Pandemiya qədər yayğın və yanlış qənaət: “Heç nə əvvəlki kimi olmayacaq”

 

ABŞ prezidenti Donald Trampdan tutmuş bizim teleaparıcı Mələk Heydərovaya qədər minlərlə adamın dilində bir söz var, deyirlər: “Artıq heç nə əvvəlki kimi olmayacaq”.

Bu sözü ilk dəfə kim dilə gətirib, bilinmir, amma hər kimsə indilərdə ələ keçsə, onu eşşək sudan gələnə qədər çırparlar. Çünki dünyanın dilinə söz salıb və o söz qlobal zəhlətönəlik pandemiyasına çevrilib. Bu neçə gündə, Allah bilir, neçə ton saqqız çeynənib, masa altına, sürahilərə, vaqon qapısına yapışdırılıb, çürüyüb gedib, amma bu söz çeynənə-çeynənə gedir.

“Artıq heç nə əvvəlki kimi olmayacaq”. Bunu çinli virusoloq da deyir, yaponiyalı avtomobilçi də, hollandiyalı ekoloq da, avstraliyalı yanğınsöndürən də, yunanıstanlı qayıqçı da, rusiyalı atom fiziki də, türkiyəli dönərçi də, israilli həkim də, isveçli alim də, fransalı deputat da...

“Heç nə əvvəlki kimi olmayacaq”. Bəs necə olacaq, ey başbilənlər, biləndarlar?

Yəni daha Braziliyada, İspaniyada, İngiltərədə, Almaniyada futbol oynamayacaqlar? Stadionlara minlərlə azarkeş gəlməyəcək? Mərc kontorlarında bəhs qoyuluşları edilməyəcək?

Bəlkə ərəb şeyxzadələri qəflətən gözü-könlü tox bəndələrə çevriləcəklər, daha 200 minlik avtomobillərinə 2 milyonluq nömrə alıb, təşəxxüs satmayacaqlar, Hollivuddan gecəsi 1 milyona “quş” gətirməyəcəklər?

Ya da şimal ölkələrinin alkoqol həvəskarları əvvəlki kimi spirtli içkiləri beş-beş alıb, mədələrində əhəng söndürürmüş kimi çappa stəkanla tuluqlarına tökməyəcəklər?

Ola bilər, doğrudan da heç nə əvvəlki kimi olmayacaq, Fransa dövləti heç vaxt zalım, haqsız, amma güclü aqressorların yanında yer almayacaq, indən belə ədalətli olacaq, “erməni soyqırımı layihələri”ni 3 dəfə ard-arda tanımaq şakərindən əl çəkəcək. Ola bilərmi?

Rusiya daha yaxın qonşularına diş qıcamayacaq, Donbasdan, Krımdan çəkiləcək, Abxaziya, Osetiya, Qarabağ münaqişələrinin ədalətlə tənzimlənməsinə yardımçı olacaq?

O biri superdövlətlər də daha burunlarını və raketlərini balaca dövlətlərin ərazisindəki bazalarına soxmayacaqlar?
Çin daha başqa ölkələrin elmi-texniki, hərbi, eləcə də məişət texnologiyalarına dair nailiyyətlərini kopyalamaqdan əl çəkəcək, orijinal məmuatla istehsal edəcək?

Hindistan, Pakistan və Banladeşdə gücü yalnız şeyə... demoqrafik partlayış təşkil etməyə çatan kasıblar bir ailədə 10 uşaq əkib-doğmaq vərdişlərini tərgidəcəklər, ya da rezin sənayesini inkişaf etdirəcəklər?

Əslində arada özüm də quşqulanıram ki, heç nə əvvəlki olmayacaq, məsələn, ən azı superdövlətlər ağıllanacaqlar, yeni-yeni nüvə başlıqlı ballistik raketlər yaratmayacaq, öz kimyəvi, bioloji silahlarını da ləğv edəcəklər.

Hətta ola bilər ki, cinsi azlıqlara münasibət də dəyişəcək, ya azlıqlar çoxluğa çevriləcəklər, ya da bəzi geridəqalmış ölkələrdə kişi azlıqlara “petux”, qadın azlıqlara “çərhəya çəhrayı” deməyəcək, onları alçaltmayacaqlar. Elə onlar da yəqin ki, əvvəlki kimi olmayacaqlar, daha təvazökar olacaqlar, azlıqdırlar deyə başqalarını aşağılamayacaqlar.

Bu gedişlə daha Kolumbiya və Əfqanıstanda da əvvəlki kimi olmaz, kokain, heroin, ekstazi və başqa bu cür zir-zibillər istehsal edib dünya bazarına çıxarmazlar. Çətənə plantasiyalarının yerinə kartof əkərlər.

Öz ölkəmizə gələk, yəqin ki, heç nə əvvəlki kimi olmayacaq, nə rüşvət alan olacaq, nə korrupsiyaya qurşanan, nə də haram pullarla məşhur qadınlardan ibarət məşuqələr, ikinci, üçüncü arvad saxlayanlar olacaq. Daha ölkənin ən əxlaqsız adamları TV ekranlarından millətə əxlaq dərsi verməyəcəklər, abırlarına qısılacaqlar, “buna bizim haqqımız yoxdur” deyəcəklər. İşverənlər, torbatikənlər baş töhməti olan peşələrindən əl çəkəcək, qürurlu vətəndaşlar olacaqlar... Küçələrdə tıxac olmayacaq, avtoxuliqanlar maşın oynadaraq camaatın başına oyun açmayacaqlar...

Yəni doğrudan da heç nə əvvəlki kimi olmayacaq? İnanmaq çətindir. Məncə, heç kəs ümidini saz eləməsin. Qoy koronavirus pandemiyası bitsin, hər şey əvvəlki kimi olacaq. Hamı işinə qaldığı yerdən başlayacaq. Yenə müasir qullar körpü altına yığışacaqlar, salonlar (hamısı), barlar yenə işləyəcək, mərdiməzarlar yenə adama rast olacaqlar və s.

Amma keşkə, Tramp deyən yox, Mələk Heydərova deyən olaydı, pis işlər xüsusunda heç nə əvvəlki kimi olmayaydı.

 

Tarix: 11-04-2020, 17:03
Xəbəri paylaş





Xəbər lenti