Müalicəyə tabe olmayanı kəsib atmağın zamanı çatıb - Maraqlarımızı qorumaq üçün...

Müalicəyə tabe olmayanı kəsib atmağın zamanı çatıb - Maraqlarımızı qorumaq üçün...
“Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”. 
 
Bu müraciət, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında video-formatda çıxışının yekun hissəsindəndir. 44 günlük müharibədən sonra bölgədə yaranan yeni reallığın hər kəs tərəfindən nəzərə alınmasını vurğulamaqla, dövlət başçısı Ermənistana bu gün də dəstək verən beynəlxalq qüvvələrə cadəcə mesaj vermədi, bu həm də məlum qüvvələrin yanlış yolda olduğunu xatırlatmaq idi.  Ermənistanın düşdüyü vəziyyətin əsil səbəbinin “ qonşularına qarşı qanunsuz və əsassız iddiaları” olduğunu vurğulamaqla, ermənilərin dünya ictimaiyyətini çaşdıran “əzabkeş erməni xalqı” obrazına aldanmamağı, bu dövlətin siyasətinin, bu millətin ideologiyasının əsasında özgə torpaqlarına iddialarının olduğunu bildirdi. 30 il aparılan işğalçılıq siyasətinə son verildiyini və bundan sonra da “sülhün alternativinin olmamasını dərk etmək üçün” beynəlxalq aləmin, daha dəqiqi bu dövlətin havadarlarının qəyyumluq etdikləri dövləti başa salmasını nəzakətlə nəzərlərinə çatdırmış oldu. Və sonda daha konkret ünvanlar göstərdi. Ermənistanın ağır məğlubiyyətini sinirə bilməyib, onu birbaşa silahlandıran Rusiyaya və dolayısı ilə revanşizmə səsləyən Fransa və digər yaxın, uzaq dövlətlərə səslənmiş oldu. 
 
Faktiki olaraq dövlət başçısı bu gün Azərbaycan dövlətinin hələ də nəzarət etmədiyi, separatçı rejimin və ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya silahlı qüvvələrinin nəzarətində olduğu ərazilərdə mövcud status-kvonun da müvəqqəti olduğunu və beynəlxalq hüquqla, BMT tərəfindən tanınmış bu torpaqlarda ərazi bütövlüyümüzün təmin olunacağını da vurğuladı. 44 günlük müharibənin bitməsinin ildönümü ərəfəsində səslənən bu çıxış, Azərbaycanın yaxın gələcəkdə Qarabağ siyasətinin yeni mərhələsinin başlanacağına işarə kimi qəbul oluna bilər. Eyni zamanda deyilənlər bu günə qədər aparılan səbrli siyasətin bir sərhədinin olacağının beynəlxalq aləmə çatdırlması kimi dəyərləndirilə bilər. 
 
Azərbaycan ətrafında baş verən hadisələrin və proseslərin müəyyən gərginlik yaratmasının mərkəzində də, məhz Qarabağdakı mövcud status-kvonun dayandığı reallıqdır. Vəziyyətin istər yerli, istərsə də xarici siyasi şərhçilər tərəfindən təhlillərini analiz edəndə hiss olunur ki, hər kəs Qarabağ istiqamətində vəziyyətin yenidən dalana dirənməsinin işartılarını görür və ya görmək istəyir. İrəli sürülən nəticələr əsasən bu cür qiymətləndirilir:”Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinə son qoymaq üçün vəd edilmiş hərtərəfli sülh müqaviləsi yoxdur. Sərhəd problemi də həll olunmur, ATƏT-in Minsk Qrupu susur, çünki Bakı və İrəvan fərqli mövqedədirlər”. Bu reallıq olsa da, perspektiv üçün heç bir məntiqə uyğun gəlmir. Beynəlxalq hüququn verdiyi haqla qalib olmuş dövlətin, bu hüququ pozan və nəticədə məğlub olan dövlətin mövqeləri eyni cür ölçülə bilməz. Ona görə də bəzi beynəlxalq qüvvələrin son vəziyyətə münasibəti yanlışdır və sülhə xidmət etmir.
 
Bu gün Rusiya ilə Azərbaycan arasında bir soyuqluq varsa, səbəb ermənilərdir, səbəb Qarabağın bir hissəsində hələ də separatçı rejimin mövcudluğu və onun dəstəklənməsidir. Əgər üçtərəfli razılaşmanın Rusiyadan asılı olan bəndləri həyata keçirilməsə, bu soyuq münasibətlər ermənilərin xüsusi canfəşanlığı ilə daha da sərtləşə bilər. Diaspora, erməni kilsəsi və erməni xüsusi xidmət orqanları bu məqamda yalnız Azərbaycan- Rusiya münasibətlərinin pisləşməsinə çalışır və nəticəsindən yararlanmaq istəyir. 
 
Bu gün İranla soyuq  və hətta gərginləşən istiqamətdə olan münasibətlərin səbəbkarı ermənilərdir, onların hələ də Qarabağın bir hissəsinə nəzarət etməsidir. Əgər ərazi bütövlüyümüz de fakto tam həll olsaydı, İran qanunsuz şəkildə yüklərini bizim sərhəddən keçirib separatçılara çatdırmazdı. Doğrudur, Rusiyanın da İranın da Azərbaycana olan siyasətində tarixən formalaşmış  başqa çalarlar, detallar var və bu gün də davam edir, amma bizim şimal və cənub qonşularımız tərəfindən ermənilərin alət olaraq ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi bu münasibətlərin başlıca bəhanəsidir. Bu bəhanəni, bu təzyiq vasitəsini birdəfəlik həll etmədikcə Rusiyanın da, İranın da Azərbaycana qarşı siyasətində onlar baş rolda olacaqlar və bizim maraqlarımız daim gərginlikdə, hətta təhlükədə olacaq. Müalicəyə tabe olmayanı apendesit kimi kəsib atmaq lazımdır. Yəni, Xankəndi və ətrafı ilə bağlı siyasətimizin zaman müddətini uzada bilmərik. Bunun üçün bütün daxili və xarici imkanlarımızı təhlil edib qardaş Türkiyə ilə bərabər güclü diplomatiyaya keçməyin vaxtıdır. 
 
İlham İsmayıl

Tarix: 24-09-2021, 21:52
Xəbəri paylaş





Xəbər lenti