Koroğluşünas partiya sədrinə qarşı çıxdı: - “Çox axmaq fikirdir”


“Əlimizdə olan Koroğlu obrazı erməni mətnlərindən götürülüb. Koroğlu, Babək kimi qəhrəmanlar varlılara qarşı mübarizə aparıblar”.

Bu sözləri Yenisabah.az-a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri qeyd edib ki, sinfi cəmiyyət yaratmadığımıza görə varlılara qarşı mübarizə aparan obrazları özümüzə qəhrəman etməməliyik:

“Koroğlu haqqında Təhmasibin yazdıqlarını oxuyaq. Azərbaycanda Koroğlunun mətnləri erməni tarixçi Avetisyanın tarix kitabından götürülüb, şeirləri də başqa bir erməniyə aid kitabdan götürülüb. Və bu adam Azərbaycan xalqının qəhrəmanıdır. Gülməli şeylərdir”.

Filologiya elmləri doktoru, dosent Füzuli Bayat partiya sədrinin fikirlərinə qarşı çıxıb. Koroğluşünas Cebhe.info-ya açıqlamasında Koroğlu obrazının erməni mətnlərindən götürülməsi ilə bağlı səsləndirilən fikrin “çox axmaq fikir” olduğunu deyib:

“Bu, nə deməkdir? Nə qədər məntiqsiz, elmsiz fikirdir? Tamamilə yalandır, əksinə, burada fərqli şeylər var. “Koroğlu”nun heç olmasa çapdan çıxmış formasını oxumadan özlərindən, haradan ehkam kəsirlər, başa düşmürəm?! Belə şəxslər Azərbaycan “Koroğlu”sunu doğru-düzgün oxumayıblar. Təhmasibin tərtib etdiyi “Koroğlu”nu oxuyublar. Koroğlu obrazı haqqındakı mətn yalnız köçürülmə və əlavələr edilmə yolu ilə ermənilər arasında yayılıb”.

Koroğluşünas dastanın 17 türk xalqı içərisində yayıldığını deyib:

“Bundan başqa gürcü, ərəb, fars, kürd və ermənilərin arasında da “Koroğlu” dastanının variantı var. Bunların hamısının kökü türklərin “Koroğlu” dastanına dayanır.Yəni “Koroğlu” türk dünyasının ortaq dəyəridir. Bunun haqqında qədim əlyazmalarda məlumatlar verilib. Düzdür, Heredot bunu skiflərə bağlayır. Skiflərdə at südündən düzəldilən qımızı başqalarına verməmək üçün onu düzəldən adamların uşaqlarının gözləri kor edilirdi ki, sirri başqasına verə bilməsinlər. Erməni əsilli aşıq “Koroğlu”nun Azərbaycan variantını 1912- ci ildə ermənicəyə tərcümə edib. Əsərin özündə də deyilir ki, bu kitab Azərbaycan aşıqlarının danışdığı “Koroğlu” dastanının erməni dilinə çevrilmiş variantıdır. Hətta həmin kitabdakı mətnin özü erməni, şeirlər isə türk dilindədir. Çünki şeiri çevirə bilməyiblər, ya da erməni aşıq çevirmək istəməyib”.

Həmsöhbətimiz bildirib ki, həm Azərbaycan, həm Orta Asiya, həm də Anadolu variantında Koroğlunun savaşdığı millətlərdən biri ermənilər olub:

“Əsərdə bir erməni obrazı var, hətta Koroğlunun onunla savaşaraq onu öldürüb. Erməninin bəzirganlığa, yəni ticarətə hiylə qatması, alış- verişi düzgün aparmaması sonda Koroğlu ilə arasında münaqişə yaranmasına, nəhayət, qəhrəmanın onu öldürməsinə səbəb olur”.

Füzuli Busat bildirib ki, “Koroğlu” dastanlarında qəhrəmanın konfliktdə olduğu obrazlardan biri məhz ermənilərdir:

“Deyək ki, biz obrazı ermənilərdən götümüşük, bəs özbəklər, qaraqalpaqlar, türkmənlər? “Koroğlu” dastanının ən az həcmdə yazılmış forması Azərbaycan variantıdır. Özbəklərdə “Koroğlu” 55, türkmənlərdə 8 dastan, uyğurlarda 1, amma çox böyük həcmdədir. Çindən başlayaraq Balkanlara qədər türk dünyasında geniş yayılmış dastanının qəhrəmanı -Goroğlu, yəni məzarın oğlu deyilərək dəyişən obraz necə ola bilər ki, ermənilərdən bizə keçib? Türk millətinin öz qabiliyyəti yox idi ki, ermənilərdən obrazı alsın? Ermənilərin şifahi ədəbiyyatı zəif olub. Erməni xalqının ümumiyyətlə, epik ənənəsində dastan yoxdur. Bir dastanları var, o da sünidir. 1960-70- ci illərdən sonra “Koroğlu” dastanındakı şeirlərin bir hissəsini erməni dilinə tərcümə etməyə çalışdılar. Koroğlu bütün türk dünyasının dastanıdır. Tək Azərbaycanı desək yalnış olar”.

Füzuli Busat əlavə edib ki, xalqlar bu dastanı öz dillərinə çevirərək, özlərinəməxsus əhvalatlarla zənginləşdiriblər:

“Korğlunun ermənilərlə əlaqəsi yalnız tərcümə ilə bağlıdır”.
Tarix: 26-10-2021, 22:53
Xəbəri paylaş





Xəbər lenti