Rusiyanın vasitəçiliyi ilə atəş dayandırılıb

47 ölkədən ibarət Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç noyabrın 16-da Azərbaycan və Ermənistan arasında münasibətlərə dair bəyanat verib:
“Mən Ermənistan və Azərbaycan arasında davam edən və artıq insan itkisinə səbəb olmuş insidentlər barədə xəbərlərdən dərin narahatlıq keçirirəm. Avropa Şurası adından hər iki tərəfi yenidən başlanmış döyüşlərin dərhal dayandırılmasına çağırıram”
Xanım Peyçinoviç-Buriç xatırladıb ki, təxminən iyirimi il bundan əvvəl şuraya üzv olarkən Ermənistan və Azərbaycan aralarındakı münaqişəni dinc yollarla həll etmək barədə öhdəlik götürmüşdülər.
Avropa Şurasının baş katibi bəyanatında habelə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib.
İran beynəlxalq sərhədlərə ehtiram etməyə çağırıb
Iran Azərbaycan-Ermənistan sərhədində baş vermiş son toqquşmalarla bağlı narahatlıq ifadə edib və hər iki tərəfi təmkin göstərməyə, ixtilafları dialoq vasitəsilə həll etməyə çağöırıb.
Noyabrın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, Tehran keçmişdə olduğu kimi inid də tərəflər arasında fikir ayrılıqlarının həllində və regionda sülh və stabilliyin bərpa olunmasında kömək etməyə hazırdır.
Sözçü əlavə edib ki, bütün ölkələr beynəlxalq aləmdə tanınmış sərhədlərə ehtiram göstərməlidir.
Rusiya Azərbaycan və Ermənistan arasında atəşəkəs elan olunduğunu bildirir
Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə telefon söhbətindən sonra iki tərəf arasında atəşkəs elan olunub.
RIA Novosti agentliyi Rusiya MN-ə istinadən bildirir ki, “bu telefon danışıqlarının ardınca Azərbaycan və Ermənistan tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün tədbirlər görüblər:
“Hazırda Kilsəli dağı ərazisində gedən döyüş əməliyyatları dayandırılıb, vəziyyət normallaşdırılıb və nəzartət altındadır”.
Bundan əvvəl Şoyqu Azərbaycanın və Ermənistanın müdafiə nazirləri Zakir Həsənova və Suren Papikyana zəng etmişdi.
Azərbaycan Türkiyə müdafiə nazirləri də danışıb
Türkiyə milli müdafiə naziri ilə Azərbaycan müdafiə naziri arasında da telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu söhbət noyabrın 16-da gerçəkləşib:
“General-polkovnik Z.Həsənov (Azərbaycan Müdafiə naziri) Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.”
Açıqlamaya görə, Türkiyə milli müdafiə naziri Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi Azərbaycanın yanında olduğunu deyib.
Rusiya və Azərbaycan müdafiə nazirləri danışıb
Rusiyanın müdafiə naziri azərbaycanlı həmkarına zəng edib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) noybarın 16-da məlumat yayıb.
Nazirlik bildirir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan müdafiə naziri Zakir Həsənova zəng edib:
“Telefon danışığı əsnasında Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib. S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.”
İlham Əliyev Şarl Mişellə sərhədəki vəziyyətdən danışıb
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə noyabrın 16-da Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib:
“Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün (noyabrın 16-ı) baş verib.”
Bildirildiyinə görə, dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb:
“Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib”.
Ermənistan 12 erməni hərbçinin əsir götürüldüyünü bildirib
Ermənistanın Müdafiə Nazirliyi 12 erməni hərbi qulluqçunun Azərbaycan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun nazirliyin məlumatına istinadən bildirir ki, əsir götürülənlərdən 7-si müqaviləli, 5-i isə müddətli xidmət hərbçiləridir.
Azərbaycan XİN: ‘Ermənistan sərhədlərin delimitasiyasında maraqlı deyil’
Noyabrın 16-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir:
“Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”
XİN hesab edir ki, Ermənistanın keçmiş müdafiə nazirinin bu yaxınlarda Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri, hərbi təyinatlı müşavirələr keçirməsi və başqa məsələlər onların vəziyyəti gərginləşdirmək istəyindən xəbər verir:
“… Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Kəlbəcər və Laçın rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir”.
Açıqlamaya görə, bütün bunlar habelə onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı deyil:
“Bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Azadlıq radiosu
Tarix: 17-11-2021, 08:23
Xəbəri paylaş





Xəbər lenti