İndi də şprist dərdi başladı: Milyarderlər yenə nə düşünür?


İndi də şprist dərdi başladı: Milyarderlər yenə nə düşünür?

Tibbdə xəstəlikləri müalicə edərkən dərman preparatlarının əzələ və vena daxilinə yeridilməsi üçün uzun müddət təcrübələr aparılıb. Məhz inyeksiya üçün şprislər 19-cu əsrin ortalarında yaradılıb. İlk şüşə şprislər 1954, birdəfəlik steril şprislər isə 1956-cı ildə icad edilib.
Əlbəttə, bu zamanadək olan şprislər mükəmməl deyildi, şprislərin yenidən istifadəsi xəstəlikləri, virusları sağaltmaqla yanaşı, onların yayılmasına da yol açırdı. İnfeksiyalar şpris vasitəsilə yayılırdı. Hazırda dünyada koronavirus pandemiyası davam edir və virusun qarşısının alınması üçün dünyada insanlar kütləvi şəkildə peyvənd olunurlar. Ümumdünya Səhiyyə Təşkilatının peyvənd üçün real şpris çatışmazlığı ilə bağlı açıqlaması şprislərin təkrar istifadəsi mövzusu gündəmə gətirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedman deyib ki, dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə bu çatışmazlıq özünü göstərə bilər.
ÜST rəsmisi Cenevrədə keçirdiyi brifinqdə deyib ki, bu çatışmazlıq dünyada peyvəndlənmə prosesinin ləngiməsinə səbəb ola bilər. 2021-ci ildə COVID-19-a qarşı 6,8 milyarddan çox peyvənd edilib ki, bu da digər xəstəliklər üçün adi peyvəndlərin sayından demək olar ki, iki dəfə çoxdur. Belə ki, koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi şprislər digər xəstəliklərə qarşı peyvəndlə müqayisədə iki dəfə çox lazımdır.
"Çatışmazlıq şprislərin təkrar istifadəsinə gətirib çıxara bilər ki, bu da çox təhlükəli təcrübədir", - baş məsləhətçi əlavə edib. Mütəxəssislər deyirlər ki, dünya əhalisinin 70-80 faizi peyvənd olunduğu halda COVID-19 pandemiyası bitə bilər. Belə olduqda illik istehsal olunan şpris sayından dəfələrlə çox şprisə ehtiyac yaranacaq.
Şprislərin təkrar istifadəsi isə təcrübələrdən də göründüyü kimi, virusların, eyni zamanda digər xəstəliklərin yayılmasına zəmin yaradır. Bəs necə etməliyik? Bu dəfə xəstəlik şprislə yayılacaqmı?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən həkim-farmakoloq Aydın Əliyev hazırkı şprislərin təkrar istifadəsinin yolverilməz olduğunu deyib:
“Pandemiya ilə əlaqədar cürbəcür hadislərin baş verməsi gözlənilir. Mən ritorik bir cavab vermək istərdim. Dünyanı bu vəziyyətə salan milyarderlər, trilyarderlər, dünyanı idarə edənlər nə üçün adi bir şprisin də təkrar istifadəsini düşünürlər? Keçmişdə şüşədən şprislər var idi, onu həkimlər qaynadıb, sterilizə edib, təkrar istifadə edirdilər. Amma indiki plastik şprislər birdəfəlik istifadə üçündür. Onların təkrar istifadəsi qəti şəkildə düzgün deyil. Bu prosesi dünyada idarə edənlər, zəhmət çəksinlər saxladıqları pulu şpris istehsalı üçün xərcləsinlər ki, bu problem olmasın. Plastik şprisləri yenidən necə istifadə etmək olar? Bunları qaynatmaq və müəyyən yollarla təmizləmək mümkün deyil. Şüşə şpris də plastiklərdən bahadır. Ümumiyyətlə, şprislərdən təkrar istifadə infeksiyanın yayılmasında əsas vasitələrdən biri olacaq”.
Tarix: 15-11-2021, 09:21
Xəbəri paylaş





Xəbər lenti