“Sərhədləri tanımırsınızsa, hansı sərhədi pozmaqda ittiham edirsiniz?” - Ekspert



"Ermənistanda böhran xaosa çevrilib. Müdafiə Nazirliyində çaşqın dəyişiklik, sərhəddə uğursuz təxribatlar, kadr çatışmazlığı və məğlubiyyətdən doğan digər məlum proseslər millət və dövlət olaraq erməniləri dalana dirəyib".
"AzPolitika.info" xəbər verir ki, bunları təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Ermənistanda cərəyan edən prosesləri şərh edərkən bildirib. Onun sözlərinə görə, müxalifətin və cəmiyyətin bir hissəsinin təzyiqi nəticəsində 9 noyabrda Moskvada gözlənilən görüşdən imtina edən Baş nazir Nikol Paşinyan sərhədlərin müəyyənləşməsi haqqında imzalanacaq sənədin hakimiyyətin mövqelərini sarsıdacağından və müxalifətin bundan sui-istifadə edəcəyindən ehtiyat etdi. "Bu ehtiyatlılıqda real tərəflərin olduğu açıq hiss olunurdu. Nə erməni cəmiyyəti, nə müxalifət Azərbaycanın sərhədlərini tanıyan sənədin imzalanmasını istəmirlər. Nəticədə bu gün sərhəddə baş verənlər ermənilər üçün daha acınacaqlı oldu - həm canlı qüvvə itirdilər, əsir düşdülər, həm də zəif olduqları bir daha təsdiq olundu", - ekspert qeyd edib.
İ.İsmayıl bildirir ki, yeni müdafiə naziri ilə kiçik də olsa uğur qazanmaq məqsədilə sərhəddə döyüş təxribatına yol verildi, amma təxribat bumeranq olub Ermənistanın özünə dəydi: "İndi bir tərəfdən könüllülərə çağırış elan edilir, digər tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ, Rusiya, İran səfirləri ilə təcili görüşlər keçirib Azərbaycanı sərhədi pozmaqda ittiham edir. Hansı sərhədi? Əgər düşmən sərhəd tanıyandırsa niyə Moskva görüşündən imtina etdilər? Armen Qriqoryan Amerika səfirinə indi sərhəddə baş verənlərin Ermənistanda demokratiyaya zərbə olduğunu deyib, ABŞ-ın qarşısında əzabkeş obrazını yaratmağa çalışır, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı iş görməyə hazır olduqlarını, amma bunun Qarabağın statusuna aidiyyatı olmadığını da vurğulayır. Elə Paşinyan hakimiyyətini hər vəchlə istefaya göndərmək istəyən müxalifət də sərhədlərin müəyyənləşməsinə qəti etiraz edir. Elə isə yenə təkrar edirik: sərhədləri sovet xəritələri əsasında tanımaq istəmirsinizsə, hansı prinsipə, hansı xəritəyə əsaslanıb Azərbaycanı sərhəd pozmaqda ittiham edirsiniz?”.
Tarix: 17-11-2021, 16:03
Xəbəri paylaş





Xəbər lenti