Dövlət ölənlərdən vergi borcunu alır, öz borcunu isə “unudur”


Dövlət ölənlərdən vergi borcunu alır, öz borcunu isə “unudur”

Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Azərbaycanda ölmüş hesab edilmiş şəxsin vergi borcunu onun varisi ödəyəcəyi ilə bağlı sosial şəbəkələrdə mübahsəli müzakirələr yer almaqdadır. Ölmüş şəxsin vergi borcunun hansı qaydalarla varisinin ödəməsi haqqındakı dəyişikliyə reaksiya birmənalı deyil.
Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələlik bu, qaunvericilik təşəbbüsüdür:
“Nəzərdə tutulan dəyişiklik vergi borcunun əmlak hissəsinə aiddir. Yəni dünyasını dəyişmiş insanların əmlakla bağlı vergi borcu qalacaqsa, bunun onun varisləri tərəfindən ödənilməsi məcburiyyəti gündəmə gətiriləcək. Əvvələr bu məhkəmə yolu ilə mümkün idi. İndi isə məhkəməyə ehtiyac qalmayacaq. Vergi qanunvericiliyinə ediləcək dəyişikliklərlə vətəndaş həmin ödənişi etmək məcburiyyətinə olacaq. Əvvələr də olmuş mexanizm hazırda qanunvericiyə salınır. Burada önəmli məsələ paralel olaraq həyatını dəyişmiş insanların varislərinə Dövlət Sosial Müdafiə Fondunda yığılmış vəsaitə çıxışın əldə edilməsi hüququnun verilməsidir.
Əgər vergi borcu ilə bağlı məsuliyyət yaranırsa, həmin məsuliyyətlə bərabər dünyasını dəyişmiş insanların Fondda yığdığı vəsaitə varisi tərəfindən asanlıqla çıxış əldə etmək hüququ da verilməlidir. Buna qadağa yoxdur, amma mexanizmlər qəlizdir. Bəzi hallarda mümkünsüz olur, illərlə proses uzanır. Asan mexanizm hazırlamaq lazımdır ki, varis DSMF- da yığılmış vəsaiti çox asan müraciət forması ilə bunu əldə edə bilsin. Vəsaiti əldə etdikdən sonra vergi borclarının və digər borcların da ödənilməsi üçün imkan yaranacaq”.
Ekspert bildirib ki, həyatını dəyişmiş insanın əmlakla bağlı icarə müqaviləsi varsa, icarə müqaviləsinə görə 14 faiz vergi ödənilməlidir:
“Həyatını dəyişmiş şəxsin icarə müqaviləsi varsa, 14 faiz qalıq qalırsa, dövlət büdcəsinə borc yaranırsa, varisi tərəfindən neçə ay ödənilməyibsə, bunun üçün ödənilmək hüququ verilir. Həmçinin, alqı- satqı prosesləri və digər daşınmaz əmlakla bağlı əməliyyatlar zamanı vergi öhdəliyi yaranarsa, bunu varisin ödəməsi qərara alınacaq. Daha düzü, qanunvericilikdə olan dəyişiklik bunu nəzərdə tutur. Bu, hələlik təklifdir, ola bilər ki, Milli Məclsin plenar iclas zamanı bəzi dəqiqləşdirmələr aparılsın”.
Natiq Cəfərli deyib ki, sözügedən məsələ ilə bağlı verilən xəbərlər kifayət qədər yayğın cümlələrlə ifadə olunub. İnsanların necə deyərlər, “kafası qarışıb”:
“Vergi borcunun hansı formada hesablanacağı, həmçinin güzəştlər, ödənişlərin müddəti ilə bağlı suallar da var. Bu kimi suallar hələki cavablandırılmayıb. Düşünürəm ki, plenar iclasda həmin məsələ müzakirəyə çıxarılarkən deputatlardan normal təkliflər eşidəcəyik. Daha aydın şəkildə mətn ortalığa çıxacaq. Hazırkı mətn yayğındır. Vəfat etmiş şəxsin Dövlət Sosial Müdafiə Fondundakı pulundan varisi yararlanmalıdır. İndiki təklifdə isə bu əksini tapmayıb. Dövlət olaraq vətəndaşın boynuna məsuliyyət qoyulursa, varisə imtiyazlar da verilməlidir. Bu, daha ədalətli olardı”.
Natiq Cəfərli əlavə edib ki, əgər varis vergi borclarını ödəməyəcəksə, məhkəmə qərarı ilə onun əmlakına həbs qoyula, leqal gəlirləri varsa, həmin gəlirlərdən tutulma qərarı da çıxarıla bilər: “Bu, kifayət qədər ciddi məsələdir və varis üçün əlavə problemlər yaradacaq”.
Tarix: 4-11-2021, 21:54
Xəbəri paylaş





Xəbər lenti