"Əsrimizin Novruzəlisi və koronavirus" - Elnur Məcidli Fransadan yazır

 

Mənə ən çox soruşulan və yazılan sual, korona virusun olub-olmaması yaxud bu pandemiyanın yaratdığı fəsadlarla bağlıdı.

Təəssüf ki, bu pandemiyaya hələ də barmaqarası baxan bir KÜTlə var.

Bu tip insanlara əsrimizin Novruzəliləri də demək olar, Şeyx Nəsrullahları da.

Bu insanlar, ancaq öz ailələrində koronavirusa yoluxub, faciəvi vəziyyətlə üzləşənlər olsa inanacaqlar.

Bu, kifayət qədər ciddi sosioloji problemdir.

Məhz, burada oxuyanla oxumamışın, ziyalımilə bayağının, aqil ilə cahilin fərqi ortaya çıxır.

Sadəcə, tv kanallarındakı informasiyaların olduğunu, kimlərinsə bizi yönləndirmə cəhdi olduğunu iddia edənlərə desəniz ki, koronaviruslarla yoluxmuşlarla görüşə gedin, boyun qaçıracaqlar.

Məhz, bu cür məsuliyyətsiz insanlara görə yoluxmaların sayı artmaqdadır.

Bir misal verim,

Cəbhə xəttində atəşkəsin pozulmasını, əsgərlərimizin şəhid olmasını eyni tv kanallarından öyrənib üzülürsünüz.

Aprel döyüşləri də yəqin ki yadınızdadır, biz xəbərləri kütləvi informasiya vasitələrindən alırdıq.

Ancaq inanırdıq və müharibədə əldə etdiyimiz üstünlük bizim hər birimizi sevindirirdi, lakin şəhid sayısı artdıqca üzülürdük.

İndi də, həmin vəziyyətdir.

Bu dəfə pandemik müharibənin içindəyik.

Düşmən atəş açmadan, gözə görünmədən bədənimizə daxil olur, hərarətimizi artırır, bizi öz əsgəri halına gətirir, yaxınlarımıza keçmək üçün bizdən istifadə edir.

Azərbaycanda koronavirus hələ inkubasiya dövrünü yaşayır, yoluxmaların sayı nə qədər az olarsa, bir o qədər az ölüm olacaq.

Ola bilsin ki, sağlamlığı yerində olan 6 milyon əhali bu virusla döyüşdə qalib çıxacaq, yerdə qalan, müəyyən xəstəlikləri olan 4 milyonu heç düşünmüsünüzmü?!

Yaşlıları, ananızı, atanızı, babanızı, nənənizi məhz sizin yoluxdura biləcəyinizi düşünürsünüzmü?

Hər şeyin anidən, birdən olması, evlərə tıxılmağımız qəribə gələ bilər, reallıq hisslərimiz qarışa bilər, bu prosesi sorğulaya bilərik, bütün bunlar təbiidir.

Lakin müzakirə apararkən, fikir bildirərkən, qeyri-rasionallıqdan qaçınmalı, komplo teoriyalarına, konspiroloji nəzəriyyələrə sığınmamalı, hansısa əsası olmayan, mənşəyi bəlli olmayan bir uydurma fikrə inanmamalı və başqalarına reallıq olaraq sırımamalıyıq.

Bu cür şeylər həm baş qarışıqlığı, həm də fikir qarışıqlığı yaradır və ictimai panikanı tətikləyir.

Elmə inanmalıyıq və güvənməliyik.

Elm adamlarının, alimlərin, həkimlərin gəldiyi nəticə bizim üçün əsas olmalıdır.

Bunun başqa yolu yoxdur.

Fransada karantin rejimi elan ediləndə (17 martda) artıq 7000 insan koronavirusa yoluxmuşdu!

Azərbaycan Respublikasının qurumları, bu məsələdə daha çevik tərpəndi və daha tez önləm alınmağa başlandı.

Bəlkə də, ondandır ki, siz hələ də koronavirus pandemiyasının öldürücü gücünə kifayət qədər inanmırsınız.

İndi evdə qalmaqdan şikayət edənlərin bu gün işlədiyini fərz edək.

Koronavirus yayılmaqda olmasına baxmayaraq hər gün normal olduğu kimi səhər işə getdiyinizi, gün ərzində işlədiyinizi düşünün.

İş yoldaşlarınızla münasibətiniz necə və hansı formada olacaqdı?

Bir iş yoldaşınız öskürsə, qızdırmalı işə gəlsə ona necə reaksiya verəcəkdiniz?

Onu özünüzdən, kollektivinizdən uzaq tutmağa cəhd etməyəcəkdinizmi?!

Bax budur əsas məsələ.

İndi evdə paranoyak vəziyyətdə olanların bir də işlədiyinizi düşünün.

Bu işdən nə məhsul, nə keyfiyyət gözləmək olardı, əksinə yoluxmaları sürətləndirəcəkdi.

Bizim iş yerimizdə martın ilk həftəsi bir qadın iş yoldaşımız öskürürdü deyə kollektiv az qalsın onu özündən kənarlaşdırırdı, həmin qadın xəstəxanada koronavirus testindən keçdikdən sonra virusa yoluxmadığı ortaya çıxdıqda belə onunla sosial məsafəni qoruyan işçilər az deyildi.

Yaxud başqa bir iş yoldaşımı da, qızdırmalı və öskürən immiqrantla təmasda olduğu üçün, digər iş yoldaşım öz bürosuna buraxmamış maska taxmasını istəmişdi.

Təbii ki, işləyən heç kim yoluxmaq istəmirdi, əks halda öz ailəsini, uşaqlarını yoluxdurma riski olacağını bilirdi.

Buna görə dövlət qurumlarında fəaliyyəy minimuma endirildi, vətəndaşların və immiqrantların qəbulu dayandırıldı.

Buna əsas səbəb, işçilərin yoluxma qorxusu idi.

Alınan önləmlər kefdən alınmır, məcburiyyətdən alınır.

Ölkələrin iqtisadiyyatına, şirkətlərin, holdinqlərin büdcəsinə böyük zərbə dəyir, lakin öz vətəndaşlarını, işçilərini qorumaq daha prioritet məsələdir.

Bu pandemiyayla ciddi mübarizə aparılmasa, sosial partlayışa, anarxiyaya, dağıntıya gətirib çıxara bilər.

Dövlətlər və hökümətlər bunu görür, trilyonluq iqtisadi itkilərə baxmayaraq özünü izolasiya yolunu seçir.

Mən koronavirusa yoluxan və bununla boğuşan bir neçə nəfər tanıyıram.

Bir afrikalı immiqrant qadın özü və uşağı bu virusa yoluxub və reanimasiyadılar.

Yaxud, Paris ətrafında restoran işlədən bir türk tanışım, keçən həftəyə qədər qızdırması və öskürəyi olmasına baxmayaraq xəstəxanaya getməyə qorxurdu, lakin bu həftə təcili tibbi yardım onu aparmalı oldu, indi koronavirus diaqnozu ilə reanimasiyadadı.

Fransa prezidenti Emmanuel Macronun sabah xalqa 4-cü dəfə müraciət edəcəyi və karantin rejiminin 10 maya qədər uzadılacağı gözlənilir.

Məktəblərin sentyabr ayına qədər bağlı qalacağı ehtimal olunur.

Fransada karantin rejimi öz nəticəsini verməkdədi, yoluxanların sayının qısa müddətdə azalacağı ehtimal olunur, bununla yanaşı, ölənlərin sayı 15 minə yaxınlaşıb. 6800-dən çox insan hələ də reanimasiyadadı.

Kim nə deyir desin, ilk öncə özünüzü, ailənizi və yaxınlarınızı qoruyun.

Qoruyun ki, sonra gec olmasın.

 

Tarix: 13-04-2020, 10:26
Xəbəri paylaş





Xəbər lenti