“Azərbaycanın hesabına qazanılmış milyonları yad ölkələrə yatırmaq vicdansızlıqdır...”

“Azərbaycanın hesabına qazanılmış milyonları yad ölkələrə yatırmaq vicdansızlıqdır...”
"Azərbaycanlı oliqarxların xarici ölkələrdəki hesabları, yaxtalarıyla bağlı məsələlər  mütləq araşdırılmalıdır..."
"Açığı, işğaldan azad olunmuş ərazilərin bərpasıyla  bağlı ümidlərim dövlət başçısı tərəfindən nümayiş etdirilən siyasi iradəyədir...”
 
"Son aylarda neftin qiymətində yaranan fərq artıqlamasıyla imkan vermirdimi ki, biz nə rüsumları artıraq, nə qazın, nə suyun, nə də elektrik enerjisinin qiymətini qaldıraq?.."
 
“Azərbaycanın 50  milyarda yaxın  qızıl valyuta ehtiyatları olduğu halda manatın devalvasiyaya getmək absurddur və buna heç bir halda yol vermək olmaz...”
 
“Rüsum və tarifləri artırmaqla iqtisadi inkişafa nail olmaq cəhdi qeyri-peşəkar idarəetmənin göstəricisidir...”
 
Moderator.az-a müsahibəsində Azərbaycandakı  mövcud iqtisadi-sosial durumu ümumi şəkildə xarakterizə edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov  2020-ci ildən bəri suyun və enerji daşıyıcılarının, qazın, elektrikin qiymətlərindəki artımla bağlı ərzaq və digər malların xeyli bahalaşmasının əhalinin güzəranına təsiri, eləcə də bir sıra dövlət rüsumlarında gözlənilən artımların gerçək iqtisadi proseslərə əsaslanıb-əsaslanmaması və s. ilə bağlı mülahizələrini bölüşüb, manatın devalvasiyası barədə proqnozlarını səsləndirib. Həmsöhbətimiz həmçinin hazırda  korrupsiyanın, kölgə iqtisadiyyatının Azərbaycandakı iqtisadi və maliyyə proseslərinə təsirindən bəhs edib, mövcud iqtisadi idarəçilik fonunda işğaldan azad torpaqlarımıza Böyük Qayıdışın perspektivlərini dəyərləndirib.
 
- Elşad müəllim, Azərbaycandakı mövcud  iqtisadi-sosial durumu necə xarakterizə edərdiniz?
 
- Bütövlükdə ölkə iqtisadiyyatına çox yüklü xarici təsirlər mövcuddur.  İlk növbədə dünya iqtisadiyyatındakı böhran və ayrıca inflyasiyanın kəskin şəkildə artması Azərbaycan iqtisadiyyatına inflyasiyanın praktiki olaraq idxal olunmasını şərtləndirir. Və biz görürük ki,  ölkə əhalisi günbəgün bu qiymət artımı ilə üz-üzə qalır. Eyni zamanda əgər büdcə göstəricilərinin icrasına baxsaq, onlar icra olunur. Ölkə iqtisadiyyatı bütövlükdə  idarə olunan formada inkişaf edir. Həmçinin sosial layihələr reallaşdırılır,  əməkhaqqılarının ödənilməsi, sösial ödənişlərlə bağlı hansısa bir  ciddi ləngimələr yoxdur. Yəni ümumən iqtisadiyyatda  sabitlik qorunur. Lakin qeyd etmək lazımdır ki, bir tərəfdən, xarici iqtisadi təsirlər çox güclüdür. Digər tərəfdən də gündən-günə mürəkkəbləşən iqtisadi çağırışlar kontekstində Azərbaycanda mütərəqqi idarəetmə qərarlarının  qəbul edilməsinə  böyük ehtiyac var.  Bir sıra istiqamətlər üzrə, deyərdim ki, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi  tələb olunur...
 
- 2020-ci ildən, eləcə də bu ilin əvvəlindən bəri Azərbaycanda ərzaq və digər mallar xeyli bahalaşıb, xüsusən suyun və enerji daşıyıcılarının, qazın, elektrikin qiyməti artırılandan  və maaş və pensiyaların qaldırılacağı haqda xəbərlər yayılandan sonra qiymətlərdə tədrici, qəpik-qəpik bahalaşma daha da intensivləşib. Bu da xalqın imkansız kəsimində xeyli narazılıq yaradıb. Görəsən, bu artımlar yalnız hansısa real xarici təsirlərdən və daxildəki gerçək iqtisadi zərurətdən yaranıb, yoxsa burada qeyri-adekvat iqtisadi siyasət, eləcə də inhisarçılıq, korrupsiya, möhtəkirlik kimi subyektiv amillərində rolu var?.. 
 
- Azərbaycandakı iqtisadi proseslərə, o cümlədən qiymət artımına xarici iqtisadi təsirlər danılmazdır. Bunu  etiraf etmək lazımdır. O da var ki, biz inflyasiyanı idxal edirik. Faktiki olaraq idxaldan asılılıq çox yüksək səviyyədədir. Və istehlak bazarında bu idxaldan asılılığın yüksək olması bizi kəskin çağırışlarla üz-üzə qoyur.  Amma digər tərəfdən, idxaldan asılılığın  yüksək olması iqtisadi siyasətdəki problemlərlə bağlıdır... 
Azərbaycan  kifayət qədər həm təbii, həm əmək resurslarına, həm də  potensial kapitalın, o cümlədən sənaye kapitalının inkişafı imkanlarına malik olan bir ölkədir. Və ölkə əhalisinin  məşğulluğunun artımı nöqteyi-nəzərindən, sosial vəziyyətin yaxşılaşdırılması baxımından, həm də yerli istehsalın formalaşması üçün kifayət qədər böyük potensial var.  Əgər biz idxaldan asılılığımızın azaldılmasını effektiv şəkildə həyata keçirə bilsək, bununla ölkəyə inflyasıyanın idxalının qarşısını xeyli dərəcədə ala bilərik... 
 
Təəssüflər olsun ki, beynəlxalq qurumların tövsiyələri ilə Mərkəzi Bank və hökumətin iqtisadi bloku son qəbul etdiyi qərarlarla, hesab edirəm ki, bir sıra problemlərin daha da dərinləşməsinə şərait yaradır. Məsələn, Mərkəzi Bank pul-kredit siyasətini bir qədər də sərtləşdirib, uçot dərəcəsini artırıb.  Bunu da başa düşdüyümüz qədər onunla əsaslandırır ki, biz inflyasiya ilə mübarizə aparırıq. Halbuki, inflyasiyanı Azərbaycana xaricdən gətiririk. Biz burada - Bakıda daxili bazar üçün uçot dərəcəsini artırmaqla inflyasiya ilə necə mübarizə apara biləcəyik? Məgər  bizdə, əhalidə, iqtisadiyyatda artıq pul kütləsi var ki, siz pul kütləsini sıxmaqla, azaltmaqla inflyasiya ilə mübarizə aparırsınız? Yəni bu gün qeyri-adekvat qərarların qəbul olunmasını, sözsüz ki, dəstəkləmirəm.  Və hesab edirəm ki, eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var. Bank sektoru burada öz rolunu oynamalıdır.  İqtisadiyyat investisiyaların vasitəsilə inkişaf etməlidir. Dünya  iqtisadiyyatında, iqtisad elmində bunun üçün başqa bir düstur yoxdur. Sizin ümumi iqtisadiyyatınızda investisiya azalırsa,  iqtisadiyyatda hansı artıma nail ola bilərsiz?..
 
Bir sözlə, hesab edirəm ki, iqtisadi sahədə kəskin  şəkildə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasına ehtiyac var.  Bir tərəfdən, yerli istehsal inkişaf etməlidir. Bunun üçün investisiyalar artırılmalıdır. Digər tərəfdən, təbii inhisarlar dondurulmalıdır. Suyun, qazın, elektrik enerjisinin qiymətlərinin artımı məsələsi ən azı 3 illik dondurulmalıdır. 3 il təbii inhisarlar sabit şəkildə işləməlidir. Və bununla biz ölkə iqtisadiyyatına investisiyaların axınına şərait yarada bilərik. Təsəvvür edin, əgər bir iş adamı sərmayə qoymaq istədiyi hər hansı bir ölkədə üç aydan sonra tariflərin hansı səviyyədə olacağını  bilmirsə, oraya investisiya yatırarmı?  Bu, reallıqdır. Ona görə də hesab edirəm ki, valyuta məzənnəsi necə sabit saxlanılırsa, tariflər də sabit saxlanılmalıdır. Və eyni zamanda ölkədə investisiyaların həcmi kəskin şəkildə artırılaraq birbaşa investisiyaların ümumi daxili məhsula nisbəti, heç olmasa, 30 faizə çatdırılmalıdır.  Əgər Azərbaycan hökuməti, Mərkəzi Bank bu hədəfləri reallaşdırsa, düşünürəm ki, dövlət başçımız tərəfindən hökumət qarşısında, bank sektoru qarşısında qoyulan problemlər xeyli dərəcədə həllini tapar...
 
-Son günlər bir sıra dövlət rüsumlarında da artım olacağı haqda informasiyalar gündəmdədir. Xaricdən gətirilən mobil telefonlara ödənilməli rüsumlar,  eləcə də daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi və s. üçün tutulan dövlət rüsumlarının məbləğinin artırılacağı gözlənilir. Məsələ bu günlərdə parlamentdə müzakirə olunacaq. Bunu necə şərh edərdiniz?
 
-Bəzi dövlət rəsmilərinin mediada belə bir tezislərinə rast gəldim ki, guya bir sıra dövlət rüsumlarının artırılması büdcəyə 100 milyon manatdan artıq vəsaitin daxil olmasına şərait yaradacaq. Amma bu gün Azərbaycan nefti dünya neft bazarında təqribən 90 dollara yaxın qiymətə satılır. Eyni zamanda, çox güman ki, neftin qiyməti bizim büdcədə hələ 2022-ci ildə də 40-45 dollardan müəyyən ediləcək. İndi sual olunur: son aylarda neftin qiymətində yaranan fərq artıqlamasıyla imkan vermirdimi ki, biz nə rüsumları artıraq, nə qazın, nə suyun, nə də elektrik enerjisinin qiymətini qaldıraq. Yəni bilirsiz, bütün bunlar iqtisadi cəhətdən rahat şəkildə  əsaslandırıla bilər. Ona görə də hesab edirəm ki, rüsum artımıyla, tarif artımıyla  iqtisadi inkişafa nail olmaq çox çətin məsələdir. Bu, hökumətin ən son variantı olmalıdır. Əgər rüsum, yaxud tarif artımı üçün hansısa dövlət qurumu Tarif Şurasına müraciət edirsə, demək, həmin qurum hazırkı Azərbaycan iqtisadiyyatının imkanlarını nəzərə almır. Çünki həmin imkanların qarşısında tarif artımına, rüsum artımına getmək qeyri-peşəkar idarəetmənin göstəricisidir. Ona görə də hesab edirəm ki, biz mütləq şəkildə iqtisadi siyasətdə investisiya, innovasiya tutumlu iqtisadi inkişafa yönəlik bir qərar qəbul etməliyik, strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modeli tətbiq etməliyik. Və bizim illik 5-7-8 faizlik iqtisadi artıma nail olmamız üçün Azərbaycan iqtisadiyyatında tam şəkildə potensial imkanlar mövcuddur...    
 
-Manatın  növbəti devalvasiyaya uğrayacağı haqda qeyri-rəsmi informasiyalara münasibətiniz necədir?
 
-Hesab edirəm ki, manatın devalvasiyası üçün heç bir əsaslı, fundamental səbəb  yoxdur.  Azərbaycanda manatın məzənnəsi  Mərkəzi Bank tərəfindən müəyyən olunur. Fikrimcə, ölkədə  üzən məzənnə yoxdur və yaxşı ki, yoxdur. Çünki  üzən məzənnənin tətbiqi çox ciddi problemlərə səbəb ola bilər. Mərkəzi Bankın bu istiqamətdəki fəaliyyətini dəstəkləyirəm. Azərbaycanda  manatın məzənnəsi sabit saxlanılmalıdır. Tətbiq olunan valyuta məhdudiyyətləri bir qədər də genişləndirilməlidir ki, Azərbaycandan iri həcmli valyuta axınının qarşısı alınsın və manat sabit saxlanılsın. Bunun müəyyən mənfi nəticələri də var. O nəticələr xeyli  dərəcədə onunla izah olunur ki, bizim qeyri-neft sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarımız:  Rusiya, Türkiyə, İran və Gürcüstanda valyutalar devalvasiyaya uğradı. Amma  biz tərəziyə qoymalıyıq. Yəni valyutamızın sabitliyi bizə hazrkı iqtisadi  şəraitdə dəfələrlə daha çox vacibdir, nəinki bizim əsas ticarət tərəfdaşlarımızdakı devalvasiyalar... Çünki əgər valyuta məzənnəsi sabit olmasa, bütün investisiya prosesi, ölkə iqtisadiyyatında artımla, iqtisadi inkişafla, sosial siyasətlə bağlı olan çağırışlar və  onların adekvat cavablandırılması, bütün bu  məsələlər çox ciddi risk altına qoyulacaq.  Ona görə də manatın məzənnəsi sabit şəkildə saxlanılmalıdır. Ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutanı xeyli dərəcədə üstələyir. Belə olan halda, eyni zamanda Azərbaycanın 50  milyarda yaxın suveren qızıl valyuta ehtiyatları olduğu halda manatın məzənnəsinin  dəyişməsinə, devalvasiyaya getmək, hesab edirəm ki, absurddur və buna heç bir halda yol vermək olmaz... 
 
-Bildiyiniz kimi, artıq 10 ildən çoxdur, yəni 2011-ci ilin yanvarından bəri ölkə başçısı Azərbaycanda korrupsiyaya qarşı rəsmən mübarizə elan edib. Lakin bu müddət ərzində bir sıra tədbirlər görülsə də, həbslər, işdən azadetmələr və s. baş versə də,  ölkədə rüşvətxorluq və korrupsiya öz mövcudluğunu nəzərə çarpacaq dərəcədə qoruyub saxlayır.  Sizcə, hazırda  korrupsiyanın, kölgə iqtisadiyyatının Azərbaycandakı iqtisadi və maliyyə proseslərinə təsiri nə qədərdir?
 
-Öncə onu  deyim ki, doğrudan da korrupsiya ilə mübarizə nöqteyi-nəzərindən müsbət trendlər mövcuddur.  Eyni zamanda hesab edirəm ki,  bütövlükdə ölkə iqtisadiyyatının ağardılması istiqamətində çox işlər aparmalıyıq... Həmçinin qanunvericiliyə vacib dəyişilklilkıər edilməlidir. Ölkədən kapitalın qaçışının,  faktiki olaraq iqtisadiyyatın sütununa zərbə vuran kapital çıxarışının qarşısı  mütləq şəkildə  alınmalıdır. Bu, ən böyük problemlərdən biridir. Təəssüflər olsun ki,  müxtəlif  beynəlxalq müstəvilərdə hansısa azərbaycanlı oliqarxların hansısa xarici ölkələrdəki hesabları, yaxtalarıyla bağlı məsələlər qaldırılır. Bu işlər mütləq araşdırılmalıdır və korrupsiya ilə mübarizə, sözsüz ki, 300-500-1000 manatlıq məsələlər ətrafında deyil, daha çox  milyonlar ətrafında qurulmalıdır. Ona görə ki, bu gün Azərbaycanda, təəsüflər  olsun ki, ölkənin sərvətləri, gəlirləri hesabına xeyli dərəcədə  zənginləşən oliqarx məmurlar iqtisadiyyatımıza ciddi zərbələr vururlar. Bilirsiz, düşünürəm ki, bu, artıq vicdansızlıqdır ki, Azərbaycanın, bu dövlətin, bu xalqın hesabına qazandıqları vəsaitləri belə,  heç olmasa, investisiya şəklində öz ölkələrinə, yəni Azərbaycana yatırmırlar. Əksinə, ölkədən çıxarıb hansısa başqa bir ölkənin iqtisadiyyatına yatırırlar. Bunu  mən cinayət kimi dəyərləndirirəm və hesab edirəm ki,  qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliklər edilməlidir.  Və bu kimi hallarla effektiv mübarizə aparılmalıdır.  Təsəvvür edin ki, bu milyardlarla vəsait Azərbaycan iqtisadiyyatında dövriyyə etsəydi, bizim bu gün ümumdaxili məhsulumuz bəlkə də iki dəfə indikindən çox olardı... 
 
-Elşad müəllim qeyd etdiyiniz hazırkı qeyri-peşəkar iqtisadi idarəçilik fonunda işğaldan azad torpaqlarımıza Böyük Qayıdışın perspektivlərini necə dəyərləndirirsiniz? Belə bir durumda buna tezliklə nail ola biləcəyikmi?
 
-Açığı, işğaldan azad olunmuş ərazilərin bərpasıyla  bağlı ümidlərim dövlət başçısı tərəfindən nümayiş etdirilən siyasi iradəyədir. Yeri gəlmişkən,  Prezident özü də çıxışlarında qeyd edib ki, Azərbaycanda yeni iqtisadi idarəetmə modelinə ehtiyac var. Və mən çox inanıram ki,  necə ki, dövlət başçısı xarici siyasətdə və torpaqlarımızın azad olunmasında bu cür nailiyyətlərə imza atdı, ölkədə yeni iqtisadi idarəetmə modeli də reallaşdırılacaq. Və yalnız o halda biz işğaldan azad torpaqlarımızda rəqabət qabiliyyətli, yüksək texnoloji tutumlu iqtisadi sistem qura bilərik.  Sözsüz ki, bu iqtisadi sistem yalnız o əraziləri əhatə etməyəcək, bütövlükdə ölkədə tətbiq ediləcək. Və bununla Azərbaycanın dünya iqtisadiyyatında  xammal ölkəsi kimi deyil, çox yüksək texnoloji tutumlu istehsalı reallaşdıra biləcək və ixrac edə biləcək ölkə kimi mövqeləşməsini təmin edə biləcəyik...
Tarix: 5-11-2021, 09:27
Xəbəri paylaş





Xəbər lenti