cümlədən, general əfqanlarla sərhəddə narkotik trafikinə qarşı mübarizədə ad çıxarıb. Əgər ABŞ Əfqanıstanda doğrudan o xəritə ilə çalışıbsa (açığı, bu lətifəyə gülmək də olardı, lakin dövlətçilik xəttimiz, XİN-imizin açıqlaması bu aralar kədərli görünməyimizi tələb edir), 20 ildə niyə oranın hələ də pis gündə olmağının səbəbi məlum olur. O cümlədən, İranın narkotik trafiki ilə uğurlu mübarizəsi haqda cənub sərhədçilərimizdən münasibət öyrənmək pis olmazdı. Keçən dekabrda bir qaqaş tutmuşdular, qızılgüllərin içində 2 kilo yarım tiryək gətirmişdi, gül kimi işi alınmadı.
Özü də çox maraqlıdır ki, bu ölkələrin hamısında erməni lobbisi güclüdür. ABŞ açıq bu siyasəti aparır, İran isə bir növ örtülü surətdə ermənilərə dəstək verir. İranda beş-on erməninin hörməti milyonlarla türkün hüququndan üstündür. Bu əcaib münasibəti hələ Məhəmməd Əmin Rəsulzadə müşahidə eləmiş, 1909-cu ildə "Tərəqqi" qəzetində yazmışdır: "İran qəribə bir təzad və dərəbəylik ölkəsi olduğundan qanun-qaidəsi yox, zülm və ədaləti bəgənilməz bir dövlət olduğundan, nədən isə ermənilər İranda kəmali-istirahət və azadlıqla yaşamışlar. İran istibdadından bunlar zərrəcə bir zərər görməmiş kəmali-rəfahətlə dolanmışlar".
Sonda beynəlxalq hüquq adlı lətifədən də bir az yazaq. Maraqlıdır ki, bu hüquq ancaq bizim kimi balaca dövlətlərə aid olanda yada düşür, cürbəcür uzun danışıqlara vadar edib bizi soyurlar. Lakin Trampın hansı generaldan xoşu gəlməsə məhkəməsiz-filansız qətl edir. Özü də adamı öldürüb "1 nömrəli terrorçu" elan edirlər. Bəs dünən ayrısı bir nömrə idi axı? Qabağa bu düşdü? Hələ o "milyonlarla amerikalının qanına bais" söhbəti lap karikatur idi. Görəsən Qasım Süleymani bu milyonları harda qırmışdı, dünya xəbərsiz qalmışdı? 2003-dən bəri ABŞ-ın İraqda hərbi itkiləri 4500 nəfəri keçmir. 3 min əsgərdən bir qədər çox da Əfqanıstanda itiriblər. Lap Livan, İsrail, Suriya, bütün Orta Doğuda ABŞ-ın cəmi itkilərini 1980-ci ildən bəri - Süleymaninin hərbi xidmətə başlamasından - hesablasan 10 min nəfəri keçməz. Bəs Tramp bu milyonları hardan çıxarır?
Əlbəttə, o yerdən ki, vaxtilə Buşla Bleyer Səddamın kimyəvi, bakterioloji, nə bilim, əcinnə silahlarını "tapmışdılar". Lukasın filmində deyilən kimi: "Güc səninlə olsun!". Başqa söhbətlər mənasızdır.

Sonda rəhmətlik Murtuz müəllimin Yasir Ərəfatın dəfninə göndərilməsi yadıma düşdü.
Tarix: 5-01-2020, 19:08
Xəbəri paylaş





Xəbər lenti